Hər uşaq şərtsiz sevildikdə və sevməyi öyrəndikdə...

Yəqin razılaşarsınız ki, yaşadığımız dünya özünün təlatümləri, gözlənilməz, daha doğrusu ağlasığmaz hadisələri ilə bu gün həyatımızın sanki düzənini pozub. Valideyn-övlad münasibətlərində  aqressivlik, anlaşılmazlıq halları çoxalıb, özümüzlə bərabər övladlarımız da stress, depressiya yaşayır?  Psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova ilə bu və digər psixoloji məsələlərə, valideynləri maraqlandıran bir  sıra məqamlara toxunmağa çalışdıq.  

 

- Hər  yaşın öz spesifik xüsusiyyətləri, müəyyən psixoloji məqamları var. Əsasən hansı yaşlarda psixoloji çətinliklər özünü daha qabarıq göstərir və bu zamanında korreksiya olunmadıqda nə kimi psixi pozğunluqlara gətirib çıxara bilər? 

- Yaş dövrləri hazırda ən aktual problemlərdən biridir. Çünki meydana çıxan bir çox çətinliklər bilavasitə insanın müəyyən yaş dövrü ilə əlaqədardır. İnsanın hansısa yaş dövründə aldığı travmalar, ailənin verdiyi tərbiyə üsulu, həmin yaş dövründə insanın keçirmiş olduğu hiss və həyəcanlar, psixoloji gərginliklər və digər səbəblər özünü yetkin yaş dövründə açıq şəkildə büruzə verir. İnsanların başqalarını hədəf kimi seçməsinin, aqresiyasiyasının kökündə yaş dövründən qaynaqlanan problemlər dayanır.Uşaq psixologiyasında böhran problemi dörd  kəskin məqamlarda baş verir: 1). 1 yaşın böhranı (çağalıq yaşından körpəlik yaşına keçid zamanı); 2).3 yaşın böhranı (körpəlik yaşından məktəbəqədər yaşa keçid zamanı); 3).6-7 yaşın böhranı (məktəbəqədər yaşdan məktəb yaşına keçid; 4).Yeniyetməlik yaşının böhranı.

 

Məsələn,  3 yaş böhranı nə deməkdir?  Psixoloji ədəbiyyatda üç yaşın böhranı eyni zamanda kompleks canlanma adı ilə səciyyələnir. Bu böhran dövrü körpə yaşından məktəbəqədər yaş dövrünə keçid prosesində sərhəd rolunu oynayır. Uşağın həyatında çətin dövr kimi yadda qalır. Uşağın mövqeyinin dəyişməsi, müstəqilliyə və fəallığa can atması və onları əhatə edən yaşlı adamlardan münasibətlərinə dəyişiklik etməyi tələb edir. Onlarda neqativizm, neqativ reaksiyalar yaranır, tərslik, şıltaqlıq göstərir,  yaşlılara qarşı çıxırlar, cavab qaytarırlar . Bəzi hallarda qəddarlıq müşahidə olunur, özlərindən balaca olanları döyürlər. Uşaqlar  öz hərəkətlərini qiymətləndirməyi bacarmırlar, əlində olanları sındırırlar, qırırlar.

 

6-7 yaşın böhranı dedikdə, uşağın məktəbə hazır olma problemi nəzərdə tutulur.  Şəxsiyyətin dərki prosesində 7 yaş böhranı yaranır. Bu zaman uşağın sabit halı arzu olunan ilə gözlənilən davranış arasında yaranan uyğunsuzluq əsasında pozulur. Belə ki, uşaq xüsusi tərz davranışlar ifadə edir, sanki nə isə gizlədir. “Acı konfet” sindromu - uşaq özünü pis hiss edir, lakin bunu göstərməməyə çalışır. Məktəb öncəsi yaranan bu böhranın digər səbəbi onun yeni şəraiti neqativ qarşılamasıdır. Əsas səbəb isə valideynlərin uşağı məktəb, müəllim ilə hədələməsidir.

 

Biz  əgər yeniyetməlik yaşının böhranından söz açırıqsa, bu dövrdə   səxsiyyətin identifikasiyası və rolların qarışması  baş verir. Öz inkişafının beşinci mərhələsinə (12-18 yaş arası) keçid zamanı uşaq klassik psixoanalizin iddia etdiyi kimi, valideynlərə qarşı “sevgi və nifrət”  hissi ilə qarşılaşır. Bu problemin müsbət həlli onun öz yaşıdları arasında sevgi predmeti tapa bilməməsindən asılıdır.

