“Əsgərlərimiz yerə uzanıb torpağı öpüb sevinirdilər”

Bakıdakı 165  nömrəli  tam orta məktəbin çağırışaqədərki hazırlıq müəllimi, ordumuzdan  yenicə tərxis olunan qazimiz  Rəşad Məlikəliyev “Qarabağ gündəliyi” rubrikasının qonağıdır. Sentyabrın 29-dan döyüşlərdə iştirak edən Rəşad müəllimlə 44 günlük müharibədən danışdıq.

 

- Rəşad müəllim, bütün dünyaya səs salan  44 günlük müharibədə  iştirak etdiyiniz döyüşlər barədə nə deyə bilərsiniz?

- Biz əsasən Murovdağ istiqamətində xidmətə başladıq.  Ordu irəli getdikcə biz də alınan mövqelərin mühafizəsi və müdafiəsi istiqamətində işlərimizi davam etdirirdik. Hamının bir amalı var idi, ancaq irəli getmək. Hər gün yeni ərazilər işğaldan azad olunduqda əsgərlərin sevincinin həddi-hüdudu olmurdu. Ordumuz çox güclü idi.

 

 

Mən 14 ildir ki, bu məktəbdə dərs deyirəm. Bu müharibədə mənim şagirdlərimdən  Əbülhəsən Eyvazov, Rövşən Rüstəmov və Sübhan Abdurrəhmanovun Füzuli istiqamətində gedən döyüşlərdə  vuruşaraq qəhrəmancasına şəhid olmasına çox üzüldüm.   Onlar cənub istiqamətində, mən isə Murov dağ yüksəkliyi uğrunda döyüşlərdə iştirak edirdim. Bir anılıq onlara dərs dediyim və onlarla bağlı xatirələrim gözümün önündə canlandı. Onların məktəbdə oxuduqları vaxt  da çox mərd, cəsur, qorxmaz və qeyrətli   uşaqlar olduğunu bilirdim. Onların üçü də bir neçə il bundan əvvəl əsgərlikdə olmuşdu. Döyüşlərə  könüllü qatılmışdılar. Qəhrəman şagirdlərimlə fəxr edirəm. Ancaq düşünürəm ki,  kaş mən şəhid olaydım, şagirdlərim yox...  

 

- Şagirdləriniz yaşda əsgərlərlə döyüşlərdə hansı hissləri keçirirdiniz,  maraqlı,  yadda qalan xatirələrdən biri barədə danışa bilərsinizmi?

- Şəhid olan qəhrəmanlarımıza, igidlərimizə Allah rəhmət eləsin. Onların hamısı ilə fəxr edirəm. Qazilərimizə tez sağalmağı arzu edirəm. Mən o igidlərlə bir yerdə olmaqdan qürur duydum. Xalqımız çox qeyrətli oğullar yetişdirib. Azərbaycan analarının qarşısında baş əyirəm. İgidlərimiz müharibəyə yox, elə bil toy-bayrama gedirdilər. Onların hamısının qəlbində qisas hissi var idi. Qorxu deyilən bir şey qətiyyən yox idi. Ölümü gözlərinin qabağına alıb, lakin düşməni öldürmək üçün irəli gedirdilər. Hər bir kənd, rayon  alındıqca ordumuz bir az da güclənirdi. Onlarda düşmənə nifrət hissi daha da artırdı. Elə məqamlar olurdu ki, düşmən postlarına tək girərək postu ələ keçirirdilər. Heç bir çətinlik Azərbaycan əsgərinin qarşısını ala bilmirdi.  Onlar bir daha bütün dünyaya  sübut etdilər ki, bizim damarımızdan  türk qanı axır. Döyüşlərdə bir-birini qoruyaraq, öz canlarını təhlükəyə ataraq yoldaşlarının canını qurtarmağa çalışırdılar. Bəzən isə yoldaşlarını xilas edən zaman özləri düşmən snayperinə tuş gələrək qəhrəmancasına şəhid olurdular.

 

Bəli,  Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi 4, 5 mərhələli müdafiə xətti və  7-8 metr dərinlikdə xüsusi maneələr, istehkamlar qısa müddətdə darmadağın edildi. Müzəffər Ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı, nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Müharibədən sonrakı vaxtlarda da mən hərbiçi yoldaşlarımızla birlikdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Lacın rayonlarımızda sərhədlərimizin təşkili istiqamətində xidmət etdim.

 

- Rəşad müəllim, 30 ilə yaxın idi ki, biz işğal altında olan torpaqlara addım ata bilmirdik.  Çox maraqlıdır, ordumuz irəlilədikcə siz həmin torpaqlarda olan  döyüşçü kimi hansı hissləri keçirirdiniz?

- Mən həm də tarixçiyəm. Bir tarixçi kimi fərqli hisslər keçirdim. İlk qədəm qoyanda həmin torpaqlara getdikcə gedirsən. Yəni, öz aləmində düşünürsən ki, doğrudan da  bizim belə bir-birindən gözəl  yerlərimiz var. Çox böyük ərazilərimiz var. Maşallah. Hər rayona girəndə bütün əsgərlərimiz yerə uzanıb, torpağı öpüb sevinir, Allaha şükür edirdilər. Çoxumuz sevincimizdən hönkürtü ilə ağlayırdıq. Doğrudan da deyirlər ki, Vətən insanı özünə çəkir. Mən o hissləri o yerlərdə yaşadım. Elə zabitlərimiz, əsgərlərimiz var idi ki, onlar 4-5 yaşında həmin torpaqlarda olublar. Sonra isə mənfur düşmən onları yurd-yuvalarından didərgin salıb. Allaha and olsun, o əsgərlərin sevinc hissləri ömür boyu mənim yaddaşımdan silinməyəcək.

 

- Vətənpərvər igidlərimizin milli ruhda böyüməsində valideynləri ilə yanaşı məktəb mühitinin də rolu danılmazdır. İstərdik bu barədə də fikirlərinizi öyrənək?

- Bu gün  gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunmasında ümumtəhsil məktəblərinin rolunun danılmaz olduğu hər kəsə məlumdur. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan  dövlət müstəqilliyini bərpa etdikdən sonra orta məktəblərdə gənclərin vətənpərvər ruhda tərbiyəsi işinə diqqət daha da artırılıb. Artıq ümumtəhsil müəssisələrində gənclərimiz tarixi şəxsiyyətlərimiz, sərkərdə və milli qəhrəmanlarımız barədə ətraflı bilgilərə sahib olurlar ki, bu da onların vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir göstərir.

 

- Sonda bizimlə bölüşmək istədiyiniz nə ürək sözünüz varsa, buyurun, Rəşad müəllim...

 - Bir daha qeyd etmək istərdim ki, 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə 28 il düşmən tapdağında inləyən Vətən torpaqlarını işğaldan azad etdi.  Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, Rəşadətli Əsgər və zabitlərimizdir.

 

Rəşad ZİYADOV

 



26.02.2021 | 12:46