Fiziki imkanları məhdud şəxslərin, istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış | |
Naxçıvan Dövlət Universitetinin (NDU) professor-müəllim heyəti Naxçıvan şəhər Heydər Əliyev Sarayında fiziki imkanları məhdud şəxslərin, eləcə də istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova sərgi haqda məlumat verərək bildirib ki, komitə tərəfindən aztəminatlı ailələrin üzvü və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb olunması üçün müvafiq tədbirlər görülür:”Artıq 5 ildən artıqdır ki, Naxçıvan Ali Məclisinin sədri yanında Bilik Fondunun İş Planına əsasən fiziki imkanları məhdud şəxslərin, istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunur. Belə sərgi-satışların təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərimizi, çoxəsrlik adət-ənənələrimizi gənclərə aşılamaqla keçmişdən bu günümüzə gələn, nəsildən-nəsilə ötürdüyümüz milli dəyərlərimizi əl işlərimizə köçürüb yaşatmaqdır”.
Diqqətə çatdırılıb ki, sərgi-satışda rayon (şəhər) icra hakimiyyətlərinin təşkilatçılığı ilə istedadlı qadınların, o cümlədən kəndlərdə yaşayan evdar qadınların, həmçinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb, məktəbəqədər müəssisələrin, orta ixtisas, ali təhsil müəssisələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların da əl işləri sərgilənir. Vurğulanıb ki, bugünkü sərgi-satışda sərmayə kapitalı verilən 26 qadının əl işi var.
Qeyd edək ki, sərgi-satışa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 424 qadının 6488 əl işi, 6 əlil kişinin 25 əl işi, ümumilikdə 430 şəxsin 6508 sayda əl işi cəlb olunub. Toplanılan əl işləri arasında, 2395 muncuqla iş, 1547 dekorativ iş, 1727 toxuma, 379 tikmə, 134 dekorativ tablo, 48 tikmə tablo, 6 vitraj, 142 yağlı boya, 35 sulu boya, 20 toxuma tablo, 44 xalça, 3 ağac üzərində yandırma, 13 taxta üzərində oyma, 9 mis üzərində döymə, 2 ebru, 3 hyperrealizm və 1 miniatür vardır.
Sərgi-satışa Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə 95 müəllifin 1000-ə yaxın əl işləri ilə qatılıb. Sərgi-satışda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və böyüklərin, əlilliyi olan şəxslərin, ahıl vətəndaşların əsərləri nümayiş olunub.
NDU “Texnologiya Mərkəzi” 76 müəllim və tələbə ilə birgə 210 əsərlə sərgi-satışda uğurla iştirak edib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov qeyd edib ki, bu cür tədbirlərin təşkili qadınların cəmiyyətdə layiqli yer tutmaları və çəkdikləri zəhmətin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Prorektor sərgidə nümayiş olunan əsərləri yüksək qiymətləndirib və yaradıcı qadınlara uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, sərgi-satış 10 gün davam edəcək.
|
|
07.03.2021 | 09:25 | |
|
|
|