“Milli həyatın kamilliyi” layihəsi fərdi kateqoriya üzrə qalib olub | |
Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə lV qrant müsabiqəsi" çərçivəsində " Milli həyatın kamilliyi" layihəsi fərdi kateqoriya üzrə qalib olub. Layihənin rəhbəri, Yasamal rayon 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Gülüstan Vəliyevadır.
Layihə barədə “Azərbaycan müəllimi”nə məlumat verən G.Vəliyeva bildirib ki, ölkənin gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrə, milli dəyərlərə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir. Onun sözlərinə görə, müasir tərbiyədə məktəbli-müəllim-valideyn münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsi, yenilənməsi və təkmilləşməsi humanitar fənlərin məzmununda ifadə olunmuş milli-mənəvi dəyərlərə kompleks yanaşmağı tələb edir:”Milli soykökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir. Gənclər milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.
Şagirdlərin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu olduğunu vurğulayan G.Vəliyeva vətəndaşlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına– Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin təbliğ olunmasının vacibliyini də qeyd edib:
-Şagirdlərin vətənpərvər ruhda böyüməsinə dərslər və dərsliklərdəki mövzuların təsiri danılmaz faktdır. Lakin bu tərbiyənin formalaşmasında müəllimlərdən də çox şey asılıdır. Müəllimlər tədris etdikləri həmin mövzularda vətənpərvərlik hisslərinə geniş yer ayırmalıdırlar.
G.Vəliyevanın sözlərinə görə, layihənin predmetini şagirdlərin yerli səviyyədə problemlərin həllinə cəlb edilməsi, müvafiq metodiki vəsaitlərin hazırlanması, şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi təşkil edir.
“Layihənin məqsədi azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş, şəxsiyyət yetişdirmək istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi yollarını müəyyənləşdirmək və faktlarla əsaslandırmaqdır”-deyən layihə rəhbəri hesab edir ki, şagirdlərin vətənpərvər ruhda böyüməsi birbaşa təhsilin üzərinə düşür, müəllimlərin rolu xüsusi əhəmiyyət kəsb edir:” Ümumiyyətlə, şagirdlərin milli kimlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onların vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Milli təhsil ocaqlarının qarşısında duran ən aktual vəzifələrdən biri müasir şəraitdə böyüməkdə olan gənc nəslin düzgün tərbiyə edilməsidir”.
|
|
03.03.2021 | 12:24 | |
|
|
|