Bir millət, iki dövlət

Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır

 

Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi... Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik.

 

Rəcəb Tayyib ƏRDOĞAN,

Türkiyə Respublikasının Prezidenti

 

 

Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, bu dostluğun çox dərin kökləri var. Bu əlaqələri şərtləndirən amillər sırasında ortaq kökümüzün,  dilimizin, din birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olmasıdır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində hər zaman bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər, sevincli, kədərli günlərini birgə paylaşıblar. 

 

Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hazırda bölgədə sülhün bərqərar olması işinə  öz töhfəsini verməkdədir.

 

Azərbaycan tək deyil, Türkiyə onun yanındadır

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləməsi, Azərbaycanın haqlı savaşında hər zaman yanında olduqlarını açıq şəkildə deməsi bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılansa da, haqq-ədalətin qalib gələcəyinə inamımızı daha da artırdı. Türkiyə Prezidenti  bu məsələylə bağlı  verdiyi  çox açıq və sərt bəyanatları, mesajları  ilə  bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərdi. Türkiyənin müvafiq dövlət qurumlarının rəhbərləri, parlament üzvləri və ictimaiyyət nümayəndələri də məsələyə qəti və birmənalı münasibət bildirməklə ən çətin anlarımızda dost etibarını növbəti dəfə nümayiş etdirdi.

 

Azərbaycan Ordusunun ötən ilin  sentyabrın 27-də başladığı genişmiqyaslı əks-hücum əməliyyatının nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli torpaqlarımızın işğaldan azad etməsinə özümüz qədər sevinən məhz  qardaş Türkiyə oldu. Və qeyd etdiyimiz kimi  möhtəşəm Qələbəmizdən söhbət açarkən Türk xalqının, Türkiyə dövlətinin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi, diplomatik dəstəyi danılmazdır. Təsadüfi deyil ki, ötən ilin noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bu məqam xüsusi qeyd olunub. Görüşdə çıxış edən ölkə başçısı İlham Əliyev  deyib: “Biz tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu, təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi”.

 

Dünya ölkəmizin hərbi gücünü gördü

 

44 günlük Vətən  müharibəsi  göstərdi ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Haqlı savaşımızda  Azərbaycanın Rəşadətli Ordusunun  əldə etdiyi qələbə və aparılan hərbi əməliyyatlar həm texniki imkanlar , eyni zamanda  operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından  hazırda bütün dünyada öyrənilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, yeni nəsil müharibə üsuludur, hansı ki, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Və bu müharibə ölkəmizin hərbi gücünü, qəhrəmanlıq nümayiş etdirən Müzəffər Ordumuzun  nəyə qadir olduğunu dünyaya nümayiş etdirməyi bacardı.  Təbii ki, bu ordunun güclü olması üçün illər sərf edilib. 

 

30 ildir ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar gözümüzə kül üfürməklə məşğul idilər, torpaqlarımızı işğal edən  ermənilərlə bacara bilmirdilər. Ancaq bu gün qürur hissi ilə deyirik ki,  adları qeyd olunan və olunmayan təşkilatların 30 ilə görə bilmədiyi işi Azərbaycan Respublikasının Prezidenti 44 günə həll etdi. Cənab Prezidentin həm döyüş meydanında, həm də siyasi arenada göstərdiyi qətiyyət  apardığımız haqlı savaşdan Qələbə ilə çıxmağımızla  nəticələndi. Və bu haqlı savaşımızda Türkiyə hər zaman yanımızda oldu.

 

Ordumuzun xarici ölkələrin Silahlı Qüvvələri ilə əməkdaşlığı,  həmçinin ölkəmizlə  strateji tərəfdaşları arasında müdafiə, eləcə də ən müasir silahlar  ilə təchiz olunması  sahəsində görülən işlər sayəsində aparıcı dövlətlərdən birinə çevrilən Azərbaycan bir sıra güclü ölkələrin diqqətini öz üzərinə çəkməyi bacardı.

