“Müəllim peşə sahibi yox, söz sahibi kimi tanınmalıdır”

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı dünyaca məşhur təhsil tədqiqatçısı, finlandiyalı professor, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyində baş direktor işləmiş, Harvard Universitetinin qonaq professoru, Dünya Bankının baş təhsil mütəxəssisi kimi fəaliyyət göstərmiş Pasi Sahlberg olub. P.Sahlberg dünyanın Harvard, Toronto, Kolumbiya kimi nüfuzlu universitetlərinə dəvət olunur, orada təhsil təcrübələrini bölüşür.

 

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramın 20 fevral 2021-ci ildə yayımlanan növbəti bölümündə Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəbləri kimi məsələlər müzakirə edilib.

 

Şuşa Realnı Məktəbi

 

Proqramın aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsimi Finlandiya təhsilini dünyaya tanıdan Pasi Sahlbergi Azərbaycanın 190 illik tarixə malik ilk dövlət məktəbi olan Şuşa Realnı Məktəbinin təsviri qarşısında salamlayaraq bu qədim təhsil məbədi haqqında qısa məlumat verib. Şuşa Realnı Məktəbində Azərbaycanın Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi bir çox dahi şəxsiyyətlərinin yetişdiyi vurğulanıb. Aparıcı 1992-ci ilin may ayında Şuşa şəhərinin işğalından sonra məktəbin ermənilər tərəfindən dağıdıldığını, 2020-ci ilin noyabrında Azərbaycanın Vətən müharibəsində zəfər çaldığını qonağın diqqətinə çatdırıb.

 

Cəfər Mənsimi Pasi Sahlbergin təcrübələrinin ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd edilən “XXI əsrin tələblərinə uyğun təhsil”i təkmilləşdirmək məqsədinə xüsusi töhfə verəcəyinə inandığını vurğulayıb.

 

Müəllim olmaq arzusu...

 

Professor Pasi Sahlberg görüş zamanı onu müəllimliyə aparan səbəblər, illər öncə Finlandiya təhsilinin heç də ürəkaçan olmaması, buna görə də ölkəsinin təhsildə islahatların aparılmasını qarşısında məqsəd qoyduğu məqamlar haqqında çox maraqlı məlumatlar verib. O, təhsilə yenilik gətirmək, şagird maraqlarını ön plana çəkmək, onların ideyalarını, fikirlərini öyrənərək hər birini tədqiqatlara cəlb etmək kimi planlarını müəllimlik fəaliyyəti zamanı həyata keçirib. Onun dərsləri zövqü oxşamağa, əyləncəli olmağa, hər hansı bir tapşırığın həllində bütün şagirdlərin eyni zamanda iştirakına, onların maksimum dərsə həvəsləndirilməsinə yönəlib. Belə dərslərdən birini professor Bakı şəhərində yerləşən 60  nömrəli məktəbdə keçdiyini diqqətə çatdırıb.

 

Pasi Sahlberg məktəb qurarsa...

 

P.Sahlberg “əgər öz məktəbini qurarsa, bu, necə bir məktəb olar” sualına verdiyi cavabla da diqqəti cəlb edib. O, qeyd edib ki, özü bir məktəb qurarsa, həmin məktəbin digərlərindən fərqini təhsil prosesində kollektivçiliyə xüsusi önəm verilməsi, məktəbin əməkdaşlıq ruhu ilə seçilməsi, məktəbin fəaliyyətində və idarə olunmasına şagirdlərin cəlb edilməsi, tədris zamanı real problemlərin araşdırılması və həlli yollarının tapılması, müəllim və şagirdlərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına böyük önəm verilməsi, müəllim-tələbə sintezinin təmin edilməsi olacaq.

 

Təhsil dünyasında tətbiq etdiyi ideyalara gəldikdə P.Sahlbergin “müəllimlər təsisatı” ideyasının həyata keçirilməsi, yəni, təhsil prosesində müəllimlərə söz sahibi olmaq hüququnun verilməsi, tələbələrin maraqlarını dəstəkləyən təhsil sisteminin qurulması, müəllim-tələbə əməkdaşlığının ön plana çəkilməsi təklifləri xüsusi maraq kəsb edir.

