Nizami Gəncəvinin əsərlərinin Azərbaycanda tədqiqi tarixi | |
Azərbaycanın dahi şairi Nizami Gəncəvi dünya ədəbiyyatında parlaq səhifə açmış nadir şəxsiyyətlərdəndir. Şairin əsərlərini solmayan bir çiçəyə bənzətsək, yəqin ki, səhv etmərik. Çünki Nizaminin poeziyası əsrlərdən bəri öz təravətini daim saxlamış, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş etmişdir. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir.
Təqdim edilən məqalədə ötən əsrin 40-cı illərində Azərbaycanın bir nömrəli mətbu orqanı olan “Kommunist” qəzetində Nizami Gəncəvinin əsərlərinin tədqiqi sahəsində atılan ilk addımlardan bəhs edəcəyik.
“Kommunist” qəzetində rast gəldiyimiz ilk məqalə Yevgeni Eduardoviç Bertelsin “Azərbaycanın dahi şairi Nizami” (1939) adlı məqaləsində Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verilir. Müəllif bildirir ki, o zamankı saray ənənələri Hindistandan Aralıq dənizinəcən böyük bir ərazidə ədəbi əsərlərin farsca yazılmasını tələb edirdi. Nizami də zamanın tələbindən yazdığı poemaları müxtəlif hökmdarlara ithaf etdiyinə görə, əsərlərini saray dilində, yəni, farsca yazmağa məcbur idi. Bertelsin fikrincə, Nizami birinci əsəri olan “Sirlər xəzinəsi”ndə xalqın ağır vəziyyətindən, hakimlərin zor və ədalətsizliyindən, kəndlilərin yoxsulluğundan və ağır əməyindən cəsarətlə bəhs edirdi. Onun qənaətinə görə, poemalar hökmdarlar üçün bir öyüd olmalı, onu yaşadan xalqın çəkdiyi iztirablarını yada salmalı idi.
Həmid Araslının “Azərbaycan poeziyasının parlaq günəşi-Nizami Gəncəvi” (1939), “Ölməz dastan” (1940), “Ölməz məhəbbət dastanı” (1947), “Cahanşümul sənətkar” (1947) və “Qəlb şairi” (1947) adlı məqalələrində Nizaminin yaşadığı dövrdə Azərbaycanda gəncəli Əbül-Üla, Məshəti, Qivami-Mutəərrizi, Şirvanlı Xaqani və Fələki, Beyləqanlı Mücirəddin kimi bütün Yaxın Şərqdə məşhur olan azərbaycanlı sənətkarların yaşadığı bildirilir. Böyük Azərbaycan şairlərinin zəngin əsərləri ilə tərbiyələnən Nizami məşhur fars, özbək və ərəb şairləri ilə də maraqlanırdı. “Dədə Qorqud” dastanlarının zənginliklərini dərindən mənimsəyən şair daha orjinal bir yol ilə inkişaf edərək, Yaxın Şərqdə yeni bir məktəbin təməlini qoydu.
Adıçəkilən məqalələrdə Həmid Araslı Nizaminin “Sirlər xəzinəsi” , “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” kimi poemalarını təhlil edərək bildirir ki, dahi sənətkar xalq yaradıcılığının motivlərini yazılı ədəbiyyata gətirmiş, çox əvvəl şeirlər yazmış, lakin ömrünün sonuna kimi yazdığı şeirlərin hamısı bu gün elm aləminə məlum deyildir. H.Araslı vurğulayır ki, təzkirəçilər və şərqşünaslar şairin lirik şeirlərinin həcminin iyirmi min beyt olduğunu qeyd edirlər.
Mikayıl Rəfilinin “Azərbaycan incəsənətinin çox qiymətli əsəri” (1939) sərlövhəli məqaləsində böyük sənətkarın “İskəndərnamə” poemasının yeni tapılan əlyazması haqqında məlumat verilir. Bildirilir ki, tədqiqatçı Leninqradda (indiki Sankt-Peterburq-red.) ezamiyyətdə olarkən “Sankt Peterburqsqiye vedomosti” jurnalında 1829-cu ildə dərc edilmiş bir məlumat onun diqqətini cəlb edir. Həmin məlumatda “İskəndərnamə” poemasının Ərdəbildə Şeyx Səfi məscidindən götürülmüş Azərbaycan dilində olan əlyazması Peterburqun xalq kitabxanasına verildiyi qeyd edilirdi. Nizaminin yubileyinə hazırlıq zamanı həmin əlyazma Saltıkov-Şedrin adına Dövlət Kitabxanasından tapıldı. Poemanın 466 səhifəsinin 11-də incə işlənmiş bədii miniatürlər var.
Mirzə İbrahimov “Dahi söz yaradıcısı” (1939) və “Böyük Nizami” (1947) adlı məqalələrində Nizaminin yaşadığı dövrlərdən əvvəlki Azərbaycanın siyasi mənzərəsinə toxunur, Babək üsyanının qəhrəmanlıq epopeyası kimi xalqın yaddaşında əsrlərdən-əsrlərə qədər gəlib çıxdığını bildirir. M.İbrahimov Nizami Gəncəvinin yaradıcılığını insanlığın şərəf mahnısı adlandırır: “Onun təsvirində insan təbiətin ən kamil və yüksək məhsulu, xilqətin tacıdır”. Yazıçı vurğulayır ki, “Xəmsə” yüzlərlə Azərbaycan misalları, el ədəbiyatından alınmış Azərbaycan lətifələri ilə doludur.
