“Kiçik Akademiya”lar

Bu gün ümumtəhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi və genişləndirilməsi ilə bağlı böyük işlər görülür. Günümüzdə “Kiçik Akademiya”ların fəaliyyəti şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyi onların dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq  qabiliyyətinin, bacarığının  formalaşmasına müsbət təsir göstərir. Bəs görəsən, bu təşkilatın yaradılması özündə hansı məqsəd və vəzifələri daşıyır? Şagirdlər tərəfindən bura üzvülük hansı prinsiplər üzərində həyata keçirilir? Kimlər “Kiçik Akademiya”ların üzvü ola bilər?  Bu kimi suallara cavab tapmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun baş məsləhətçisi  Sevinc Əzimova ilə əlaqə saxladıq.

 

Sevinc Əzimova bizimlə söhbətində bildirdi ki, Bakı şəhərinin ümumi təhsil müəssisələrindəki “Kiçik Akademiya”ların fəaliyyəti təkmilləşdirilir. “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdən hesab edilir: “Orta  məktəblərdə  fəaliyyət göstərən  “Kiçik Akademiya”lar bütün  mövcud  imkanlardan istifadə edərək şagirdləri yüksək  səviyyədə  maariflənməyə çağırır. Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”nın fəaliyyət göstərməsi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması baxımından önəmli rol oynayır. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və “Kiçik Akademiya”nın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri var. Eyni zamanda, “Kiçik Akademiya” üzvü olan şagirdlər seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini artırır, ünsiyyət və davranış qaydalarına riayət etməklə digər şagirdlərə bir nümunə göstərirlər. Şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir, tədqiqat sahəsində potensial imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri sərbəst şəkildə təqdim edirlər. Orta məktəblərdə bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin  yetişdirilməsində və onların  əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır. Şagirdlərin  dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq  qabiliyyətinin  və bacarığının  formalaşdırılması, şübhəsiz, onlarda ictimai işə olan marağı da artıracaqdır”.

 

Təşkilatın məqsəd və vəzifələrindən danışan Sevinc Əzimova  elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdlərin gələcək həyatında “Kiçik Akademiya”ların rolu və əhəmiyyətindən söz açdı. “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir: “Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək, tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq “Kiçik Akademiya”nın əsas vəzifələridir”.

 

S.Əzimova bildirdi ki, “Kiçik Akademiya”nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. Akademiyaya üzvlük könüllü olaraq qəbul edilir. Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər “Kiçik Akademiya”nın üzvü ola bilərlər. Marağı və istedadı olan bütün şagirdlər təhsil aldıqları məktəbdə fəaliyyət göstərən Akademiyaya üzv ola bilərlər”.

 

Təhsil ocaqlarında “Kiçik Akademiya”ların fəaliyyəti ilə yerində tanışlıq məqsədi ilə Bakıdakı  291 nömrəli Ekologiya Liseyində olduq.  Liseydə yaradılan “Kiçik Akademiya”nın prezidenti, biologiya müəllimi, fəlsəfə elmləri doktoru Ariz Məmmədovla qurumun fəaliyyəti barədə söhbət etdik. Ariz müəllim hesab edir ki, “Kiçik Akademiya”lar bütün  mövcud  imkanlardan istifadə edilərək, şagirdləri yüksək  səviyyədə  maariflənməyə  və təhsil  almağa çağırır: “Artıq neçə ildir ki, məktəbimizdə “Kiçik Akademiya” fəaliyyət göstərir. Bu işə xüsusi diqqət və məsuliyyətlə yanaşan pedaqoqlarımız yetərincədir. Belə fikirləşirəm ki, “Kiçik Akademiya”lar şagirdlərin indiki təlabata uyğun keyfiyətlərin, xüsusiyətlərin, vərdişlərin formalaşdırılması və aşılanmasının, kadr siyasətinin təməlini təşkil edir. Bu məqsədlə “Kiçik Akademiya”ların fəaliyyətinin inkişaf etdirilməsi uşaqlarda nəticə çıxarmaq, qərar vermək, hər hansı bir işi müstəqil araşdırmaq, təcrübələr aparmaq imkanlarını artırır.  Uşaqlara mövzu seçimində sərbəstlik verilməlidir. Eyni zamanda onlara araşdırdıqları hər hansı mövzu barədə həvəsləndirici işlər görülməlidir. Bizim akademiyada şagirdləri maraqlandıran istənilən mövzu realaşdırılır, tədiqiqatlar aparılır. Liseyimizin “Kiçik Akademiya”sı öz seminarlarına çıxış etmək üçün digər qonşu məktəblərdən də şagirdlər dəvət edir, öz fəaliyyət dairəsini genişləndirir. Eyni zamanda   məktəbin radio qovşağı da akademiya üzvlərinin ixtiyarına verilmişdir. Belə ki, şagirdlərimiz radioda aparıcılıq edir, müxtəlif mövzularda verilişlər də hazırlayırlar. Bu onlarda diksiya, nitq mədəniiyətinin formalaşmasına msbət təsir göstərir. Bundan başqa, hər həftə bir fənnə aid mövzular müəyyən edirik. Din, inanclar, Novruz çərşənbələri və s. mövzular işləmişik. Həftədə üç dəfə seminarlar keçiririk. Gördüyümüz işlər uşaqların və rəhbərliyin diqqətini belə cəlb edirsə və uşaqlar belə həvəs və maraqla bu işə qoşulursa, demək, bunun özü elə böyük uğurdur. Akademiyaya üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və “Kiçik Akademiya”nın digər tədbirlərində iştirak etmək, şagirdlər arasında elmi bilikləri təbliğ etmək və s. kimi vəzifələri vardır. Eyni zamanda seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirir və ünsiyyət və davranış qaydalarına riayət etməklə digər şagirdlərə bir nümunə göstərirlər. Onlar məktəb çərçivəsində müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Bu işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilir.  Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, nəzərdə tutulan tədbirlərin hazırlanması və həyata keçirilməsində bu şagirdlər müəllimlərinin ən yaxın köməkçiləridir”. 

