“Biz qayıtdıq Xocalı!”

Bakı Slavyan Universitetində (BSU) ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Ölkəşünaslıq Klubu İdarə Heyəti üzvlərinin fəal iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə BSU-nun rəhbərliyi, tələbə ictimai təşkilatlarının nümayəndələri və fəal tələbələr iştirak ediblər. 

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, xain, məkrli və namərd qonşularımız olan ermənilər iki əsrdən çoxdur, xalqımıza qarşı soyqırım və deportasiya siyasəti aparır. “Xocalı soyqırımı bu mənfur və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir”-deyən rektor digər milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra verildiyini vurğulayıb:

 

-Prezident İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılmasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.  Birinci vitse-prezidenti Mehriban Əliyevanın Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası dünyanın 80-dən çox ölkəsində uğurla həyata keçirilir.

 

N.Əliyeva qeyd edib ki, bu gün Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə yaşayır. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoyulub.

 

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova faciə ilə əlaqədar universitetdə görülən işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, BSU-nun rəhbərliyi və kollektivi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlərdə həmişə  fəal iştirak edib və bu vacib, müqəddəs vəzifəsini bu gün də uğurla davam etdirir. BSU tərəfindən dünyanın 12 dilində Xocalı soyqırımını konkret faktlarla əks etdirən kitablar çap edilib və dünya ictimaiyyətinə çatdırılıb. Eyni zamanda, universitetin müəllim və tələbələri bu genosidlə bağlı keçirilən müxtəlif layihələrdə, petisiyalarda yaxından iştirak edirlər.

 

Tədbirin sonunda BSU-nun Gənc Yaradıcılar Klubunun hazırladığı "Biz qayıtdıq, Xocalı!"adlı videoçarx təqdim edilib.

 

 



25.02.2021 | 16:38