 

Finlandiya təhsili və miflər

 

Dünyanın top 10 universitetindən çıxış etmək üçün dəvət alan professor Finlandiya təhsili ilə bağlı miflərdən də danışıb: “Birinci mif Finlandiya məktəblərinin müxtəlif qiymətləndirmə reytinqlərində birinci yerləri tutması fikridir. Həmçinin Finlandiyanın təhsil nəticələrini ölkədə havanın çox soyuq olması, bu soyuqda əsas məşğuliyyətin yalnız təhsildən ibarət olması, eləcə də kiçik ölkə olması, burada mədəniyyət müxtəlifliyinin olmaması ilə əlaqələndirənlər yanılırlar. Çünki təhsil nəticələrinin ölkənin miqyası, coğrafi yerləşməsi, mədəni müxtəlifliyi ilə əlaqəsi yoxdur. Axı biz deyə bilmərik ki, miqyası və iqlimi Finlandiya ilə eyni olan ölkələrin təhsil nəticələri də eynidir. İkinci mif Finlandiyada ev tapşırıqlarının olmamasıdır. Təbii ki, Finlandiyada da ev tapşırıqları var. Sadəcə onların təyinatı fərqlidir. Üçüncü mif isə budur ki, dünyada ən yaxşı təhsil sisteminin Finlandiyada olduğunu deyirlər. Halbuki bunun meyarlarını müəyyənləşdirmək çətindir. Ümumiyyətlə,  finlilərdən soruşsanız, onlar öz ölkələrinin ən yaxşı təhsil sisteminə malik olduğunu iddia etməyəcəklər”.

 

Bu məqama uyğun olaraq professorun çox faydalı məsləhətlərinə diqqət çəkmək vacibdir: 1.Təhsil sistemində bir baxış olmalıdır, əsas hədəf müəyyən edilməlidir və hədəf həvəsləndirici olmalıdır; 2.Müəllimlər yaxşı hazırlanmalı və səlahiyyətləndirilməlidir; 3.Sistemli investisiyalar, təhsilin keyfiyyətinə yatırımlar edilməlidir, bununla belə, heç bir müəllim və şagird kənarda qalmamalıdır.

 

Beynəlxalq qiymətləndirmə proqramlarındakı geriləmə

 

P.Sahlberg verilən suallara cavab olaraq Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarındakı geriləməsinin səbəblərini də açıqlayıb: “Təhsil sistemləri tənəzzül yaşayır. Ümumi bir geriləmə var. Finlaniyanın beynəlxalq qiymətləndirmə proqramlarında geriləməsinin səbəbləri ilə bağlı bunları təxmin etmək olar: şagirdlərin məktəbdəki vaxtı və asudə vaxtları arasındakı fərq, onların getdikcə daha az oxuması və texnologiyaya etibar etmələri, şagirdlərin yuxuya daha az vaxt ayırması”. Professor bir maraqlı məqama da toxunub ki, geriləmə əsasən qızlarda deyil, oğlan şagirdlərində müşahidə olunur.

 

Finlandiyada müəllim seçimi və meyarları

 

Finlandiyada müəllim seçimi meyarlarından da danışan Pasi Sahlberg ömür boyu şagird qalacaq tədqiqatçı ruhlu müəllimlərə üstünlük verməyə çalışıldığını xüsusi vurğulayaraq qeyd edib ki, müəllim olmaq istəyən şəxlər ciddi seçimdən keçir. Onlarda ixtisas fənni ilə yanaşı çərçivədən kənar düşünmə, tənqidi düşüncə, tədqiqat və komanda ilə işləmək bacarıqları axtarılır, humanist və mənəvi-əxlaqi, şəxsi keyfiyyətləri xüsusi ilə dəyərləndirilir. Həmçinin başqasının ehtiyacını başa düşən və qarşıdakı şəxsə “bacaracaqsan” mesajını verə bilən şəxslərə üstünlük verilir. Namizədlər nə üçün müəllim olmaq istədiklərini aydın və inandırıcı şəkildə əsaslandırmalıdırlar.

 

Professor qeyd edib ki, Finlandiyada müəllim olmaq istəyən şəxs mütləq magistr dərəcəsi alır və bu prosesdə tələbələr elmi-tədqiqat işləri aparır, güclü akademik biliklərə yiyələnirlər. Onlar ixtisas fənlərini mükəmməl öyrənirlər.

