Gəncə Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu əldə edib

Ötən həftə Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli Gəncə Peşə Liseyi, 2 nömrəli Gəncə Peşə Liseyi və 3 nömrəli Gəncə Peşə Məktəbi birləşdirilərək, onların bazasında yaradılan “Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.

       

Sözügedən mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris, tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq təhsilalanların zəruri bilik, bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan, yeni təlim üsullarından istifadə etmək, həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanacaq.

       

Qeyd edək ki, peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlər 2019-cu ildən başlayıb. Hazırda Təhsil Nazirliyinin tabeliyində olan 8 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərməkdədir.

 

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

 

 



01.03.2021 | 16:04