Ulu Öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlayıb | |
Çoxumuza məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı siyasi mənzərə həddindən artıq gərgin idi. Çünki ölkədəki hakimiyyət boşluğu səbəbindən anarxiya hökm sürür, xoşagəlməz xaos yaşanırdı. Bu uzun müddət davam edərdisə, Azərbaycan daha böyük fəlakətlərin içərisinə yuvarlana bilərdi. Yeganə çıxış yolu güclü liderin ölkənin idarəçilik sükanını əlinə almasından keçirdi.
Bəs kim? Bu, elə bir şəxs olmalıydı ki, onun rəhbərliyi ilə dövlət müstəqilliyimiz qorunsun, yaşasın, ölkənin üzləşdiyi taleyüklü problemlər qısa zamanda öz həllini tapmağa başlasın. Yalnız dəmir iradəyə, mükəmməl idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider bu bəlaların öhdəsindən gələ bilərdi. Belə bir lider var idi-Heydər Əliyev. Azərbaycan xalqı zəngin dövlətçilik təcrübəsinə və siyasi nüfuzuna görə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev böyük səs çoxluğu ilə Prezident vəzifəsinə seçildi, beləliklə, ölkənin böhrandan çıxma prosesi başlandı; xalqımız vətəndaş müharibəsi, milli müstəqilliyin itirilməsi təhlükəsindən xilas oldu; Azərbaycanın yeni, uğurlu inkişaf mərhələsinin əsası qoyuldu. Ulu Öndərin ortaya qoyduğu dövlətçilik konsepsiyası Azərbaycana böyük uğurlar gətirdi, ölkəmiz bütün sahələrdə dinamik inkişaf etdi. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu gücləndi. Qonşu dövlətlərlə münasibətlər uğurla inkişaf etdi, regionda bütün beynəlxalq, irimiqyaslı layihələrdə ölkəmizin iştirakı təmin olundu.
Bu danılmazdır ki, 1993-2003-cü illər milli dövlətçilik tariximizə sabitlik və inkişaf dövrü kimi yazılıb. Məhz bu illərdə dövlətçiliyin əsasları qoyulub. 20 yanvar faciəsinə siyasi qiymət verilib. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura ləğv edilib. Ölkədə dərin siyasi islahatlara start verilib, çoxpartiyalı sistem yaranıb. Azərbaycan beynəlxalq təcriddən çıxıb, dünya birliyinin layiqli üzvü kimi tanınmağa başlayıb. Bu illərdə ölkəmizə böyük investisiyalar cəlb edilib. Ölkəmizin müxtəlif sahələri üçün yaxşı kadrlar yetişdirilib və onlar bu gün Azərbaycan üçün müxtəlif sahələrdə öz töhfələrini verirlər.
Nizami ordunun yaradılması, Qarabağ müharibəsində atəşkəsin əldə edilməsi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlanması, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, dünyanın iri şirkətləri ilə neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və digər mühüm nailiyyətlər Heydər Əliyev dühasının, milli maraqlara əsaslanan dövlətçilik konsepsiyasının, idarəetmə məharətinin nəticələridir.
Təbii ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev bu məsələlərə təsadüfi toxunmadı. Yeni Azərbaycan Partiyasını dünyada tanıdan, mövqeyini gücləndirən, cəmiyyətdə nüfuzunu möhkəmləndirən də məhz Heydər Əliyevin şəxsiyyəti idi.
|
|
10.03.2021 | 16:07 | |
|
|
|