Öyrənmə çətinliyi olan uşaqlara onlayn psixoloji dəstək

“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin qalibi olan layihələrdən biri də Neftçala rayon şəhid İ.Babayev adına tam orta məktəbin psixoloqu Elmir Tağıyevin həyata keçirdiyi “Öyrənmə çətinlikləri olan uşaqlara psixoloji dəstək: Disleksiya,disqrafiya, diskalkuliya” layihəsidir.

 

Layihə haqqında “Azərbaycan müəllimi”nə məlumat verən E.Tağıyev bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar içərisində bu gün kəmiyyət baxımından çoxluq təşkil edən və ümumtəhsil müəssisələrində ən çox rast gəlinən öyrənmə çətinliyi olan uşaqlardır. Öyrənmə çətinliklərini isə əsasən disleksiya, diskalkuliya və disqrafiya təşkil edir.

 

Bəs, bu tibbi-psixoloji terminlərin mənası necə izah olunur?

 

Psixoloqun sözlərinə görə, disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması, istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur. Diskalkuliyası olan uşaqlar hesab bacarıqlarının əsas aspektlərini öyrənməkdə çətinlik çəkirlər. Çətinlik kəmiyyət və məkan məlumatlarının (fəza təfəkkürü, məsafə, forma) qavranılması, emalı ilə bağlıdır. Disqrafiya həm psixi fəaliyyət, həm də yazı tapşırıqlarına təsir edən bir öyrənmə pozuntusudur.

 

“Öyrənmə və yazı  elə bir bacarıqdır ki, erkən müdaxilə şagirdin müvəffəqiyyət qazanması üçün ən yaxşı yoldur. Öyrənmə problemləri olan belə uşaqlarda görmə, eşitmə, kinestetik qavramanın dəstəklənməsi, hafizə və diqqətin mərkəzləşməsinin, motor-koordinasiya bacarıqlarının inkişafı, danışma, ifadə etmə səviyyəsinin artırılması üçün dil terapiyaları və bir çox fərqli yanaşmalarla vəhdət şəklində fərdi proqramın hazırlanması lazımdır”-deyən E.Tağıyev layihənin məqsədinə də aydınlıq gətirib.

 

Bildirib ki, layihənin məqsədi öyrənmə çətinliyi olan uşaqların psixoloji reabilitasiyasında korreksiyaedici və inkişafetdirici istiqaməti müəyyənləşdirmək; belə uşaqların pedaqoji prosesdə sosial reabilitasiyası üzrə işin təşkili yollarını göstərmək; bu işdə valideynlərin köməyindən maksimum istifadə olunmasını təmin etmək; təşkil olunmuş işin səmərəliliyini yoxlamaq və tətbiqi üçün metodik baza yaratmaqdır. Eyni zamanda Neftçala və ona ətraf rayon ümumtəhsil məktəblərində öyrənmə çətinliyi olan uşaqların vəziyyətinin dəyərləndirilməsi və bu uşaqlara yerində ixisaslı yardımın göstərilməsindən ibarətdir.

 

Layihənin icrası ilə bağlı həyata keçirilən tədbirlərə gəlincə       

 

Layihənin icra müddəti ərzində öyrənmə çətinliyi olan uşaqların vəziyyətinin dəyərləndirilməsi, ünsiyyət, davranış və nitqinə xas olan səciyyəvi xü­su­siy­yət­ləri aşkar etmək, psixoloji dəstək göstərmək üçün proqram işlənib hazırlanıb.

 

Öyrənmə çətinliyi olan uşaqların təlim qabilliyinin səviyyəsinin diaqnostikası üçün “Corrective Reading” və  “Lindamood-Bell” proqramlarından istifadə edilib. Ailələrə yetərli psixoloji yardımı göstərmək məqsədilə öyrənmə çətinliyi olan uşaqların siyahısı hazırlanıb və  valideynlərdən ibarət olan  qruplar (vatsap üzərindən) yaradılıb. Eyni zamanda layihənin onlayn təşkilini təmin etmək üçün valideynlərə gərəkli təlimatlar verilib.

 

Layihənin icrası nəzərdə tutulan ərazilərdə fəaliyyət göstərən ümumtəhsil məktəbləri psixoloqlarına ilk olaraq “Disleksiya və disqrafiya” ilə bağlı təlimlər keçirilib. Həmin psixoloqlar tərəfindən çalışdıqları məktəblərdə öyrənmə çətinlikləri olan uşaqların psixodiaqnostik qiymətləndirməsindən dərhal sonra adlı siyahılar tərtib edilib. Həmin uşaqlar onlayn şəkildə psixokorreksiya, psixoterapiya və reabilitasiya proseslərinə cəlb olunub.  Təlimlər Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin əməkdaşı, psixoloq T.Hüseynova tərəfindən təşkil edilib.

 

Layihə rəhbəri bildirib ki, öyrənmə çətinlikləri olan uşaqlarla psixoloji iş zamanı düzgün diaqnostika və korreksiya nəticəyönümlü və ən effektiv reabilitasiya metodlarından biridir. Distant şəkildə aparılan psixokorreksiya öyrənmə çətinliyi yaşayan şagirdlərin özünə inam hissini artırır.

 

Qeyd olunub ki, layihənin icrası ilə bağlı işlər hazırda da davam etdirilir.

 



04.03.2021 | 16:22