Dinamik peşə təhsil sistemi qurulur | |
Peşə təhsili həm əmək bazarının tələblərini ödəməyə, həm də “gələcəyin peşələri hansılar ola bilər” sualına cavab tapıb həmin peşələr üzrə kadr hazırlığını təmin etməyə çalışır. Əmək bazarına çıxan ən qısa yol olaraq tanınan bu təhsil səviyyəsi iqtisadiyyatın nəbzini tutaraq ona uyğunlaşır. Bu yolla həm özü inkişaf edir, həm də əmək bazarının inkişafına öz töhfəsini verir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində peşə təhsili müəssisələrində aparılan dəyişiklik və yenilikləri əsaslandırmağa çalışıb.
Peşəyə müraciət edənlərin sayı 27 faiz artdı
- Peşə təhsili müəssisələrinə builki tələbə qəbulunun nəticələrini necə qiymətləndirirsiniz? - Pandemiya şəraitində aparıldığına baxmayaraq, qəbul prosesini uğurla başa çatdırdıq demək olar. Qəbul ilk dəfə olaraq elektron formada həyata keçirildi. Peşə təhsilinə müraciətlərin sayında 27 faiz artım müşahidə olundu. 21 566 müraciət qəbul etdik. Onların təqribən 15 minə yaxını 120 ixtisas üzrə peşə təhsili almaq hüququ qazandı.
- Pandemiyadan söz düşmüşkən, məhdudiyyətlərin tətbiq olunduğu ötən bir ildə əsas hissəsi praktik məşğələlərdən ibarət olan bir təhsil səviyyəsində vəziyyətdən çıxmaq çətin olmadı ki? - Pandemiya mühiti təhsil üçün böyük çağırışlar ortaya qoydu. Peşə təhsili üçün bu çağırışlara cavab vermək, əlbəttə ki, çətin oldu. Çünki peşə təhsili mahiyyət etibarilə praktiki təlimlər və istehsalat təcrübəsinə əsaslanan bir öyrənmə prosesidir. Sevindirici odur ki, mövcud vəziyyətdən müəyyən dərslər çıxartdıq. Məzmunun ötürülməsinin yeni kanalını müəyyənləşdirib 300-ə yaxın teledərs çəkdik və çəkilişlər hələ də davam edir. Hazırladığımız videodərslər indi də “ARB Günəş” kanalında yayımlanır.
2020-ci il həm də Vətən müharibəsində Böyük Qələbəmiz və torpaqlarımızın azad edilməsi ilə əlamətdar oldu. Köçkün həyatı yaşayan 12 təhsil müəssisəmiz vardı. Onlardan altısı fəaliyyətini tam dayandırmışdı, digər yarısı isə ayrı-ayrı rayonlarda fəaliyyətini davam etdirirdi. Artıq işğaldan azad olunan ərazilərimizdə təhsil müəssisələrimizin fəaliyyətinin bərpa olunması istiqamətində işlərə başlayacağıq. Yeni quruculuq işləri iqtisadi planlaşdırmadan asılı olacaq. Peşə infrastrukturunu və təhsil proqramlarını torpaqlarımızın uzunmüddətli iqtisadi inkişaf prioritetlərinə uyğunlaşdırması əsas vəzifələrimizdən biridir. Bu istiqamətdə əlaqədar dövlət qurumları ilə yaxından əməkdaşlıq edirik.
Elə dinamik sistem qurulmalıdır ki...
- Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması müəssisələrin birləşdirilməsi, müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması ilə nəticələndi. Birləşdirilmələr özünü doğrultdumu, yoxsa yeni birləşmələr gözləniləndir? - Peşə təhsilindən danışırıqsa, burada dəyişiklik hər zaman gözləniləndir, çünki peşə təhsili dəyişməkdə olan iqtisadiyyatın tələblərinə uyğunlaşmağı bacarmalıdır. Peşə təhsil sistemi ən tez geribildirim alan sahədir. Bu baxımdan məzunlarının neçə faizinin əmək bazarında uğurlu olduğunu bilmək müəssisədə təhsilin keyfiyyətini, tələblərə cavab verib-vermədiyini müəyyənləşdirmək üçün dəyərli məlumatdır. Eyni zamanda, 20 il sonra əmək bazarında hansı peşələrin qalacağını, hansı ixtisaslara ehtiyac yaranacağını təxmin etmək elə də asan deyil. Ona görə də elə dinamik sistem qurulmalıdır ki, tələblərə uyğun daim dəyişə bilsin; yəni dəyişməyə daim hazır olan bir peşə təhsil sistemi olsun.