 

Liseyin akademiyasında olarkən şagirdlərin də mövzu barədə fikirlərini öyrənməyə çalışdım. “Kiçik Akademiya”nın vitse-prezidenti, 11-ci sinif şagirdi Cəlil Cabbarlı akademiyada həvəslə işlədiyini və həmişə onu maraqlandıran mövzuların araşdırıldığını bildirib:

“Burada mən çox yeniliklər öyrənmişəm və yeni biliklər əldə etmişəm. Tədqiqatı necə aparmaq və  hansı istiqamətdə işlər görülməlidi, problemi necə həll etmək olar və s. vərdişlərə yiyələnmişəm”.  

 

Akademiyanın 2-ci vitse-prezidenti, 9-cu sinif şagirdi Nərgiz Heydərova da “Kiçik Akademiya”nın onların həyatında rolundan danışararaq əldə etdiyi bilikləri bizimlə bölüşdü: “ Mən artıq iki ildir ki, akademiyada çalışıram. Burada olmaq mənim dünya görüşümün artmasına və əldə etdiyim biliklərin çoxalmasına olduqca müsbət təsir göstərir. Bizi maraqlandıran mövzuları müzakirə və araşdırmağa təqdim edirik. Eyni zamanda hər hansı bir məsələni araşdırdıqda onu iclasların gündəliyində müzakirə edirik. Maraqlı məqamlardan biri odur ki, bizim araşdırmalarımız qəbul olunur və biz özümüzü bir anlıq böyük bir tədbirlərdəki kimi təsəvvür edirik. Fikirlərimizə hörmətlə yanaşılaraq bəyənilir. Bu, bizi çox sevindirir”.

 

9-cu sinif şagirdi, kiçik akademiyanın 3-cü vitse prezidenti Məryəm Nəzərovanın fikrincə akademiya şagirlərin bilik və bacarıqlarının artırılması  baxımından bir məktəbdir: “ Akademiyada bizlər daha sərbəst və istənlən mövzu barədə fikir yürütmək baxımından özümüzü rahat hiss edirik. Burda biz maraqlı tədbirlər də keçiririk. Elə bu yaxınlarda Xocalı faciəsinin 29-cu ildönümü   ilə bağlı seminar keçirdik. Orada erməni vəhşiliyinin qurbanı olan Xocalı sakinlərinin üzləşdiyi çətin vəziyyəti müzakirə etdik”.

 

Akademiyanın müşaviri, 9-cu sinif şagirdi  Fateh Zərquluyevin akademiyada işi seminarların keçirilmə tarixini müəyyən etmək və digər məktəblərdən gələn işlərin seminara buraxılmasına nəzarət etməkdən ibarətdir: “Bizim akademiya qonşu məktəblərdə olan akademiyalarla daim əməkdaşlıq edir. Bizlər onların tədbirlərində, onlar isə bizim akademiyanın seminarlarına və iclaslarına dəvət olunurlar.  Seminarlarda olduqca  maraqlı fikir mübadilələri aparırıq. Bilmədiyimiz şeyləri onlardan öyrənirik. Yeni dostlar tapırıq. Fikrimcə, belə müzakirlələrin biz şagirdlər arasında aparılması çox yaxşıdır”. 

 

Rəşad ZİYADOV



05.03.2021 | 15:31