Gəncə Dövlət Universiteti məqsədli qrant müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, ölkənin akademik qurumları və ali təhsil müəssisələrində aparılan təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi araşdırma və tədqiqatların  dəstəklənməsinə, elmi fəaliyyətin stimullaşdırılması və alimlərə əlavə yaradıcılıq imkanı yaradılmasına yönəlmiş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədi ilə  müsabiqələr keçirir. Fondun Himayədarlar Şurası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırmaqla, elmi prioritetlərə uyğun olaraq keçirilən “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinin nəticələri elan edilib.

 

“Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələri, institut və laboratoriyaları, bölmə və mərkəzləri, eləcə də digər uyğun strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək üçün akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələrin müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə maliyyələşdirilməsi məqsədi ilə keçirilib. Bu tip layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində əsas məqsəd müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradılmasıdır.

 

“Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun müvafiq qərarı ilə təsdiq olunub. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək – 51,45% olub. Fizika-riyaziyyat və texnika elmləri üzrə 21, kimya elmləri üzrə 11, Yer haqqında elmlər üzrə 9, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar və ictimai elmlər üzrə isə 17 layihə qalib olub. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir.Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 90 min manat təşkil edib.

 

70 layihənin icra müddəti 1 il, 1 layihənin icra müddəti isə 2 ildir.

 

Qalib layihər arasında olan Gəncə Dövlət Universitetinin layihəsi “Mis və gümüşün çoxkomponentli xalkogenidləri əsasında yeni superion keçiricilərinin və termoelektrik materiallarının alınması və tədqiqi” adlanır. Universitet bu layihəni AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə birgə təqdim etdiyi üçün birlikdə də yerinə yetirəcək. Layihə 2018-ci ilin 2-ci yarısından başlayaraq maliyyələşdiriləcək. Layihədə rəhbər, həm rəhbər və icraçılar olmaqla ümumilikdə 6 nəfər fəaliyyət göstərəcəkdir. Layihənin icra müddəti 12 ay və ümumi büdcəsi 60 000 (altmış min) AZN təşkil edir.

 



13.06.2018 | 15:02