Xocalıya ədalət | |
“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq...”
Mehriban ƏLİYEVA, Azərbaycanın Birinci vitse-prezidenti
Ötən əsrin 90-cı illərində Azərbaycan öz tarixinin ən mürəkkəb siyasi təlatümlərini yaşayıb. İmperiya buxovlarından qurtulmaq və müstəqillik yolunu seçməklə Azərbaycan öz tarixi inkişaf kursunu müəyyənləşdirdi. Azərbaycanın müstəqilliyi yolunda ilk addımları imperiya qüvvələri və yüz illərlə ölkəmizə qarşı məkrli planlar həyata keçirən Ermənistanın şovinist, bədnam niyyətləri ilə üzləşirdi. Erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin növbəti təzahürü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı aktı idi. Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücüm edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktı ümumən bəşəriyyətə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunub.
Həmin qanlı aksiya zamanı aralarında uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib.
Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılıb. Yalnız Ümummilli Liderin ölkə rəhbərliyinə qayıtmasından sonra Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. 1994-cü ildə ulu öndərimizin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, 26 fevral günü - “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb.
Bu dövrdən etibarən ölkə miqyasında və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanılıb. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində çox ciddi uğurlar əldə olunub.
“Xocalıya ədalət!”
Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Kampaniya ilk gündən Xocalı soyqırımının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasını qarşısına məqsəd qoyub. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.
Kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü fəaliyyətin miqyası ildən ilə genişlənir. Bu illər ərzində Xocalı həqiqətlərini əks etdirən müxtəlif təbliğat və maarifləndirmə vasitələri (nəşr, internet səhifəsi, sosial media və digər) istər ölkəmizdə, istərsə də xarici ölkələrdə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.
Ədalətin təntənəsi
Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət alıb. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. Ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə xaricdə təhsil alan tələbə gənclərimizin fəallıq göstərməsi də bu sahədə işlərin miqyasını və əhəmiyyətini artırmışdır. Kampaniya çərçivəsində aparılan işlər özünün müsbət nəticələrini verib. Artıq Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən ilə artmaqdadır. “Xocalıya ədalət!” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb, Pakistan soyqırımı pisləyən qətnamə qəbul edib, Kolumbiya Parlamenti hadisəni soyqırımı kimi tanıyıb, Çexiya, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, Peru, Honduras, Cibuti parlamenti, ABŞ-ın 24 ştatı Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb və bu proses davam etməkdədir.
Qeyd edək ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması, 44 günlük Vətən müharibəsi gedişində ədalətli mövqeyimizin dəstəklənməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıyıb. “Xocalıya ədalət!” çərçivəsində illərlə davam etdirilən məqsədyönlü işlərin Böyük Qələbəmizdə xüsusi yeri vardır.
Oruc MUSTAFAYEV |
|
26.02.2021 | 10:02 | |
|
|
|