BMU-da qış imtahan sessiyasının nəticələri və yaz sessiyasına hazırlıq müzakirə olunub | |
Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.
BMU-nun rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də islahatların yeni mərhələdə davam etdirildiyini bildirib.
Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə son illərdə təhsilin maddi-texniki bazasının gücləndirildiyini, keyfiyyət göstəricilərinin daha da artdığını bildirən rektor, eyni zamanda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının uğurla nəticələnməsi barədə Şura iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, ötən illə müqayisədə pandemiya dövründə müvəffəqiyyət göstəricisi xeyli yüksəlib. Belə ki, universitetin müvəffəqiyyət göstəricisi bakalavriat səviyyəsi üzrə 99.04 %, magistratura səviyyəsi üzrə 83.89 %, keyfiyyət göstəricisi isə bakalavriat səviyyəsi üzrə 96.24 %, magistratura səviyyəsi üzrə 76.67 % təşkil edib.
H.Orucov imtahan prosesində şəffaflığın təmin olunması, tələbələrin şikayətlərinin və təkliflərinin vaxtında cavablandırılması məqsədilə BMU-da Apelyasiya Komissiyasının və “Qaynar xətt”in fəaliyyət göstərdiyini, eyni zamanda sessiya müddətində yarana biləcək neqativ halların operativ şəkildə araşdırılması məqsədilə “İmtahan qərargahı”nın yaradıldığını diqqətə çatdırıb.
BMU-nun Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, dosent Cəmil Məmmədov distant tədrisin təşkili qaydalarının təkmilləşdirilməsi barədə danışıb. Təqdimatda dərslərin keçirilməsi, distant təhsilalma formasında universitetdaxili biliyin qiymətləndirilməsi ilə bağlı yeni qaydalarla iştirakçıları tanış edən C.Məmmədov, həmçinin universitetdə distant tədrisin təşkilinə nəzarət haqqında məlumat verib.
İclasda Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlərə dair fikirləri dinlənilib.
Sonda müzakirə olunan məsələlərlə əlaqədar qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
|
|
02.03.2021 | 18:14 | |
|
|
|