Keyfiyyətli nitq - bunu bacarmaq olar! | |
Əgər fikri elektrik cərəyanına, dili isə lampaya bənzətsək, onda bunları mütləq etibarlı məftillər birləşdirməlidir. Məftillər yaxşı olmasa, lampa ya yanmayacaq, ya da yanıb-sönəcək, yəni, fikir beyindən dilə qırıq-qırıq gəlib çatacaq, hətta qabaqcadan hazırlanmış yaxşı nitq əlaqəsiz söz yığınına çevriləcəkdir.
Bizim xalqımızda gözəl bir deyim var: “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar”. Ağlın göstəricisi isə dildir, insan məhz dili ilə özü haqqında təsəvvür yaradır. Hər bir insan ətrafdakılar tərəfindən qiymətləndirilir.
Bu zaman əsas meyarlardan biri (zahiri gözəllik, kiminsə qohumu olmaq, status və s. amillərdən daha artıq) onun kommunikativ (ünsiyyət) bacarıqları, danışıq keyfiyyətləri olur.
Fikri düzgün ifadə etməyi öyrənmək və həmişə yüksək səviyyədə olmaq üçün biz nitqi inkişaf etdirməyin 3 istiqamətinə baxaq. Bu istiqamətlər bir-biri ilə sıx əlaqəli olduğu üçün onları bir yerdə öyrənəcəyik.
Əvvəlcə keyfiyyətli nitqin 3 meyarını nəzərdən keçirək:
Cümləni cəld qurmaq
Təcrübə (ən etibarlı üsul) Dil də alət kimidir, işləndikcə cilalanır, daha parlaq olur. Əgər yaxşı danışmaq istəyirsinizsə, zəhmət çəkib nitqi daim işlətmək lazımdır.
Ancaq onun da bir sirri var- darıxdırıcı təcrübə yalnız ziyan verə bilər. Yəni, lüğətlərdə söz axtarmaq, qəzet materialları kəsib yığmaq, güzgünün qabağında danışmaq keçmiş vaxtların təcrübəsidir. Bu gün elm sübut edir ki, belə darıxdırıcı yanaşmalar adamda inkişaf arzusunu ancaq məhv edə bilər. Burada maraqlı işlərdən yapışmaq lazımdır. Məsələn:
Hər hansı bir sözü götürüb təhlil etmək Deyək ki, güllərə su verirsiniz, əlləriniz, gözləriniz məşğuldur, ancaq beyniniz bekardır, düşünmək imkanı var. Əsl məşq etmək zamanıdır.
“Aha, gül! Gül- insanları heyrətləndirən, ruhunu oxşayan möcüzə! Ləçəkləri necə incə, rəngləri nə qədər qəribədir. Gül, sən əsl gözəlliksən! Bu isə torpaqdır. Allahın insanlara verdiyi bərəkət simvolu olan torpaq! İnsanlar torpağı ən dəyərli nemət hesab ediblər... və s.”
Belə məşqlərin köməyi ilə beyin qəliblər (ifadə şablonları) formalaşdırır və sonra söhbətlərdə onlardan istifadə edir. Artıq beyində formalaşmış müxtəlif mövzularla bağlı söz birləşmələri, cümlələr vardır. Siz danışarkən həmin qəliblər özü gəlib dilinizə “düşəcək”, kiçik xatırlamalar onları “dirildəcəkdir”.
Bərkdən oxumaq Əgər hər gün kitab oxuyursunuzsa, bir səhifəni mütləq bərkdən oxuyun. Bu zaman beyin gözəl mətni nəinki görəcək, həm də eşidəcək (Belə məşqləri tərcümə olmayan, orijinal və səviyyəli bədii ədəbiyyatla edin). Belə olanda yenə də yaddaşa “şablon qəliblər” payı göndərirsiniz.
Gündəlik yazmaq, ya da blog yaratmaq Oxumaq yaxşı şeydir, ancaq fikirləri yazmağı bacarmaq daha yaxşıdır. Bir növ özünüzə çərçivə yaradırsınız - əgər beyində fikri çevirmək, dəyişmək, silmək imkanları vardırsa, yazıda bunu etmək olmur.
