"Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi | |
Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib.
Bildirilib ki, cari ildə 14 şəhər və rayonun ümumtəhsil məktəbində təhsil alan 208 şagird 123 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-i fərdi, 86-ı isə kollektiv işlənilmiş layihə olub.
“Sabahın alimləri” respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi bu il də ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin Xüsusi Mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə (17 şagirdə) təqdim olunub.
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
|
|
02.03.2021 | 18:30 | |
|
|
|