BMU-da Xocalı soyqırımına həsr olunan anım tədbiri | |
Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
BMU-nun rektoru, professor Havar Məmmədov erməni faşizminin təzahürü olan Xocalı soyqırımının bəşər tarixinin faciəli səhifələrindən biri olduğunu bildirib. Dinc azərbaycanlı əhaliyə, ümumilkdə insanlığa qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi olan Xocalı faciəsindən ətraflı bəhs edən rektor soyqırımın tanınması bağlı müvafiq prosedurların məhz Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra gerçəkləşdiyini, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevralın Xocalı Soyqırımı Günü elan edildiyini bildirib. Ötən dövrdə faciənin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görülən digər mühüm tədbirləri qeyd edən H.Məmmədov xüsisilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan genişmiqyaslı addımları diqqətə çatdırıb. İndiyə qədər 10-dan çox ölkənin və İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırımı kimi tanıdığını söyləyib.
H.Məmmədov bildirib ki, bu il xalqımız Xocalı soyqırımının ildönümünü qalib dövlətin nümayəndələri kimi anır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər nəticəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunduğunu bildirən rektor Azərbaycan Ordusunun düşmən üzərində tarixi qələbə qazanaraq şəhidlərimizin, Xocalının günahsız qurbanlarının qisasını aldığını vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərdən ətraflı danışıb və soyqırımla bağlı tarixi faktlara toxunub. Xocalı faciəsinin təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu vurğulayan millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz igidliklər göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını bildirib. A.Abbas vurğulayıb ki, xalqımız Prezidentin ətrafında yumruq kimi birləşərək tarixi qələbə əldə edib.
Sonra BMU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova çıxış edərək Xocalı faciəsinin təkcə xalqımıza qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli və qəddar cinayətlərdən biri olduğunu söyləyib.
Sonda Xocalı faciəsinə həsr olunan sərgiyə baxış keçirilib. Sərgidə faciə ilə bağlı tarixi faktları özündə əks etdirən kitablar, sənədlər, fotolar və BMU tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirilib.
|
|
26.02.2021 | 16:30 | |
|
|
|