Azərbaycan ilk dəfə öz Scientix səfirləri ilə təmsil olunacaq | |
Avropanı əhatə edən Scientix cəmiyyəti 2021-2022-ci ildə elm və STEM-in təbliğində fəaliyyət göstərməsi üçün öz səfirlərini elan etdi. Sevindirici haldır ki, Scientix səfiri elan olunmuş Avropa təhsil işçiləri sırasında ilk dəfə azərbaycanlı müəllimlər də var.
Təyin olunmuş Scientix səfirlərindən biri Sumqayıt şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Aliyə Əhmədovadır.
“Azərbaycan müəllimi” qəzetinə danışan Aliyə Əhmədova Scientix cəmiyyəti haqqında qısa məlumat verib:
- Scientix cəmiyyəti 1997-ci ildən Brüsseldə fəaliyyətə başlamış European Schoolnet (EUN) təşkilatı tərəfindən koordinasiya olunur. Əsas üzvləri tədris prosesində innovasiyaları dəstəkləyən, Avropanı əhatə edən 32 ölkənin Təhsil Nazirliyidir. Scientix Avropa miqyasında STEM müəllimləri, STEM təhsil mütəxəssisləri və təhsil tədqiqatçıları arasında əməkdaşlığı dəstəkləyən, elmi təbliğ edən beynəlxalq cəmiyyətdir. Scientix cəmiyyətinin onlayn portalı da var: Scientix portalı http://scientix.eu. Scientix portalı özündə STEM məzmunlu yerli və onlayn tədbirlər, vebinarlar, ustad fəaliyyətləri, onlayn təlim kursları, konfranslar, nəşrlər, e-resurslar, videolar və s. ehtiva edir.
Scientix Avropada STEM-in əhatə dairəsinin artırılması məqsədi ilə hər il Scientix səfirlərini təyin edir; onlar beynəlxalq, milli və lokal səviyyədə Scientix məzmunlu tədbirlərin təşkilinə, STEM resurslarının istifadə və artırılması prosesinə rəhbərlik edirlər. Qeyd edim ki, 2021-2022-ci il üçün Scientix səfiri seçimləri bir neçə mərhələdən ibarət oldu. Birinci mərhələdə 7 sentyabr-2 dekabr 2020-ci il müddətində “STEM is everywhere” və “İntegrated STEM teaching” 42 saatlıq onlayn təlim kursunu bitirmiş müdavimlər xüsusi STEM layihə təklifini verməli, eyni zamanda bu təlimlərdə iştirak edən başqa 3 müdavimin layihə təkliflərini xüsusi rubriklə obyektiv qiymətləndirməli idi.
İkinci mərhələdə, ilk mərhələni 95 faizilik nəticə ilə yekunlaşdıra bilmiş müdavimlərin siyahısı Scientix üzvü olan, Avropanı əhatə edən 32 ölkənin Təhsil nazirlikləri tərəfindən təsdiq olundu. Daha sonra üçüncü mərhələdə təsdiq edilmiş müdavimlər “Scientix səfirləri təlimi”ndə iştirak haqqı qazanmış oldu. 4-24 fevral 2021-ci müddətində 3 modul təlim üzrə xüsusi təlim materialları, videolar və qiymətləndirmə prosesində ümumi 95 faizlik nəticə göstərə bilmiş təhsil işçiləri Scientix səfiri təyin olunma barədə e-məktub aldılar. Qarşıda isə bizi, Avropanın 32 ölkəsindən seçilmiş Scientix səfirlərini, 1 mart tarixində ilk “Scientix səfirləri görüş paneli” gözləyir. Ümid edirəm ki, təhsildə inkişaf və innovasiya istiqamətində xüsusi çəkiyə malik olan STEM və STEAM-ın ölkəmizdə təbliğində, bu istiqamətdə müəllimlərin peşəkar inkişafının dəstəklənməsində beynəlxalq cəmiyyət və platforma olan Scientix resurslarının istifadəsini əlçatan edə biləcəyik. |
|
27.02.2021 | 10:42 | |
|
|
|