Qarabağla bağlı yeni mühüm vəzifəmiz

Azərbaycan dövləti müstəqilliyimizin ilk illərindən ölkənin həyati əhəmiyyətli problemlərinin milli maraqlar çərçivəsində həlli istiqamətində qətiyyətli və davamlı siyasət yeridir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün 44 günlük Vətən müharibəsində əldə olunmuş Böyük Qələbənin qürurunu yaşayır və  Böyük Zəfərin yaratdığı yeni imkanları qiymətləndirir. 

 

Prezident İlham Əliyevin YAP-ın VII qurultayında qeyd etdiyi kimi, müharibədən sonra yeni dövr başlayıb: “Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”.

 

Həqiqətən də bu gün qarşımızda yeni mühüm bir vəzifə dayanır: düşmən tərəfindən talan olunmuş, dağıdılmış əraziləri bərpa etmək, azad olunmuş torpaqlarımızda daimi yaşayış üçün yeni infrastruktur yaratmaq, təhlükəsizliyi təmin etmək və insanlarımızın uzun illərdən sonra yurd yerlərinə dönməsinə şərait yaratmaq! Həm də Azərbaycanı elə gücləndirmək ki, bütün problemlərdən uğurla çıxmaqda davam etsin!   

 

Bu gün təkcə işğaldan azad olunmuş rayonların sakinləri deyil, bütün Azərbaycan xalqı Qarabağı abadlaşmış, yenidən tikilmiş, cənnətə dönmüş bir şəkildə görmək üçün səbirsizlənir. Bu yolda hamı Azərbaycan dövlətinin, onun rəhbərinin yanındadır və bütün qərarlarını dəstəkləyir.     

 



10.03.2021 | 13:16