Müsabiqə qalibləri ilə onlayn görüş | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Vətənin qəhrəman oğulları” müsabiqəsinin yekunlarına həsr olunmuş onlayn görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, respublikanın Əməkdar artisti Ağalar Bayramov, “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Vətən müharibəsi iştirakçısı olan 83 nömrəli məktəb-liseyin müəllimi İdris Abıyev, şəhid Tahir Əliyevin valideynləri və müsabiqənin qalibləri iştirak ediblər.
Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müsabiqə iştirakçılarını təbrik edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb və Vətən müharibəsində düşmən üzərində qazanılan qələbədən söz açıb. Ümumi təhsil müəssisələrində zəfər tarixinin tədrisdə əks etdirilməsi ilə bağlı görülən işlərdən danışan M.Vəliyeva istedadlı gənclərin vaxtında aşkara çıxarılmasında və onların ictimaiyyətə tanıdılmasında bu cür müsabiqələrin böyük rolu olduğunu bildirib. BŞTİ müdiri Azərbaycan qəhrəmanlarının həyatlarının şagirdlər üçün hər zaman örnək olacağına və məktəblilərin Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə edib.
İdarə müdiri M.Vəliyeva “Vətənin qəhrəman oğulları” müsabiqəsinin təşkil olunmasının əsas məqsədinin şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarət olduğunu söyləyib.
Görüşdə çıxış edən respublikanın Əməkdar artisti Ağalar Bayramov, “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Vətən müharibəsi iştirakçısı olan 83 nömrəli məktəb-liseyin müəllimi İdris Abıyev, şəhid Tahir Əliyevin valideynləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyini bildiriblər. Düşmən üzərində qalibiyyət qazanan Azərbaycan ordusunun igid əsgərlərinin döyüşlərdə böyük şücaət göstərərək bəzilərinin şəhidlik zirvəsinə ucaldığı, bəzilərinin isə müxtəlif xəsarətlər aldığı bir daha şagirdlərin diqqətinə çatdırılıb.
Daha sonra müsabiqənin qaliblərindən bəhs edən videoçarx nümayiş olunub.
Görüş ədəbi-bədii kompozisiyalar ilə davam edib.
Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, 53 nömrəli tam orta məktəbin şagirdləri Yusif Qiyaslı və Nərmin Yusifzadə, 86 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əhədli, 234 nömrəli tam orta məktəbin şagirdi Əsli Mehdizadə, 189-190 nömrəli tam orta məktəbin şagirdi Vüsal Bağırlı, 310 nömrəli tam orta məktəbin şagirdi Ülkər Paşayeva “Təşəkkürnamə” ilə təltif edilib.
Paytaxtdakı 68 nömrəli tam orta məktəbin şagirdi Dilarə Həsənova, 53 nömrəli tam orta məktəbin şagirdi Ümid Qurbanov, 261 nömrəli məktəb-liseyin şagirdi Nəzrin Məmmədova, 17 nömrəli tam orta məktəbin şagirdi Rüfət Əhmədov, 126 nömrəli tam orta məktəbin şagirdi Elmar Əbdülrəhimov həvəsləndirici yeri tutduqları üçün "Tərifnamə"yə layiq görülüb.
Bundan əlavə, 294 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Məmmədzadə, 17 nömrəli tam orta məktəbin şagirdi Aysu Fərzullayeva, 110 nömrəli tam orta məktəbin şagirdi Gülşən Zamanova, 26 nömrəli tam orta məktəbin şagirdi Aylin Hüseynli və 139 nömrəli tam orta məktəbin şagirdi Xədicə İmamverdiyeva isə iştirakına görə “Tərifnamə” ilə təltif olunub.
|
|
02.03.2021 | 15:39 | |
|
|
|