Təlimdə geri qalan şagirdlərlə işin təşkili | |
Məktəblərdə müəllimlər əksər hallarda mövzunu yaxşı mənimsəyən, fəal şagirdlərlə işləməyə daha çox üstünlük verirlər. Sinifdənxaric, məktəbdənkənar tədbirlərdə belə şagirdləri irəli çəkir, onların intellektual potensiallarından, bilik və bacarıqlarından daha çox faydalanırlar. Bu da öz növbəsində bir sıra mənfi hallara, pedaqoji prosesin tələblərinin pozulmasına yol açır. Sinifdə zəif oxuyan şagirdlərin təlim marağı daha da zəifləyir, onlar tədris prosesindən, sinifdənxaric və məktəbdənkənar tədbirlərdən geri qalırlar. Əslində isə müəllim dərsi elə təşkil etməlidir ki, sinifdə fəal öyrənmə mühiti yaransın, proses bütün şagirdləri əhatə etsin. Belə olduğu halda dərs sinfi bütünlüklə əhatə etməklə, şagirdlərin marağı ilə qarşılanır.
Təlimdə geridə qalan şagirdlərlə işin sistemli təşkili müəllimdən pedaqoji ustalıq, şagird şəxsiyyətinə, onun mənəvi-psixoloji, ailə vəziyyətinə, arzu və istəklərinə, dünyagörüşünə yaxından bələdlilik tələb edir. Mən öz iş təcrübəmdə bu cəhətə xüsusi önəm verir, şagirdlərimin tədris hazırlığı səviyyəsini mütəmadi olaraq yüksəltməyə çalışıram. Müəllim olaraq mənim bu istiqamətdə öz iş prinsipim, şagirdlərə pedaqoji-psixoloji yanaşmam vardır. Bu işləri aşağıdakı kimi sistemləşdirə bilərəm:
- Dərs prosesində maraqlı tarixi faktları əks etdirən filmlərə, sənədli xronikalara və s. baxış; - Şagirdləri mütəmadi olaraq ekskursiyalara aparmaq, gördüklərini qeyd etdirmək və onun əsasında esse, məlumat hazırlamağı tapşırmaq; - Müəyyənləşdirilmiş qrafik əsasında təlimdə geri qalan şagirdlərlə məşğələlər keçmək; - Təlimdə geri qalan şagirdləri mütəmadi olaraq sinifdənkənar tədbirlərə cəlb etmək, onlara həmin tədbirlərdə məsul vəzifələr tapşırmaq; - Ədəbi-bədii kompozisiyalar, “dəyirmi masa”lar, bilik yarışları, viktorinalarda təlimdə geri qalan şagirdlərin iştirakını təmin etmək; - Təlimdə geri qalan şagirdlərin psixoloji gərginliklərini aradan qaldırmaq üçün müxtəlif həvəsləndirici, maraqlandırıcı situasiyaların yaradılması; - Təlimdə geri qalan şagirdlərin valideynləri ilə sistemli olaraq maarifləndirici tədbirlərin təşkil olunması, onların ailə vəziyyətinin öyrənilib, lazımi pedaqoji-psixoloji dəstəyin verilməsi; - Asudə vaxtın səmərəli təşkili.
Şagirdlərin təlimdə geridə qalmasının səbəbləri müxtəlif olur. Ailə mühiti, şagird yoldaşlarının kimliyi şagirdin mənəvi-psixoloji durumuna ciddi təsir edir, müxtəlif problemlərin, komplekslərin yaranmasına yol açılır. Odur ki, bir müəllim olaraq şagirdlərimin dərsdənsonrakı davranışlarını diqqətdə saxlayır, ailə vəziyyətləri ilə sistemli olaraq maraqlanıram. Çalışıram ki, valideynlərin övladlarının təliminə ciddi yanaşmasına, onları daim nəzarətdə saxlamağa nail olsunlar.
Şagirdlərimin təlim geriliyinin aradan qaldırılmasında təşkil etdiyim əlavə məşğələlər də önəmli rol oynayır. Bu zaman şagirdin hər birinə fərdi yanaşma imkanı əldə edir, mövzunun daha mükəmməl mənimsənilməsinə nail oluram. Fərdi yanaşmanın yalnız əlavə məşğələlərdə deyil, dərs prosesində də tətbiqi müsbət nəticələr yaradır.