Danışanda da belədir, necə deyərlər,”söz ağzından çıxdı, olursan onun qulu”. Yaza-yaza fikri bir dəfəyə - səhvsiz demək vərdişləri formalaşır.
İşləri danışa-danışa etmək Futbola baxırsınızsa, ya yemək bişirirsinizsə, özünüzü televiziya işçisinin yerində təsəvvür edin. Futbol şərhçisi, yaxud kulinariya verilişinin aparıcısı kimi, olanları danışın. Məsələn, “bax, indi bir az duz əlavə edirik və ocağın istisini azaldırıq. Qaşıqla qarışdırıb, qapağı qoyuruq...” və s.
Nə qədər çox danışırsınızsa, nitq vərdişləri qazanırsınız, sonra sizə fikrinizi izah etmək asan olacaq.
Diskussiyalardan qaçmamaq Deyirlər, həqiqət mübahisələrdə doğulur! Ancaq doğulan tək o olmur, burada həm də adamın əqidəsini müdafiə etmək bacarığı formalaşır. Mübahisə-şahmat kimidir, rəqibi araşdırırsan, onun dəlillərinə hücum edirsən, öz fikirlərini ortaya qoyursan, nəticədə yaxşı məşq edirsən!
Etiraf edək ki, canlı adamla məşq etmək gündəlik yazmaqdan qat-qat yaxşıdır. Bu, əyani futbol oynamaqla kompüterdə futbol oynamaq arasındakı fərq qədərdir. Ancaq çalışmaq lazımdır ki, mübahisə zamanı bütün hallarda qazanasınız (heç olmasa danışıq vərdişləri), ona görə belə şansları buraxmayın!
Ağıllıların müdrikliyi Adamın iki qulağı, bir ağzı var. Düşünmədən danışmaq-nişan almadan atmağa bənzəyir.
Belə sözlər bir nəticəyə aparır: sözü deməmişdən əvvəl diqqətlə dinləmək, deyəcəklərini yaxşı-yaxşı düşünmək lazımdır. Bu sadə həqiqət hamıya məlumdur: nə qədər az danışsan, o qədər də səhv etmək ehtimalın az olar. Nə qədər çox qulaq assan, öz fikrini daha yaxşı götür-qoy edə bilərsən.
Düşünüb və vaxtı uzadıb, necə deyərlər, “silahlanırsınız”:
Bütün bunları həyata keçirmək üçün isə beyninizdə tezisləri qurursunuz, nə demək istədiyinizi müəyyənləşdirirsiniz. Sonra yavaş-yavaş dediklərinizi “bəzəyirsiniz”: dəlillər, əsaslandırmalar və verilən suallara cavablarla. Yekunda isə “su qatmadan” əsas fikri çatdırırsınız! Vəssalam!
Vəziyyətdən çıxmaq Bəzən elə ola bilər ki, fikirlərin “kələfi dolaşıq düşsün”, buna həmişə hazır olmaq lazımdır. Belə problemin yarandığını hiss edən kimi, yavaşca söhbətdən çıxmaq və yaxud diqqəti yayındıran hadisəyə (əşyaya) yönəlmək lazımdır.
Buna görə “əl altda” həmişə hazır ifadələr olmalıdır. Onları fikirləşmək olar, ancaq hazır reseptlər də var:
Bunlar ən sadə və universal variantlardır. Əslində isə, söhbətdən yayınmaq o qədər də mürəkkəb məsələ deyil, siz öz mühitinizə uyğun başqa variant da fikirləşə bilərsiniz.
Söz ehtiyatı və müxtəliflik Evi tikmək üçün kərpic lazım olduğu kimi, fikri ifadə etmək üçün də söz lazımdır. İndi biz söz ehtiyatını artırmaq yollarına baxaq:
1.Könlü balıq istəyən... Ən sadə və sınanmış yol-kitab oxumaqdır. Bu, doğrudan da belədir: əgər gözəl danışmaq istəyirsənsə, mütaliəni sevməlisən!