Sistemi qurarkən də cavabını verməli olduğumuz suallar çıxır ortaya. İqtisadiyyatın tələblərinin dəyişdiyi, nəinki onilliklər, az qala bir neçə ildən bir yeniləndiyi bir dövrdə vacib suallardan biri odur ki, hər rayonda peşə təhsili müəssisəsi lazımdırmı? Məsələn, Bərdədə fəaliyyət göstərəcək peşə təhsil müəssisəsi böyük bir regionun aqrar istiqamət üzrə ixtisaslı kadrlara olan tələbatını ödəyirsə, eyni iqtisadi regionda yaradılacaq ikinci peşə təhsili müəssisəsinin də aqrar sahə üzrə kadr hazırlamağına ehtiyac varmı?
Ümumən, ölkəmizdə peşə təhsili müəssisələrinin sayı nə qədər olmalıdır və onların hamısında ən müasir emalatxanalara ehtiyac varmı? Məlum məsələdir ki, sənaye çox sürətlə inkişaf edir və peşə təhsil müəssisələri prosesə uyğun dəyişməlidir. Onda başqa bir sual ortaya çıxır: Bu dəyişikliyə onların hamısının imkanı olacaqmı? Ümumiyyətlə, bazarda mütəmadi olaraq yenilənən texnologiyanı peşə təhsil müəssisəsinin öz emalatxanasında təmin etməyinə ehtiyac varmı? Düşünəndə görürük ki, heç də həmişə bunu əsaslandırmaq olmur. Çünki işəgötürən onsuz da yeni texnologiyalar tətbiq edir. Peşə təhsil müəssisələri lazımi səviyyədə sosial tərəfdaşlıq əlaqələri qurarsa, bütün məktəblərdə eyni emalatxanalar qurulmasına ehtiyac olmaya bilər; çünki istehsalat təcrübəsi və ya usta yanında şagird modellərindən istifadə etməklə təhsilin praktiki komponentini iş yerlərində əldə etmək olar.
Statusla bərabər böyüyən məsuliyyət
- Rasionallaşdırma və optimallaşdırma prosesinin nəticəsidir ki, peşə təhsili müəssisələri publik hüquqi şəxs statusu əldə edir. Artıq 7 belə müəssisə var. Bu prosesin gedişi gözləntilərinizə uyğundurmu? - Bu il ərzində onların sayının 12 olacağı gözlənilir. Çünki daha 5 təhsil müəssisəsinin sənədləri müvafiq qurumlara təqdim olunub. Proses davam edir. Peşə təhsili müəssisələri bu statusla bərabər üzərinə böyük məsuliyyət götürür. Yeni fəaliyyətlər müəyyənləşdirib, həmin fəaliyyətlər üzrə xidmət göstərib, yeni vəsait gətirməli, həmin vəsaiti isə peşə təhsilinin əsas inkişaf istiqamətlərinə yönləndirməlidirlər. Ona görə də publik hüquqi şəxsə çevrilərkən peşə təhsil müəssisəsinin işəgötürənlərlə qurduğu əməkdaşlıq, tələbə qəbulu, maliyyələşməsi, tanıtımı, fəaliyyət göstərdiyi ərazidə oynadığı rolu xüsusilə əhəmiyyət kəsb edən məqamlardandır. Publik hüquqi şəxs olmaq, ilk növbədə imkan verəcək ki, müəssisə öz ətrafında olan şirkətlərlə əməkdaşlığını genişləndirsin. Müəssisələrimiz ixtisas vermək, ixtisas artırmaq, əlavə bacarıqlar əldə etmək kimi başqa bir çox xidmətləri boynuna götürə bilər. Bu məqsədlə kurslar təşkil edər, qısamüddətli təlimlər keçirər, yeri gələndə sifariş qəbul edib hər hansı sahə üzrə müxtəlif səviyyəli layihələri gerçəkləşdirə bilər. Bütün bunlar zamanın tələbindən irəli gələn vəzifələrdir. Məsələn, texnologiyanın sürətli inkişaf etdiyi bir zamanda hər hansı şəxs ixtisasını bir neçə dəfə dəyişə, yeni bacarıqlara ehtiyac hiss edə bilər. Məhz bu ehtiyacı peşə təhsil müəssisələri ödəyəcək. Təhsil müəssisələrinin ölkə üzrə şəbəkəsinin genişliyini, peşə təhsilinin çevikliyini nəzərə alaraq, fikirləşirik ki, peşə təhsil müəssisələrimiz işəgötürənlər qarşısında çoxsaylı təkliflərlə çıxış edə bilər. Məsələn, böyük şəhərlərimizdə şirkətlərin kadr potensialının gücləndirilməsi ilə bağlı çətinliklərinin səbəbini araşdıra, operativ şəkildə həmin problemi həll edə bilərlər. Həm məzmun, həm tədris baxımından peşə məktəblərində bu imkan olmalıdır. Publik hüquqi şəxs statusu verilən müəssisələr bu tələbatı ödəmək üçün çox güclü alət sayılır. Həmin təhsil müəssisələrimizin maliyyə azadlığı təmin etmələri üçün uzunmüddətli strateji yanaşmaları olmalıdır. Fəaliyyətlərini elə qurmalıdırlar ki, işəgötürənlər onlarla işləməkdə maraqlı olsunlar.
