Tekstil sahəsində tədris aparan müəllimlər üçün təlimlər təşkil olunub | |
Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən tekstil sektoru istiqamətində tədris aparan müəllimlər, istehsal təlimi ustaları və sahə mütəxəssisləri üçün on günlük təlim proqramı təşkil edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, təlim sessiyaları Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin yeni tikiş emalatxanasında baş tutub.
Azərbaycanda əmək bazarının son qiymətləndirməsinə görə, tekstil sənayesi ölkənin ən perspektivli sahələrindən biridir və Gəncə Dövlət Peşə Təhsil Mərkəzi mövcud resursları ilə bu sahədə texnoloji irəliləyişlər əldə edə bilər.
Təlimlər, dizayner və geyim istehsalı üzrə mütəxəssis tərəfindən aparılıb. Proqram tekstil sektorunda mövcud tendensiyalar və sahənin tələbləri, bazaryönümlü məhsulların istehsalı, eləcə də müasir avadanlıqlar və elektron simulyasiya proqramlarının istifadəsi ilə bağlı sessiyaları əhatə edib.
İştirakçılar ideyadan başlayaraq, geyim istehsalının formalaşdırılmasına qədər, uğurlu tekstil işinin qurulması üçün təməl biliklərə yiyələniblər.
Proqramda iştirak edən istehsal təlimi ustaları yeni qazandıqları bilikləri peşə təhsil mərkəzinin tələbələri və digər müəllimlərlə bölüşəcəklər. Məlumatlandırılan bütün şəxslər yaxın gələcəkdə peşə təhsil mərkəzinin əlavə gəlir əldə etməsi fəaliyyətlərinə cəlb olunacaq. |
|
04.03.2021 | 10:11 | |
|
|
|