Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri haqqında statistika təqdim olunub | |
Dövlət İmtahan Mərkəzi (DİM) xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının nəticələri ilə bağlı ümumi statistika hazırlayıb.
Məlumdur ki,doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan DİM tərəfindən keçirilir.
Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi həyata keçirilir. Növbəti illərdə isə danışma blokunun əlavə olunması ilə proqramlarda və imtahanın strukturunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir.
İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Əldə edilmiş razılığa əsasən, 25 və daha yuxarı bal toplayanlar imtahandan keçmiş hesab olunur.
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün 2021-ci il fevralın 14-də keçirilmiş xarici dillər üzrə qəbul imtahanında iştirak etmək üçün 1351 namizəd qeydiyyatdan keçib. Onlardan 1244 nəfər imtahana gəlib. İmtahan iştirakçılarının 637-si (51.2%) tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. İmtahan iştirakçılarından 255 nəfər 35 bal və daha yuxarı, 120 nəfər isə 40 və daha yuxarı bal toplayıb. 7 namizədin nəticəsi 48 bal və daha yuxarıdır. İmtahan iştirakçıları arasında 2 namizəd 48.5 bal toplamaqla ən yüksək balı qazanıb. Qaydalara əsasən doktoranturaya qəbul imtahanında 35 və daha yuxarı bal toplayanlar 5 il müddətində xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarından da azad olunurlar.
35 bal və daha yuxarı nəticə göstərən namizədlərin bakalavr və magistratura səviyyələrinə qəbul imtahanı balları da araşdırılıb. Həmin namizədlər qeyd olunan hər iki səviyyə üzrə qəbul imtahanlarında da yüksək nəticə göstəriblər. Bu o demək dir ki, daim yüksək nəticə əldə edən, öz potensiallarının inkişaf etdirilməsində maraqlı olan və elmlə məşğul olmağa meyilli gənclərin sayı kifayət qədərdir. Elmtutumlu sahələr üçün müasir tələblərə cavab verən milli kadrların bilik səviyyəsinin və sayının yüksək olması gələcəkdə Azərbaycanın inkişafının sürətləndirilməsi üçün baza rolunu oynayacaq.
Doktorantura və dissertanturaya qəbul imtahanlarında hər bir ixtisas qrupu üzrə qeydiyyatdan keçən və tələb olunan keçid balını toplayan namizədlərin sayı, həmçinin ayrı-ayrı ixtisaslar üzrə diqqət çəkən statistik göstəricilər belədir:
İmtahanda iştirak etmək üçün təhsil ixtisasları qrupuna aid olan 21 ixtisas üzrə 134 nəfər qeydiyyatdan keçib. Onlardan 55 nəfər (41 %) imtahandan məqbul qiymət alıb. Ayrı-ayrı ixtisaslar üzrə baxsaq, xarici dil müəllimi (dillər üzrə) ixtisası üzrə qeydiyyatdan keçən 4 nəfərdən 2 nəfər, ingilis dilinin tədrisi metodikası və metodologiyası üzrə 16 nəfərdən 8 nəfər, biologiya fənninin tədrisi metodikası və metodologiyası üzrə 7 nəfərdən 4 nəfər, Azərbaycanın qədim və orta əsrlər tarixi üzrə 15 nəfərdən 4 nəfər, pedaqogika tarixi və nəzəriyyəsi üzrə 28 nəfərdən 16 nəfər məqbul qiymət alıb. İnformatika və təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası üzrə heç kimi məqbul qiymət almayıb.
Humanitar və sosial ixtisaslar qrupuna aid olan 43 ixtisas üzrə 266 nəfər qeydiyyatdan keçib. Onlardan 141 nəfər (53%) məqbul qiymət alıb. Ayrı-ayrı ixtisaslara gəldikdə isə Azərbaycan dili ixtisası üzrə qeydiyyatdan keçən 81 nəfərdən 41 nəfər, Asiya və Afrika ölkələrinin tarixi üzrə 28 nəfərdən 7 nəfər, hüquq psixologiyası üzrə 20 nəfərdən 13 nəfər, ölkəşünaslıq üzrə 9 nəfərdən 5 nəfər, dövlət hüququ üzrə 26 nəfərdən 20 nəfər, beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi üzrə 19 nəfərdən 17 nəfər, dilşünaslıq üzrə 12 nəfərdən 7 nəfər məqbul qiymət alıb. İctimai siyasət, folklorşünaslıq və mifologiya, ərəb dili və ədəbiyyatı, fəlsəfə, radio-tele jurnalistika, Avropa və Amerikanın yeni və ən yeni tarixi, Azərbaycanın yeni və ən yeni tarixi ixtisasları üzrə qeydiyyatdan keçənlərdən məqbul qiymət alan namizəd olmayıb.
