Azərbaycan multikulturalizmi Ukrayna alimlərinin diqqətində | |
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Ukrayna Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Mərkəzdən bildirilib ki, memorandumda birgə tədqiqatlar, layihələrin icrası və müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar əks olunub.
“Ukrayna BBMM-in beynəlxalq fəaliyyətinin vacib bir istiqamətidir. Mən, Ukrayna Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Aleksandr Boqomolova strukturlarımız, ölkələrimizin alimləri arasında əməkdaşlıq üçün belə bir vacib addıma görə minnətdaram. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizmi haqqında biliklərin digər ölkələrin alimləri arasında populyarlaşmasına çox diqqət ayırır və əminəm ki, gələcəkdə Ukraynada bir çox yeni layihələr olacaq. Ölkələrimiz arasında təhsil və elm sahəsində əməkdaşlığın inkişafı, Ukraynada Azərbaycan multikulturalizmi konsepsiyasının təqdim edilməsi və populyarlaşdırılması, Ukrayna-Azərbaycan konfranslarının mütəmadi keçirilməsini dəstəkləyirik. Bu il Nizami Gəncəvinin yaradıcılığında ümumbəşəri dəyərlərə, humanizmə xüsusi diqqət yetirəcəyik”, - deyə BBMM-in direktoru Rəvan Həsənov bildirib.
Türkologiyanı Şərqşünaslıq İnstitutunun prioritetlərindən biri adlandıran filologiya elmləri doktoru, Ukrayna Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Aleksandr Boqomolov qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir:”Azərbaycançılığın ölkəmizdə daha fəal inkişaf etməsini istərdik. Təbii ki, bu müvafiq kadrların - Azərbaycan dilini bilən, bu mürəkkəb və maraqlı bölgənin xüsusiyyətlərini dərindən öyrənən mütəxəssislərin hazırlanmasını tələb edir. Yaxşı ki, bu məsələdə Ukrayna-Azərbaycan münasibətlərinin vacibliyini dərk edən azərbaycanlı həmkarlarımızla əməkdaşlıq edə biləcəyik. İmzalanan memorandum bu istiqamətdə ilk addımdır”.
BBMM-in Ukraynadakı nümayəndəsi Marina Qonçaruk Azərbaycanın, xüsusən də Azərbaycan multikulturalizminin öyrənilməsində maraqlı olan Ukrayna alimləri üçün yeni imkanlar yaratmağın vacibliyini söyləyib: “ Ukrayna Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun bazasında sistemli şəkildə işləyən layihə və proqramların mövcudluğu, universitetlərdə bu kimi fəaliyyət perspektivləri və imkanları azərbaycançılar mühiti formalaşdıra biləcəyimizə töhfə verəcəkdir. Bu günə qədər bunun üçün mühüm addımlar atılıb. Kiyev Taras Şevçenko adına Milli Universitetində Azərbaycan multikulturalizmi fakültəsinin fəaliyyəti, beynəlxalq proqramlar (qış və yay beynəlxalq multikulturalizm məktəbləri), müsabiqələr, Azərbaycan multikulturalizmini öyrənənlər üçün təşviqlər buna misaldır”.
|
|
04.03.2021 | 14:11 | |
|
|
|