"Sabahın alimləri” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək | |
Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçiriləcək. Müsabiqədə 14 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 208 şagird 123 elmi layihə ilə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-si fərdi, 86-sı isə kollektiv layihədir. Şagirdlər müsabiqəyə riyaziyyat üzrə 14, fizika, astronomiya üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya, ətraf mühitin idarəolunması üzrə 20, kompüter elmləri üzrə 10, mühəndislik üzrə 17 layihə ilə qatılıblar.
Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədilə alimlərdən ibarət Münsiflər heyəti yaradılıb. Qaliblər sırasından İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün isə 7 layihə seçiləcək.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
Müsabiqənin məqsədi IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. |
|
01.03.2021 | 14:39 | |
|
|
|