Ancaq! Bizə bəlağətli, gözəl, bədii sözlər az-az lazım olur. Vacib olanı- nitqdə əlaqələri, keçidləri, manevrləri düz qurmaqdır! Ona görə daha yaxşı olar ki, fərqli üslublarda, həm də xoşunuza gələn kitabları oxuyasınız. Klassikanı xoşlayırsınızsa, poemalar, qəzəllər yox, daha çox məşhur adamların məktubları sizə kömək ola bilər. Həmin məktublardakı bəzi deyimlər, ifadələr sizin yaddaş xəzinənizdə saxlanıla bilər.
Daha bir variant- mühazirələrdən öyrənməkdir. Onun üstünlüyü- danışıq üslubunda olması və mühazirəçinin gözünüzün qabağında olmasındadır. Özünüz də hiss etmədən həmin adamın təsiri altına düşəcək, davranışlarını qəbul edəcək, nitqlərdə vurğuları düzgün qoymağı, harda və necə fasilə etmək lazım olduğunu, növbələşməni və manevrləri mənimsəyəcəksiniz.
Qalır bircə sizi maraqlandıran sahə üzrə yaxşı natiqi müəyyənləşdirmək! Belə olanda bir güllə ilə iki dovşan vuracaqsınız: həm biliyiniz artacaq, həm də düzgün danışmağı öyrənəcəksiniz.
2. Məşq Kağıza bir söz yazıb ona sinonimlər axtarın. Bunu bekar vaxtlarda fikrinizdə də edə bilərsiniz, hətta ailə üzvləri arasında yarış keçirmək də olar. Bütün hallarda heç kəs uduzmayacaq, ancaq erudisiya artacaq.
3. Ətraf mühit Fikirləri ifadə etməyi öyrənmək və söz ehtiyatını artırmaq üçün ətrafınızda uyğun mühit olmalıdır. Bunu real həyatda da, internetdə də etmək olar. Deyək ki, internetdə başqa dillərdə olsa da (tərcümə vasitəsi ilə), natiqlərin çıxışlarına (TED (Texnologiya, Əyləncə, Dizayn) variantlı çıxışlara), videomühazirələrə,veb seminarlara baxmaq olar. Özü də bunu müntəzəm etmək lazımdır- sizi daha çox əhatə edən məişət üslubu intellektə üstün gəlməməlidir.
4. Yaddaşın inkişafı Söz ehtiyatı yaxşı yaddaş tələb edir. Yaddaşı gücləndirmək, onunla xüsusi məşğul olmaq isə mürəkkəb prosesdir və bu, çox vaxt tələb edir. Ona görə yaddaşa anadangəlmə bir keyfiyyət kimi baxmalıyıq.
Bəs nə etməli? Yadda saxlamaq üçün yaddaşı yaxşılaşdırmaq yox, yaddaşı yaxşılaşdırmaq üçün yadda saxlamaq lazımdır. Hər lazımsız məlumatla doldurub beyni yükləmək olmaz, faydalı və gərəkli olanları verəndə isə o özü inkişaf edir.
Daha dəqiq desək, bir sözü yadda saxlamaq istəyirsinizsə, onu nitqdə mümkün qədər çox işlətmək lazımdır, bu yaddaşın da yaxşılaşmasına səbəb olur. Nə qədər çox söz bilib onları tez-tez işlətsəniz, yeni sözləri yaddaşa yazmaq bir o qədər asanlaşar.
İfadəlilik və inam Sözü “çeynəyə-çeynəyə” danışaraq fikri gözəl ifadə etmək olmaz. Yadınıza salın görüm, heç olubmu ki, inamsız və nıqqıldayan bir adama heyran olasınız?
