ADNSU-nun İctimai Etimad Şurası imtahan prosesini izləyib | |
İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetdə yay imtahan sessiyasının gedişini izləyib.
İctimai Etimad Şurasının üzvləri, millət vəkili Hikmət Babaoğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov, Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban və başqaları imtahan keçirilən auditoriyaları gəzib, imtahan prosesi ilə tanış olub, tələbələrin hazırlığı, imtahan üçün yaradılmış şərait barədə fikir mübadiləsi aparıblar.
İctimai Etimad Şurasına 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasında 11 000-dək tələbə və magistrantın imtahanlarda iştirak etməsi, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması və s. məsələlərlə bağlı məlumat verilib. İyunun 13-də ADNSU-da 38 qrup yazılı, 45 qrup yazılı-şifahi formada imtahan verib. 1026 nəfər tələbə yazılı imtahanlarda, 1215 nəfər tələbə isə yazılı-şifahi imtahanlarda iştirak edib.
İctimai Etimad Şurasının nümayəndələri ADNSU-da imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzində olub imtahan prosesi ilə tanış olublar.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı yay imtahan sessiyası və imtahan prosesinin təşkili barədə şura üzvlərinə məlumat verib. Rektor həmçinin universitetdə şifahi imtahanların tətbiqinə geniş yer verildiyini və magistratura pilləsində akademik yazı ilə bağlı tədris aparılacağını vurğulayıb.
ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşən şura üzvləri universitetdə yaradılan şəffaf tədris mühitini təqdir edib və imtahana nəzarət prosesini yüksək qiymətləndiriblər. |
|
13.06.2018 | 16:57 | |
|
|
|