 

Valideynlərin uşağın inkişaf  böhranlarının gedişatına  az  və ya çox dərəcədə təsir edə bildiyi yaş inkişafının əvvəlki mərhələlərindən fərqli olaraq, burada onların təsiri daha həlledicidir. Əgər valideynləri sayəsində yeniyetmə etibar, müstəqillik, təşəbbüskarlıq və bacarıq hissi mənimsəyibsə, onun identifikasiyası,  yəni öz fərdiyyətinin dərki şansı artır.

 

- Valideynlərimiz övladlarının tərbiyəsində nələri diqqətdə saxlamalıdırlar?

- Diqqət edilməsi vacib olan bir çox mühüm məqamlar var ki, onlardan xüsusilə 3-nü diqqətə çatdırmaq istərdim.

 

Birincisi  sevgidir. Bilirik ki, hər ana və ata uşağına sevgi göstərir. Amma, bu sevgini necə nümayiş etdirir? Şərtlərin və istəklərin üstünə qurulmuş sevgi bağı, güvən problemi, dəyərsizlik hissi yaradacaq. Hər uşaq şərtsiz sevildikdə və sevməyi öyrəndikdə hüzur tapır. Şərtsiz sevgi xoşbəxtliyin açarıdır.

İkinci məqam, mükəmməlikdən uzaq olun. Uşağınızdan mükəmməl olmasını gözləmək həm onu, həm də sizi yorar. Uşaqlar hər yaşda bir işi bacardıqlarını hiss etmək istəyərlər. Bu hal onları gücləndirər.Əziz valideynlər, uğurla dəyər hissini qarışdırmayın. Bacarmadıqları işə görə övladlarınıza dəyərsiz olduqlarını hiss etdirməyin.

Üçüncüsü, uşaqlarınızı  heç kimlə müqayisə etməyin. Övladınızı başqaları ilə müqayisə edərək ona fayda vermiş olmayacaqsınız. Bu yıxıcı təsir  aranızdakı sevgi bağına da zərər verə bilər. Hər kəsin bacarığı və istedadı fərqlidir.

 

- Bu gün elə uşaqlar var ki, onları “çətin tərbiyə olunan” adlandırırlar. Bu fikir nə dərəcədə düzgündür?

- Uşağa “çətin olduğunu” deyəndə, sanki ona bir damğa vururlar. Çətin uşaqlar olmur, sadəcə hər uşağın ona uyğun ünsiyyət və münasibət tərzi var. Böyuklər  onu müşahidə əsasında izləməyə bacarmalıdır.  Uşağın hər xoşağəlməz davranışının  arxasında hansısa problem və ya komplekslər gizlənə bilər. Məsələn,  aqressivliyin, kobudluğun arxasında  hansısa travmatik hadisə ola bilər və ya uşağa  lazımınca diqqət, sevgi və tərif olmadığı üçün özünə qapanar, sakit, heç kəslə ünsiyyət qurmaqda maraqlı olmaz. Bir sözlə,  valideyn  bu cür xoşagəlməz davranış modeli ilə qarşılaşmamaq  üçün tərbiyə üslubunda  öz səhvlərini anlamalı,  övladı ilə ümumi dil tapmağa çalışmalıdır. Valideynlər uşağın daxili aləmini anlamağa cəhd etməlidirlər və yarana bilən  çətinliklər zamanı vaxtında  mütəxəssislərə müraciət olunmalıdır.

 

- Psixi pozuntular arasında depressiya daha geniş yayılıb. Təəssüflə qeyd  etməliyik ki, bu gün  depressiyaya düşənlər arasında  uşaq, yeniyetmə və gənclərimizin  də sayı az deyil. Bu, onların yaşadığı ailədə baş verən proseslərdənmi qaynaqlanır, yoxsa ətraf mühitin təsirindənmi?