Qeyd etdiyim kimi, şagirdin təlim geriliyinin əsas səbəblərindən biri də ailə mühitidir. Bəzən valideynlər müxtəlif bəhanələr gətirərək, övladlarının təlimi ilə maraqlana bilmədiklərini söyləyirlər. Unudurlar ki, övlada qarşı bugünkü laqeydlik onun gələcək həyatı üçün mənfi nəticələrə yol açacaqdır. Belə ailələri nəzarətə götürür, onları mütəmadi olaraq məktəbə dəvət edir, dərslərdə iştirak etmələrinə şərait yaradıram. Bu, bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, şagird valideyninin məktəbə gələcəyini bilib dərslərinə ciddi hazırlaşır. İkincisi, valideyn digər şagirdlərin yaxşı oxuduğunu, yaxşı oxuyan şagirdlərin valideynlərinin rəğbətləndirildiyini görüb öz övladının da yaxşı oxumasına, onun təlimi qayğısına qalmağa başlayır. Pedaqoji təcrümdə bu kimi hallarla kifayət qədər qarşılaşmışam. Buradan belə bir qənaətə gəlmək mümkündür ki, valideyn - məktəb - şagird üçbucağının pedaqoji-psixoloji tələblər səviyyəsində təşkili şagirdin təlim geriliyinin aradan qaldırılmasında stimuldur.
Şagirdlərin təlim geriliklərinin aradan qaldırılması yollarından biri də sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkilidir. Bu kimi tədbirləri məhz şagirdlərin arzu və istəkləri səviyyəsində təşkil etməklə, təlimdə geri qalan şagirdlərin təşkilatçılığına xüsusi diqqət yetirirəm. Hiss edirəm ki, belə məqamlarda zəif oxuyan şagirdlər öz məsuliyyətlərini dərk edir və tapşırılan işə ciddi yanaşırlar. Təşkil olunan bu kimi tədbirlərdən sonra şagirdlərə öz müşahidələrini ümumiləşdirib esse, məlumat yazmağı tapşırıram.
Şagirdlərlə mütəmadi olaraq keçirdiyim “dəyirmi masa”lar da təlimdə geri qalanların fəallaşdırılması baxımından əhəmiyyətli rola malikdir. Bəzən belə tədbirlərin aparıcılığı məhz zəif oxuyan şagirdlərə həvalə olunur. Bu da onlarda təlim uğurlarına yol açan özünəinam, sağlam rəqabət hissinin yaranmasına imkan verir. Etiraf edim ki, bu kimi tədbirlər vasitəsilə fəallaşdırılan neçə-neçə şagird sonradan ən yaxşı oxuyanlar cərgəsinə qoşulub.
Tarix müəllimi kimi məktəbdə mütəmadi olaraq maraqlı tədbirlər təşkil edirəm. Bu tədbirlər ayrı-ayrı tarixi, ədəbi qəhrəmanların həyatına, keçdikləri ömür yollarına həsr olunur. Bu tədbirlərdə baş rollar əsasən zəif oxuyan şagirdlərə tapşırılır. Bu kimi tədbirlər yalnız təlim marağının təmin olunmasına deyil, eləcə də şagirdlərin vətənpərvərlik hisslərinin yaranmasına, onların mənəvi keyfiyyətlərinin, vətəndaşlıq amallarının formalaşmasına da təkan verir. Onlar milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin, yaxşı təhsil almaqla böyük uğurlar əldə etmiş alimlərin, ziyalıların obrazlarını məharətlə canlandırır, onları qürurla ifa edirlər. Hiss edirəm ki, onlar bu tədbirlərdə iştirak etmək, böyük tarixi şəxsiyyətlərin obrazlarını canlandırmaqla əsaslı şəkildə mənəvi təsirə məruz qalırlar. Bu təsir onları təlimə marağa, vətəni sevməyə, xeyirxah, mərhəmətli olmağa, gələcəyə nikbin ruhda baxmağa, bir sözlə, hərtərəfli inkişafa həvəsləndirir.