 

İkinci Qarabağ  müharibəsində  bizim ordunun məharətlə istifadə etdiyi, erməni ordusunun isə kabusuna çevrilən PUA-lar dünya mətbuatının  üzun müddət gündəmindən düşmədi. Prezident İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsi zamanı  müxbirin Türkiyənin hərbi iştirakı, eyni zamanda PUA-larla bağlı verdiyi  suallara mükəmməl cavabları  hamının marağına səbəb olmuşdu: “Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla,Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur”.

 

Həmin müsahibədə jurnalistin Siz, Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?, Onlar bu münaqişədə öz sözünü deyirlər? suallarına da dövlətimizin  başçısı aydınlıq gətirməklə yanaşı, eyni zamanda kimləri isə onun sayını öyrənməkdə “nigaran”qoydu: “Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır. Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə”.

 

Tarixi bəyanat

 

Rəşadətli Ordumuzun sayəsində Azərbaycanın mirvarisi sayılan Şuşanın erməni işğalçılarından azad olunması Ermənistanı faktiki olaraq darmadağın etdi, onun bütün manevr imkanlarını  çökdürdü.Artıq bu məğlubiyyəti yaşayan Ermənistanın ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu yox idi. Və ötən ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin  birgə bəyanat imzalanması ilə Dağlıq Qarabağ münaqişəsi bitdi. Bu tarixi bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında tamamilə məhv edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. İmzalanmış  bəyanatda göstərilən müddəalardan biri də sülhməramlı mərkəzin yaradılması ilə bağlı idi. Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi artıq öz fəaliyyətinə başlayıb. Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.Eyni zamanda bu Mərkəzin əsas funksiyalarından biri və ən önəmlisi post-müharibə dövründə işğaldan azad edilən torpaqlarımızda sabitliyin pozulmamasına nəzarət etmək, həmçinin pilotsuz uçuş aparatlarından da istifadə olunmaqla münaqişə zonasında hər hansı bir qarşıdurmanın olmasına imkan verilməməsidir.

 

Bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizliyin yeganə yolu əməkdaşlıqdır

 

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun  düşmən üzərində qələbəsi tariximizə qızıl hərflərlə yazıldı. Bədnam qonşularımızdan fərqli olaraq biz ölkə olaraq  nikbinik və  gələcəyə dair planlar qururuq. Prezident İlham Əliyevin cari ilin  fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi  mətbuat konfransında jurnalistləri maraqlandıran sualların hər birinə verdiyi əhatəli cavablarında bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizliyin yeganə yolunun əməkdaşlıq olması xüsusi vurğulanmaqla yanaşı,  azad olunan torpaqlarımızın gələcək perspektivlərinə, qonşu ölkələrlə iqtisadi əməkdaşlıq məsələlərinə də toxunuldu:  “Əlbəttə ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur.  ...Mən deyə bilərəm ki, Türkiyədən olan şirkətlər artıq bizim layihələrimizdə yer alıblar. Bizim üçün strateji önəm daşıyan Füzuli-Şuşa  avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Bununla paralel olaraq, bildiyiniz kimi, Türkiyə şirkətləri Azərbaycanda bundan əvvəl də fəal idi. Dövlət xətti ilə icra edilən layihələrdə ən çox yer alan Türkiyə şirkətləridir.   Dəqiq rəqəmlər xatırlamıram, amma Türkiyə şirkətləri Azərbaycanda - Bakıda və bir çox başqa yerlərdə təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif  inşaat layihələrində iştirak ediblər.Təbii olaraq ilk kontraktları imzalayan da Türkiyə şirkətləri olub. Görüləcək işlərin həcmi çox böyükdür”.

 

Prezident İlham Əliyev  həmin görüşdə  ölkəmizin müdafiə sənayesinin inkişafı məsələsindən də danışıb: “Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə böyük üstünlük təmin etmişdir. ...Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək... Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib”.

 

Ölkə başçısı İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən  Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasına,  qonşu dövlətlərlə iqtisadi əlaqələrin müxtəlif  istiqamələrinə  də toxundu. Prezident  həmin görüşdə verdiyi mesajlarla Türkiyənin ən güvənilə biləcək, qardaş hesab etdiyimiz bir ölkə olduğunu növbəti dəfə  bəyan etdi: “Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir”.

 

Samirə KƏRİMOVA



05.03.2021 | 10:45