Qarabağın kədərli hekayəsini dəyişən GƏNC NƏSİL | |
Vətən Müharibəsi başlayanda xalqımız tərəfindən gözəl aforizmlər yarandı. Onlardan biri belə idi: Qundaqda gedən uşaqlar tank üstündə qayıtdılar.
Bu, həmin uşaqlar idi ki, Kəlbəcərin, Şuşanın, Laçının şaxtalı günlərində, Ağdamın, Füzulinin, Zəngilanın, Qubadlının işğalı vaxtlarında öz yurdlarını ata-analarının, nənə-babalarının qucağında tərk etmişdilər.
Bu torpaqları heç görmədilər; dağlarında oynamadılar; amma yurd sevgisini hər zaman hiss etdilər. Təbii ki, doğmalarının anlatdıqlarından, məktəbdə aldıqları vətənpərvərlik təbliğatından.
Təkcə Qarabağdan olan gənclər deyil, Azərbaycanın bütün gəncliyinin mənəvi təməli bu 30 ildə vətənsevərlik duyğuları, doğma yurdu qucaqlaya bilmək hissləri ilə qoyuldu.
Müharibə ölkəmizdə necə bir gənclik yetişdiyini aydın şəkildə göstərdi. Azərbaycanda qismən səfərbərlik elan olundu, lakin nə qədər gənc könüllü olaraq ordu sıralarına yazıldı.
Çünki gənc nəsil gözəl anlayırdı ki, Qarabağın kədərli hekayəsini dəyişmək zamanı yetişib; dövlətimiz indi daha güclüdür və qəti qərar verib-Qarabağ sülhlə qayıtmırsa, düşmən yeni ərazi iddiasındadırsa, bu vəziyyətlə barışmaq yox, 20 faiz torpağı hərbi güclə geri almaq lazımdır. Ali Baş Komandanın əmrinə hazır olduğunu nümayiş etdirən gənclər bilirdilər ki, Cəbhə odlu-alovlu bir yerdir, orda şəhid olmaq da var, əlil olmaq da! Hətta əsir düşmək də! Məsələ Vətəni qurtarmaqdırsa, Azərbaycana Zəfər yaşatmağın vacibliyidirsə, mühüm olan məhz qalibiyyət ovqatına köklənməkdir!
İçində düşmənə Zəfər çalmaq hissi ilə yaşayan gəncliyin düşündüyü bu idi! Bu savaş Vətəni yadların tapdağından qurtarmaq, Xocalının qısasını almaq, bütün şəhidlərin intiqamını almaq savaşı idi!
Azərbaycan gəncliyi cəmiyyəti özünün vətənsevərliyinə, mərdliyinə, mübarizliyinə heyran qoydu. Sübut olundu ki, bizim gəncliyin içində milli ruh güclüdür!
Müharibənin gedişindən sonuna qədər Prezident İlham Əliyev hər çıxışında, hər müsahibəsində, demək olar ki, bütün tədbirlərdə mübarizliyi ilə qəlbləri fəth edən gəncliyin adını qürurla çəkdi:”Azərbaycanda vətənpərvər gənc nəsil yetişib. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”.
Bəli, tarixi ədalət bərpa olundu. Azərbaycan Qarabağ Zəfəri üçün Ali Baş Komandan başda olmaqla, öz ordusuna, qeyrətli gənclərinə, şəhidlərinə, qazilərinə hər zaman minnətdarlıq duyğusu ilə yaşayacaq!
|
|
11.03.2021 | 10:22 | |
|
|
|