- Statistika bizə məktəbəqədər yaşda hər 100 uşaqdan 5-nin və yeniyetməlik dövründə hər 100 uşaqdan 8-nin psixoloji pozğunluq əlamətləri olduğunu deyir. Uşaqlarda depressiya tək bir səbəbə bağlana bilməz. Bu, uşağın təməl, psixoloji xüsusiyyətlərinə və ətrafın təsirlərinə görə ortaya çıxa bilər. Hansı faktorun daha ön planda olduğu uşaqdan-uşağa dəyişir. Ana-ata həyatdakı rollarını nizamlaya bilmədikdə uşaq özünü tək və çarəsiz hiss edər. Çox vaxtı valideynlər, belə deyək də, uşağın yaşadığı böhrandan xəbərsizdir. Övladlarının fərqli bir iç dünyaları olduğunu, yaddaşlarının çox güclü olmadığını və bəzi şeylərə əhəmiyyət vermədiklərini düşünürlər. Halbuki uşaqların hissləri, nə qədər maraqsız görünsə də, son dərəcə açıqdır. Ətraflarında olan bitənlərin fərqindədirlər. Ancaq mühakimə gücləri inkişaf etmədiyindən, problemlərin nədən qaynaqlandığını anlamazlar, çox vaxtda problemlərin özlərindən qaynaqlandığını zənn edərlər. Valideynlərin uşaqlarının ruh sağlamlığına təsir edəcək davranışlarından qaçmaları həm uşaqlar, həm də özləri üçün çox əhəmiyyətlidir. Körpəlik və uşaqlıq dövründə meydana gələn hər hansı psixoloji narahatlıqlar, övladlarımızın yetkinlik dövründə də əks olunur. Uşaqda meydana gələcək psixi çöküntü, həyatı boyunca qarşısına çıxıb onu narahat edə bilər.

 

Uşaqlarda ən əhəmiyyətli depressiya səbəbi, anadan ayrılıq vəziyyətidir. Onlar  ana ayrılığına ilk etapda ani narahatlıq, hirs partlamaları ilə reaksiya göstərirlər. Ananı geri gətirmək üçün cəhd edərlər. Daha sonra ümidin itirilməsi, susqunluq, kədərlilik və ağlamalar müşahidə olunar. Bir müddət sonra da taleləri ilə barışmalı olarlar. Bu dövrdə uşaqlar  yetkin  depressiya xüsusiyyətlərini göstərirlər. Körpəlik dövründən etibarən güvən mühitində böyüdülməyən, ehtiyacları qarşılanmayan, stress altında, diqqət əskikliyi, öyrənmə və ya davranış pozulması olan uşaqlar daha asan depressiyaya düşürlər. Uşaqlarda depressiya əlamətlərini belə sıralamaq olar: Əsəbilik və huysuzluq;  daimi görülən bədbəxtlik və ümidsizlik; sosial həyatdan əl çəkmək; iştahın azalması və ya artması; yuxu rejimindəki dəyişikliklər - çox yatmaq və ya yuxusuzluq;  qışqırmaq və ağlamaq; zəif enerji və halsızlıq; dəyərsizlik və ya günahkarlıq hissi; ölüm və ya özünə qəsd düsüncəsi.

 

Bütün uşaqlarda bu əlamətlərin hamısı özünü göstərməyəcəyi kimi, fərqli zaman və mühitdə fərqli şəkillərdə ortaya çıxa bilər. Uşaqlıq depressiyasını təyin edə bilmək və qiymətləndirmək olduqca çətindir. Çünki uşaqların bir çoxu duyğu və düşüncələrini dilə gətirməkdə çətinlik çəkirlər. Uşaqlar  razı olmadıqlarında, qorxduqlarında ya da özlərini pis hiss etdiklərində ağlayırlar. Böyüklər bu vəziyyətdə  uşağı əyləndirərək, diqqətini başqa istiqamətə çəkməklə, həmin duyğuların keçəcəyini düşünürlər. Bu zaman məktəb və yoldaş əlaqələrindəki dəyişikliklər qiymətləndirilməli, təhsil müəssisəsinin rəhbərliyinin, müəllimlərin  və psixoloqun  ümumi fikri, məsləhət və tövsiyələri  nəzərə alınmalıdır. Həmin anlarda xüsusilə valideynlərin rolu çox əhəmiyyətlidir. Buna görə də ailələr uşaqlarına nümunə, onlarda  yeni düşüncə formaları yaradılmasında köməkçi olmalıdırlar. Çünki uşaqlar depressiya müddətində ailələrini nümunə olaraq götürə bilərlər. Onlar ən çox sevgiyə ehtiyac duyurlar.