Qeyd edim ki, dərslərimi əsasən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi şəraitində qururam. Mövzuya müvafiq olaraq Azərbaycan filmlərindən göstərdiyim maraqlı kadrlar, musiqi parçaları, tarixi faktlar şagirdlərin diqqətini cəlb edir, pedaqoji prosesin elmi, metodiki cəhətdən səmərəli qurulması təmin olunur. Maraqlı keçən dərs fonunda zəif oxuyan şagirdlər belə prosesə diqqət kəsilir, mövzunu öyrənməyə meyil göstərirlər.
Şagirdlərin təlimə marağının təmin olunmasında, təlimdə geriliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayan amillərdən biri də asudə vaxtın səmərəli idarə olunmasıdır. Müasir informasiya-kommunikasiya dövründə şagirdlər öz asudə vaxtlarını daha çox kompüter önündə keçirməyə, şəbəkə oyunlarından istifadə etməyə üstünlük verirlər. Bu isə, əlbəttə ki, intellektual inkişafa müsbət təsir göstərmir. Şagirdləri sistemli mütaliəyə cəlb etməklə həm onların asudə vaxtlarının səmərəli keçməsinə, həm intellektual inkişaflarına, həm də təlimə maraqlarının təmin olunmasına imkan yaradıram. Mütaliənin səmərəliliyini, onun təlim keyfiyyətinin yüksəldilməsinə təsirini daha da artırmaq üçün keçilən mövzu, zaman, insan şəxsiyyətinin xarakterizəsi baxımından mükəmməl əsərlərin oxunmasına üstünlük verirəm. Sonra bu əsərlər təhlil olunur. Təhlil zamanı şagirdlərin oxuduqları əsərləri daha çox sosial, mənəvi aspektdən araşdırmalarına, təhlil etmələrinə, onun sosial-psixoloji mahiyyətini meydana qoymalarına çalışıram.
Bütün şagirdlərin iştirak etdiyi bu kimi tədbirlərdə şagirdlər öz çıxışları ilə bir-birilərini öyrədir, fikir mübadiləsi aparırlar. Belə müzakirələrdə sağlam rəqabət yarandığını müşahidə edirəm. Onu da müşahidə edirəm ki, təlimdə geri qalan şagirdlər də müzakirələrə ciddi şəkildə hazırlaşır, maraqlı fikirlər səsləndirirlər. Bu kimi tədbirləri, ümumlikdə dərslərimin ayrılmaz tərkib hissəsi hesab edirəm. Biz şagirdlərimizlə iştirak etdiyimiz sinifdənxaric, məktəbdənkənar tədbirlərdə: ekskursiyalarda, “dəyirmi masa”larda, ədəbi-bədii kompozisiyalarda öyrəndiklərimizi təlim prosesinə tətbiq etməklə həm onun maraqlı keçməsinə, həm də bütün sinfi əhatə etməsinə, nəticə etibarilə şagirdlərin təlim geriliyinin aradan qaldırılmasına yol açırıq.
Müəllimin yaradıcı fəaliyyəti, yenilikləri tətbiq etmə ustalığı, qabaqcıl təcrübədən bəhrələnmə bacarağı, innovativliyi, yenilikləri öyrənməyə həvəsi ona qeyd olunanları məharətlə yerinə yetirməyə imkan verir. Nəticə etibarilə təlimin keyfiyyəti yüksəlir. Təlim keyfiyyətinin yüksəlməsi, müasir səciyyə daşıması fonunda təlimdə geri qalan şagirdlər də verilən tapşırıqları mənimsəyir, gerilik aradan qalxır, sinif ən yaxşı şagirdlərin təhsil aldığı nümunəvi sinfə çevrilir. Təcrübəmə istinadən deyə bilərəm ki, neçə-neçə şagirdim tətbiq etdiyim yanaşmalar sayəsəndə təlim geriliyini aradan qaldırmış, ən yaxşı şagirdlər sırasına qoşulmuşdur. Səbrlə, pedaqoji yanaşmaları zamanında, elmi aspektdə tətbiq etməklə uğur qazanmaq mümkündür.
Ofelya CƏFƏROVA, Bakı şəhəri 164 nömrəli tam orta məktəbin tarix müəllimi
|
|
14.06.2018 | 13:53 | |
|
|
|