NDU-da görkəmli elm xadimi Lütfi Zadəyə həsr edilən elmi-nəzəri seminar | |
Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi qeyd edilib.
Universitetin rektoru Elbrus İsayev bildirib ki, fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən olan alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoyub və yeni yanaşma üsulları meydana gətirib.
Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərib, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb. Lütfi Zadənin dünya miqyasında əsərlərinə ən çox istinad edilən alimlərdən olduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır, uğurla fəaliyyət göstərməkdədir.
E.İsayev söyləyib ki, azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.
“Qeyri-səlis və Aristotel məntiqlərinin müqayisəsi” adlı çıxışında memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Cavanşir Zeynalov vurğulayıb ki, alimin qeyri-səlis çoxluqlar nəzəriyyəsi riyaziyyat elminin inkişafına yeni impuls vermiş fundamental nəzəriyyədir. Təsadüfi deyil ki, artıq riyaziyyatın əksər sahələrində Lütfi Zadə məntiqinin ideyaları geniş tətbiq edilməkdədir. Professor vurğulayıb ki, Lütfi Zadə məntiqi digər məntiq modellərindən insan təfəkkürünü və düşüncə prosesini daha adekvat əks etdirməsi ilə fərqlənir. Alimin nəzəriyyələrinin əsas fəlsəfi mahiyyəti onların insan təfəkkürünü daha dürüst əks etdirməsindən və reallığa daha çox adekvat olmasından ibarətdir.
Elmi-nəzəri seminar müzakirə şəklində davam edib. |
|
25.02.2021 | 17:12 | |
|
|
|