 

- Yeniyetmə və  gənclərimizin psixi sağlamlıq və psixoloji durumunu necə qiymətləndirirsiniz?

- Bu dövr  bütün yaş dövrlərindən məsuliyyətli və çətin, bir sıra komponentlərin birləşdiyi bir dönəmdir. Məhz bu yaş dövrlərində övladlarımız artıq müstəqil həyata keçid alır. Müstəqil fikirləri formalaşmağa başlayır  və  müəyyən qərarlar qəbul edəcək yaşa gəlib çıxırlar. Artıq öz həyat yolunu seçmək məcburiyyətində qalırlar. Bu ilk baxışdan nə qədər asan görünsə də, bir o qədər çətin və məsuliyyət tələb edən bir qərardır. Bundan başqa,  həmin dövrdə yeniyetmənin  orta təhsili bitirmək və ali təhsil almaq kimi hədəfləri olur. Təbii ki, bütün bunlar bu yaş dövrü üçün sözün əsl mənasında çətindir. Çünki uşaq birdən-birə sanki ağır yükün altına girir  və bu zaman psixoloji durumlar ortaya çıxır. Bəzən bu yaş dövründə depressiya hadisələrinə daha çox rast gəlinir. Yeniyetmə və  gənclərdə əsəsən ailədaxili konfliktlər, özünə inamsızlıq, fobiyalar, deviant davranış, ünsiyyət çatışmazlığı və s. kimi problemlər müşahidə olunur ki,  bu da onların psixi sağlamlıq və psixoloji durumuna mənfi təsir göstərir.

 

- Məktəbdə davranış pozuntusu nümayiş etdirən şagirdlərlə iş necə aparılmalıdır?

- Şagrdlərlə davranış pozuntusu olan hər hansı bir uşağı onun üçün maraqlı və faydalı bir işə cəlb etmək lazımdır. Sinifdə uşağın rahat hiss edəcəyi və sinif yoldaşlarının hesabına özünü təsdiq etmək ehtiyacına malik olmayan bir atmosfer yaradılmasına diqqət verilməlidir. Uşaqda ev tapşırığı hazırlamaqda və mütəmadi olaraq dərslərdə iştirak etmək üçün müstəqil olaraq məsuliyyət daşımağa kömək edəcək iradi keyfiyyətləri inkişaf etdirmək vacibdir.

 

Xüsusilə belə uşaqların valideynləri  övladlarının müəllimləri və dostları ilə sıx ünsiyyətdə olmalı, məktəbin  psixoloqunun köməyindən yararlanmalıdırlar.

 

- Bir neçə aydır ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi yaşamaqdayıq. Artıq müəyyən yumşalmalar  var  ki, onlardan biri də tədrisin qismən əyani formada bərpa olunmasıdır. Şagirdlərimiz müəyyən fasilədən sonra məktəbə qayıdıblar. Bununla bağlı yarana biləcək psixoloji çətinliklərin dəf olunması üçün müəllim və valideynlərə hansı tövsiyələr vermək istərdiniz?

- Məcburiyyətdən irəli gələn uzunmüddəttli sosial izolasiya hər birimiz üçün çətin  sınaq olsa da düşünürəm ki,  onun öhdəsindən  birlikdə gəlməyi bacarırıq. Təbii ki, mövcud pandemiya şəraitində  tətbiq olunan qaydalara uşaqların  adaptasiyası müəyyən zaman tələb etsə də sonda buna nail olundu. Uşaqların  məktəblərindən, sinif yoldaşlarından,  sevimli əyləncələrindən ayrı düşmələri onlarda  müəyyən problemlər yaratsa da sonradan bu vəziyyətlə barışmalı oldular. Bəzi ailələrdə isə təəssüf ki, yalnızlıqdan, anlaşılmazlıqdan və qayğısızlıqdan əziyyət şəkən uşaqlara da rast gəlirik. Uşaqlar tez-tez ailə şiddətinin şahidi və qurbanı olurlar. Bununla bağlı yaranan psixoloji çətinliklərin aradan qaldırılması üçün müəllim və valideynlərə uşaqlarda  əsas üç istiqamətə- onların emosional hallarının  tənzimlənməsinə fikir verməyi, fiziki aktivliyini və asudə vaxtın yaşa uyğun  təşkilini  tövsiyə edirəm. 

 

Samirə KƏRİMOVA



05.03.2021 | 15:00