 

Uğur resepti

 

P.Sahlberg təhsildə uğur əldə etmək istəyənlər üçün resept də bölüşüb: “Təhsil sistemində ilhamverici bir baxış, arzu, məqsəd olmalıdır. Siz təhsili hansı hədəfə doğru aparırsınız? Bundan başqa müəllimləri yaxşı hazırlamalı və səlahiyyətləndirməli, onları həmişə inkişaf etdirməli, tədris prosesində müəllimlərə söz sahibi olmaq, nəyi necə tədris etmək hüququnu verməlisiniz. Ən nəhayət, sistemli investisyalar etmək lazımdır və bu, hər bir şagird üçün uğurlu olmalıdır. Tapşırıqlar elə olmalıdır ki, onu tək kimsə edə bilməsin. Tapşırığın həllində hamının payı olsun. Həmçinin kiçik Datanın böyük Datadan daha səmərəli olduğu nəzərə alınmalıdır. Kiçik Data bu və bənzər suallara cavabı əks etdirir: Niyə uşaqların hansısa fənnə marağı yoxdur? Onlarla söhbətə üstünlük verməklə, fərdi yanaşmaqla münasibətlərini başa düşə bilərsiniz”.

 

Oxşar təhsil sisteminin riskləri

 

Digər önəmli məqam qabaqcıl ölkələrin təcrübələrini yamsılamamaqdır. Pasi Sahlberg son dövrlərdə bir çox ölkələrin təhsil sisteminin bir-birinə oxşamasının həqiqətən virusa bənzədiyini və çox təhlükəli olduğunu önə çəkib. Bunun yerinə ehtiyaclara uyğun olan qabaqcıl təcrübədən istifadə edilməlidir. Qlobal səviyyədə təhsil islahatlarının dünyada geniş vüsət aldığını deyən professor təhsildə, biliklərin qiymətləndirilməsində eyniləşmə, şagirdlərin bu prosesdə kənarda qalmasının göstəricilərin zəifləməsinə, əzbərçiliyə gətirdiyini bildirib. P.Sahlberg buna əlac olaraq digər ölkələrin təhsil təcrübəsini təkrarlamaq əvəzinə, yeni bir yanaşma gətirmək, real vəziyyətə uyğun qabaqcıl ideya irəli sürmək, məktəblərin peşəkar səviyyəsini artırmaq kimi təkliflər irəli sürüb. 

 

Məktəblərin maliyyələşməsi haqqında suala cavab olaraq professor nəzərə çatdırıb ki, Finlandiya məktəblərinin maliyyələşməsinin 20% mərkəzi,  80% isə yerli hakimiyyət orqanlarının payına düşür.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Pasi Sahlberg belə cavablandırıb: “Müəllim xidmət göstərən peşə sahibi yox, bir söz sahibi kimi tanınmalıdır. Bunun üçün ulduzun birinci guşəsi müəllimlərin təşkilatlanmasından, bir agentlik formalaşdırmasından ibarət ola bilər. İkinci guşə şagirdlərin tədrisdə aktiv iştirakının təmin edilməsi, onların maraqlarının nəzərə alınması və onlara fərdi yanaşmadan ibarətdir. Nəzərə alınmalıdır ki, şagirdlərin maraq dairəsi fənlərdən daha genişdir.Növbəti guşədə şagird və müəllimlərin firəvanlığı, əhvali- ruhiyyəsi nəzərə alınmalıdır. Peşəkarlığın daim inkişafı, müəllimin həmişə şagird olaraq qalması digər guşəni formalaşdırır. Digər önəmli guşə məktəb daxilində əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Öyrənənlər tədris prosesindən zövq almalıdırlar. Bunun üçün tədrisdə oyunlara xüsusi diqqət ayrılmalıdır. Çünki yeni əsrin bacarıqları yaradıcılıq, problemləri həlletmə, tənqidi düşüncə, müzakirə aparmaq, kollektivçilikdir. Bütün bu bacarıqlar oyunlar vasitəsi ilə aşılanır. Bu məqamı nəzərə alsaq, 6-cı guşə yaranır. 7-ci guşə sualdır.  Nəyə doğru can atırıq? Hədəfimiz nədir? Hədəf daim gözümüzün qarşısında olmalıdır. 8-ci, yəni, sonuncu guşə olsa da digərləri qədər əhəmiyyətli olan məsələ şagirdlərin niyə oxuduğunu başa düşməsi və onlarda öyrənmə həvəsinin artırılmasıdır. Tədris prosesi elə qurulmalıdır ki, öyrənən həm öz daxili aləmini, həm də ətrafındakı dünyanı kəşf etməyə davam etsin”.

 

Yekun olaraq “Yeni çağırışlar” müzakirə proqramının təşkilatçılarına, işçi heyətinə belə bir maraqlı layihənin yaradılmasına görə təşəkkür edirik, layihənin davamlı olmasını arzulayırıq. Bu proqramın Azərbaycan təhsilinin inkişafına verəcəyi müsbət töhfələrdən əminik.

 

Lamiyə ƏLİMƏRDANOVA



26.02.2021 | 12:02