Xarizma isə ayrı aləmdir! Duruş, inamlı görkəm, cəlbedici səs, düzgün vurğular... İdeal natiq modelinə yaxınlaşmaq üçün bu məsləhətlərə əməl etmək olar:
Söhbət zamanı özünüz haqda düşünməyin, zahiri görkəminiz barədə qəti fikirləşməyin. Ancaq deyəcəklərinizə köklənin Qarşınızdakı obyekti ancaq təsəvvür edin (ona fikir verməyin), biliyinizə isə heyran olun! İlk vaxtlarda belə düşüncələri idarə etmək çətin olsa da, sonralar bu, avtomatik olacaq.
Bu üsulun köməkliyi ilə həyəcan azalacaq, tam söhbətə yönələcəksiniz. Belə həlledici vaxtda elə bir məqam yaranır ki, beyin yalnız bir fikri tutmaq iqtidarında olur. Əgər həmin anda dilin dolaşması və kütləşmək olmasa, sözlər özü axıb getməyə başlayacaq. Bu da ona görə baş verir ki, beyin bütünlüklə söhbətə köklənir, deməli cümlələri çevik tapa bilir.
Diktafon. Kamera Öz çıxışınızı bir elektron vasitəyə yazın, sonra ona qulaq asın. Birincisi-səs sizə yad görünəcək, ikincisi- o dəqiqə öz qüsurlarınızı eşidəcəksiniz.
Hansı qüsurlar ola bilər:
Problemi biləndən sonra onunla mübarizə aparmaq asandır. Əsas nəyə diqqət yetirmək lazım olduğunu müəyyənləşdirin, hər şeyi, özü də bir anda düzəltmək haqda isə qəti düşünməyin.
“Havanı” hiss edin
Söhbət etdiyiniz adamın təbini tutun, qoy o sizi xoş həmsöhbət kimi xatırlasın. Onda siz əsəbi və darıxdırıcı natiqlərdən fərqlənəcəksiniz.
Xoşa gəlməyə çalışmayın
Nə varsa, odur! Reallığı olduğu kimi qəbul etmək ən yaxşı əminlikdir! Əminlik isə natiq üçün vacib şərtdir. Əzilib-büzülməklə, yaltaqlanmaqla ünsiyyəti yalnız korlamaq olar.
Təbiilik-həmişə etibar yaradır. Özünüzü nə qədər sadə və rahat tutsanız, söhbətə bir o qədər tez qoşula bilərsiniz. İstədiyiniz fikri də asan ifadə edə bilərsiniz.
Cəlbedicilik Sizin çıxışınız bütün vasitələrlə diqqət cəlb etməlidir. Hardasa dayanmaq, hardasa səsi qaldırmaq, hardasa pauza etmək lazımdır. Qarşınızdakını yuxu basmamalıdır, o, sizin söhbətin içində olmalıdır.
Söhbəti gözəlləşdirmək üçün bir neçə üsul:
Əsas odur ki, utanmayasınız! Əgər emosiyalar içdən gəlirsə, bundan ancaq qazanmaq olar! Bu, sizin dürüstlüyünüzü və səmimiliyinizi göstərəcək, nəticəsi də xeyrinizə olacaq.
Son olaraq B.Vahabzadə demişkən, “...Yerimək öyrənirik, Biz yıxıla-yıxıla.” Səhvlərdən qorxmayın, onlardan öyrənməyə çalışın. Unutmayın ki, sizi dinləyənin də min dərdi var, işi-gücü elə sizin səhvləri qeyd etmək deyil. Ya sizi başa düşəcək, ya da uzağı gülümsəyəcək. 5 dəqiqədən sonra isə bunu tamam unudacaq.
Nəticə Fikri ifadə etməyi öyrənmək, əslində təsəvvür etdiyinizdən çox asandır. İstək olsa, zəhmətsevərliklə buna nail olmaq olar. Əsas yadda saxlayın: kəndir nazik yerindən qırılar, çalışın, bütün məqamlara diqqət yetirəsiniz, zəif yer qalmasın!
Fikrət ŞİRİYEV, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti |
|
27.02.2021 | 13:15 | |
|
|
|