- İşəgötürənlərlə əməkdaşlığı hansı formada artırmağı düşünürsünüz? Hansı səviyyədə əməkdaşlıqdan söhbət gedir? - İşəgötürənlərlə əməkdaşlıq bizim əsas fəaliyyət istiqamətlərindən biridir. İşəgötürənlərin peşə təhsilinin təşkili və tədrisində, həm də müəssisələrin idarəetməsində iştirakı mümkündür. Hesab edirik ki, onların tələblərinə nə qədər düzgün cavab versək, məhsulumuzun, yəni verdiyimiz təhsil və tədrisin keyfiyyəti bir o qədər artacaq. Bir çox müəssisələrimizdə idarəetmə və ya himayədarlar şuralarının yaradılması istiqamətində çalışırıq. Təhsil Nazirliyi və başqa əlaqədar qurumların da təmsil olunacağı həmin şuraların təhsil müəssisələrimizdə istər hesabatlılıq baxımından olsun, istərsə də uzunmüddətli strateji hədəflərin müəyyənləşməsində, həmçinin idarəetmənin təkmilləşməsində mühüm rol oynayacağına inanırıq. Publik hüquqi şəxs statusu əldə edən təhsil müəssisələrimizdən başlayaraq mümkün olan müəssisələrimizin hamısında belə bir fəaliyyətin olmağını arzulayırıq. Ancaq təbii ki, bu, həm də işəgötürənlərin təhsil müəssisələrinin işində iştirakda maraqlı olmağından da asılıdır. Model olmadığından hələlik bu fikrin üzərində işləyirik. Burada nə istədiyimizdən çox, reallıqlar əhəmiyyətlidir. Çünki bilmirik ki, əmək bazarı bütün peşə təhsil müəssisələrinin idarəetməsində iştirak etmək istəyirmi? Yəni, fikrin reallaşması üçün bir araya gəlməli olan tərəflər və uzun bir proses var. Ancaq bu yol qısalmalıdır. Çünki əmək bazarı ilə sıx əlaqə olmadan peşə təhsilinin uzun müddətdə uğuru qeyri mümkündür.
Proqramların qiymətləndirilməsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin funksiyalarından biridir. Qiymətləndirmə prosesində də işəgötürənlərin iştirakı bizim üçün arzuolunandır. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bu təcrübə tətbiq edilir. Növbəti illərdə bu istiqamətdə də işəgötürənlərlə əməkdaşlığı genişləndirmək istəyirik. Onlara çağırış da edirik ki, peşə təhsili müəssisələrindən tələbləri varsa, biz onları eşitməyə hazırıq.
Peşədən ali təhsilə keçid: ilk cığır
- Bu tədris ilinin ən böyük yeniliklərindən biri də peşədən ali təhsilə keçid imkanıdır. Ölkəmizdə yüksək texniki peşə təhsili verən ixtisaslar üzrə ilk qrupların təhsili başlayıb... - Dünyanın bir çox ölkələrində, o cümlədən də ölkəmizdə, peşə karyera baxımından arzuolunan seçim deyil. Bu, həm cəmiyyətdə formalaşan dəyərlər, həm də bir çox digər səbəblərdən irəli gəlir. Yüksək texniki peşə ali təhsil almağı hədəfləyən gənclər üçün müəyyən imkanlar vəd edir. Çünki yüksək texniki peşə subbakalavr dərəcəsi, ali təhsilə müsabiqədənkənar keçid imkanı verir. Ötən il Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində yüksək texniki peşə təhsili verən iki ixtisas üzrə tələbə qəbulu elan edildi. Bu il təqribən 20 ixtisas üzrə yüksək texniki peşə təhsilinə tələbə qəbulu planlaşdırırıq. Üstəlik, bu il Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə yanaşı, digər müəssisələrimizdə də qəbul nəzərdə tutulub. Tezliklə ayrı-ayrı regionlardakı peşə təhsili müəssisələrimizdə də hazırlıqların təşkil edilməsi gözlənilir. Bunun üçün müəllimlər təlimlərə cəlb edilərək hazırlanır və müəssisələrdə müvafiq maddi-texniki baza qurulur.
