“Azərbaycana xoş gəlmisiniz!” beynəlxalq onlayn görüş

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə turizm və ekologiya mövzusuna həsr olunmuş “Azərbaycana xoş gəlmisiniz!” adlı beynəlxalq onlayn görüş keçirilib.

 

Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar onlayn platformada təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrin turizm və səyahətlə məşğul olan uşaq və gənclərini bir araya gətirmək, onlar arasında dostluq əlaqələri yaratmaq, xaricdə yaşayan uşaq və gənclərə Azərbaycanın tarixi və görməli yerlərini tanıtdırmaq, uşaq və gənclərdən ibarət turist qruplarını Azərbaycana səyahətə cəlb etməkdən ibarət olub.

 

Görüşdə Belarus, Ukrayna, Rusiya, Moldova, Qazaxıstan, Tacikistan və Azərbaycanın uşaq-gənclər inkişaf mərkəzlərinin, gənc turist və diyarşünaslıq stansiyalarının turizm, diyarşünaslıq və ekoloji istiqamətlər üzrə dərnəklərində məşğul olan 12-17 yaşlı məktəblilər və pedaqoji heyət iştirak edib.

 

İştirakçılar Azərbaycan haqqında - onun tarixi, təbiəti, memarlığı, mətbəxi, adət-ənənələri barədə bildikləri məlumatları bölüşüb, onlayn platformada təqdimatlarla, Azərbaycanın görməli və səfalı yerləri ilə tanış olublar. Həmçinin mərkəzin “Gənc səyahətçilər” dərnəyinin təklif etdiyi yeni layihələr və səyahətlər barədə müzakirələr aparılıb.



10.03.2021 | 09:46