Mədəniyyət və incəsənət ixtisasları qrupuna aid olan 21 ixtisas üzrə 47 nəfər qeydiyyatdan keçib və onlardan 13 nəfər (27.7%) məqbul qiymət alıb. Muzeyşünaslıq ixtisası üzrə 4 nəfərdən 3-ü, incəsənət əsərlərinin bərpası və ekspertizası ixtisası üzrə 10 nəfərdən 3-ü lazımi balı toplaya bilib. İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası (musiqi alətləri üzrə), dirijorluğun tarixi və nəzəriyyəsi, balet tarixi, aktyor ifaçılığının tarixi və nəzəriyyəsi, dekorativ tətbiqi sənətin tarixi və nəzəriyyəsi, rejissor sənətinin tarixi və nəzəriyyəsi, dizayn və texniki estetika, təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisasları üzrə məqbul qiymət alan olmayıb.
İqtisadiyyat və idarəetmə ixtisasları qrupuna aid olan 25 ixtisas üzrə qeydiyyatdan keçmiş 243 nəfərdən 145 nəfər (59.7%) müvəffəqiyyət əldə edib. Burada bank işi üzrə 30 nəfərdən 18-i, aqrar sahənin iqtisadiyyatı üzrə 18 nəfərdən 16-sı, biznes inzibatçılığı üzrə 73 nəfərdən 43-ü imtahanda uğur qazanıb. Beynəlxalq iqtisadi münasibətlər, marketinq, gömrük işinin təşkili, maliyyə ixtisasları üzrə qeydiyyatdan keçənlər imtahanda keçid balını toplaya bilməyiblər.
Təbiət ixtisasları qrupuna aid olan 36 ixtisas üzrə qeydiyyatdan keçən 223 nəfərdən 105 (47%) nəfər imtahanda məqbul qiymət alıb. Cəbr və topologiya ixtisası üzrə 23 nəfərdən 11-i, istilik fizikası və molekulyar fizika üzrə 28 nəfərdən 16-sı, analitik kimya üzrə 45 nəfərdən 17-si, biofizika üzrə 42 nəfərdən 24-ü, informasiya sistemləri üzrə 16 nəfərdən 13-ü imtahanda lazımi nəticəni əldə edə bilib. Optimal idarəetmənin riyazi-iqtisadi üsulları, kvant elektronikası, yarımkeçirici cihazlar və mikroelektronika, yüksək gərginliklər texnikası və fizikası, genetika sahələri üzrə qeydiyyatdan keçənlərdən imtahanda məqbul qiymət alan olmayıb.
Texniki və texnoloji ixtisaslar qrupuna aid olan 81 ixtisas üzrə qeydiyyatdan keçən 254 nəfərdən 102 (40%) nəfər keçid balını toplaya bilib. Burada dəniz neft və qaz quyularının qazılması ixtisası üzrə 11 nəfərdən 7-si, biliklərin əldə edilməsi sistemi üzrə 17 nəfərdən 12-si, aerokosmik informasiya sistemləri üzrə 24 nəfərdən 14-ü, əsas üzvi sintezin kimyası və texnologiyası üzrə 19 nəfərdən 8-i, aerokosmik monitorinq üzrə 14 nəfərdən 6-sı imtahandan məqbul qiymət alıb. Robotlar və robototexniki sistemlər, poliqrafiya maşınları və avtomatlaşdırılmış komplekslər, avadanlıqların bərpası və möhkəmliyinin artırılması, elektron texnikası, turizm və sosial mədəni servis, ixtisasları üzrə qeydiyyatdan keçənlər keçid balını toplaya bilməyiblər.
Kənd təsərrüfatı ixtisasları qrupuna aid olan 8 ixtisas üzrə qeydiyyatdan keçmiş 30 nəfərdən 3 nəfər (10%) imtahanda uğur qazanıb.
Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna aid olan 39 ixtisas üzrə qeydiyyatdan keçən 152 nəfərdən 71-i (47%) imtahanda məqbul qiymət alıb. Müalicə işi ixtisası üzrə 24 nəfərdən 12-si, beynəlxalq turizm və ölkəşünaslıq ixtisası üzrə 10 nəfərdən 10-u, həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş üzrə 11 nəfərdən 7-si, stomatologiya üzrə 8 nəfərdən 5-i imtahanda məqbul qiymət əldə edib. İmmunologiya, mikrobiologiya, idman fiziologiyası ixtisasları üzrə məqbul qiymət alan olmayıb. |
|
24.02.2021 | 11:17 | |
|
|
|