Gələcəyin ixtisası hansıdır?
- Hansı ixtisaslar üzrə qəbul aparılacaq? - Bu il sənaye və innovasiya yönümlü 10, biznes, turizm və otelçilik, İKT, tikinti və sənaye, kənd təsərrüfatı, logistika və nəqliyyat sahələrini əhatə edən 10 ixtisas olmaqla, cəmi 20 yeni ixtisas üzrə qəbul planlaşdırırıq. Qəbul fərqli peşə təhsili müəssisələrində həyata keçiriləcək. Müəssisələr seçilərkən, əsasən maddi-texniki bazası və mühəndis-pedaqoji heyətinin imkanları nəzərə alınacaq. Ümumi təhsil bazasından gələnlər 4, tam orta təhsil bazasından qəbul olunanlar isə 3 il təhsil alacaqlar. Bu da o deməkdir ki, 3-4 il müddətində bir tələbə ixtisasa yiyələnib əmək bazarına daxil olmaqla yanaşı, bakalavr pilləsində təhsilini davam etdirə biləcək.
- Kadr hazırlığında yeni istiqamətlərdən də söhbət gedir. Bu istiqamətdə iş nə vaxta planlaşdırılır? - Bəli, auditoriyamız, əsasən məktəbi bitirənlər olsa da, ixtisasını dəyişmək, əlavə bacarıqlar əldə etmək istəyənlərin da tələbini ən qısa müddətdə ödəməyə çalışacağıq. Ənənəvi proqramlarla yanaşı, yeni qısamüddətli təlimlərin icrasını planlaşdırırıq. Təlimlərə qəbul əmək bazarının kriteriyalarına uyğun aparılır. Müəyyən təhsili olan birini şirkət işə qəbul edərkən hansı tələblər qoyursa, kadrları məhz həmin tələblər səviyyəsində hazırlayacaq, kursun sonunda onlara dövlət sertifikatı verəcəyik. Hesab edirik ki, qısamüddətli təlimlər ixtisaslarını dəyişmək və ya təkmilləşdirmək istəyənlərə məqsədlərinə çatmaqda yardımçı olacaq.
- Yeni ixtisaslarla bağlı nə yenilik var? Təsnifatın yenilənəcəyi bildirilirdi. Bu prosesdə işlər nə yerdədir? - Qarşımızda duran əsas məsələlərdən biri də odur ki, hansı ixtisaslarla bağlı qəbul aparacağımıza düzgün qərar verək. Bunun da yolu əmək bazarından məlumatlar əldə edib, onların təhlili əsasında qəbulu planlaşdırmaqdır. Məlumatları həm makro, həm də mikro səviyyədə alıb təhlillər aparmağa çalışırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, təhsil müəssisələrimizin ətrafında olan işəgötürənlərdən də tələb olunan ixtisaslarla bağlı məlumat toplayırıq.
- Builki daha bir ilk peşə təhsili müəssisələrinə pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada qəbulu oldu. Nəticə necədir? - Mərkəzləşdirilmiş qaydada aparılan müsabiqənin nəticələrinə əsasən uğur qazanan 171 nəfər peşə təhsili müəssisələrinə işə qəbul olundu. Nəticələri qaneedici saya bilərik. Bundan sonra da belə davam edəcək. Çünki istəyirik ki, işəgötürmə prosesi şəffaflaşsın, iştirak imkanları artsın. Gələcəkdə direktorların və idarəedici bütün şəxslərin də məhz bu yolla seçilməsini planlaşdırırıq.
Keyfiyyətli peşə təhsili alıcının tələblərinə uyğun olandır
- Necə bilirsiniz, təhsil müəssisələri keyfiyyətli təhsilə nail ola bilirmi? - Peşə təhsili müəssisəsinin işinin nəticəsi haqqında fikir yürütmək üçün lazım olan məlumatlar daha əlçatandır. Hər müəssisə hazırladığı kadrlara olan tələbatı müəyyənləşdirməklə işinin nəticəsini qismən ölçə bilər. Bu müəssisə təhsil müəssisəsidirsə, hazırladığı kadrlar işə götürülürmü, bax, bu suala cavab verməlidir. Keyfiyyətli peşə təhsili alıcının tələblərinə uyğun olandır.
Ruhiyyə DAŞSALAHLI |
|
26.02.2021 | 11:32 | |
|
|
|