Məmməd Mübarizin “Nizami yaradıcılığında utopik sosializm” (1940), “Ölməz dastan” (1941) və “Nizami və Vətən” (1947) məqalələrində isə dahi şairin yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilir. Məmməd Mübariz yazır ki, yaşadığı cəmiyyətdəki ictimai-iqtisadi bərabərsizliyi görmək, haqsızlığa, zülmə qarşı cəsarətli çıxışlar edib dövrünün ictimai-siyasi quruluşunu amansız tənqid etmək - Nizaminin başlıca xüsusiyyətlərindən olmuşdur. Nizami Gəncəvinin “Xosrov və Şirin”, “İskəndərnamə” kimi əsərlərinə toxunan müəllif şairi doğma yurdunu sevən, onun gözəlliklərini tərənnüm edən vətənpərvər kimi xarakterizə edir.
Cəfər Hacıyevin (Xəndan-red) “Nizaminin lirik şeirləri” (1947) və “İctimai fikirlərin bədii tərənnümçüsü” (1947) adlı məqalələri böyük Azərbaycan mütəfəkkirinin anadan olmasının 800 illik yubileyinə hazırlıq dövründə yazılmışdır. Məqalədə müəllif qeyd edir ki, dünya ədəbiyyatına “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “İskəndərnamə” kimi ölməz əsərlər bəxş edən Nizaminin 20 min beytlik divanı mövcud olmuşdur. Təəssüf ki, bu günədək şairin cəmi 1500 beyti toplanıb. Tədqiqatçı alim qeyd edir ki, Nizami lirik parçalarını həm gənclik illərində, həm də qocalıq dövründə yazmışdır.
Şairin “Sirlər xəzinəsi” əsərinə toxunan müəllif bildirir ki, Nizami Gəncəvi 37 yaşında qələmə aldığı bu əsərdən əvvəl yazdığı qəzəlləri ilə Yaxın Şərqdə böyük şöhrət qazanmış, əsərləri dillər əzbəri olmuşdur. “Sirlər xəzinəsi” Nizaminin ictimai görüşlərinin bədii ifadəsini verən ilk böyük əsəri idi.
“Nizami əsərləri çapa necə hazırlanmışdır” (1947) adlı məqalədə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Nizami əsərlərinin tərcüməsinin baş redaktoru, professor Yevgeni Eduardoviç Bertelslə müsahibədə alimlərin tərcümə üzərində işlədikləri zamanı qarşıya çıxan çətinliklərdən danışılır. Akademik bildirir ki, XIV, XV və XVI əsrlərə aid əlyazmalar toplanmış və tədqiq edilmişdir. O, araşdırmalar zamanı bu əsərlərin Nizami ruhuna daha yaxın olan variantları üzərində dayanmış və həmin əsərlərin tərcüməsi məqsədəmüvafiq hesab edilmişdir. Bertels Nizamiyə məxsus olan əlyazmaların bugünədək əldə edilmədiyinə təəssüflənir, ona görə də on dördüncü əsrin əlyazmalarını daha etibarlı hesab etdiklərini vurğulayır.
Nizaminin əsərlərini Azərbaycan dilinə tərcümə etməzdən əvvəl, onun elmi tənqidi mətninin il yarıma hazırlandığını deyən Y.Bertels bundan sonra şairin əsərlərinin istənilən dilə tərcümə edilməsinin asan olacağına inanır.
Mir Cəlalın “Əsrlərdən gələn dostluq səsi” (1947) məqaləsində Nizami Gəncəvi yaradıcılığında rus xalqına olan münasibətdən söz açılır. Müəllif bildirir ki, şairin “Yeddi gözəl” əsərində əsas hadisələr Bəhram şahın həyat və hekayələrindən bəhs etsə də, slavyan qızı Nəsrinnuşun hekayəsi də maraq doğurur. Nizami Gəncəvi Nəsrinnuşun simasında rus xalqının həyat və məişəti, qəhrəmanlığı haqqında söhbət açır. Beləliklə, tədqiqatçı alim Nizami əsərlərinə istinadən Azərbaycan və rus xalqları arasındakı əlaqələri təhlil edir, dahi sənətkardan sonra Azərbaycan ədəbiyyatında rus xalqını, mədəniyyətini yüksək qiymətləndirən Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə və başqa şair və yazıçılarımızın əsərlərini nümunə göstərir.
Nizami Gəncəvinin “Yeddi gözəl” dastanı (1947) redaksiya materialı kimi imzasız təqdim edilir. Bildirilir ki, bu əsər Nizaminin beş poeması içərisində xüsusi yer tutur. Əsərdə V əsrdə yaşamış Bəhram Gurun böyüməsi, bu məharətli ovçunun igidlikləri, onun şahlığı və düşmənləri ilə mübarizəsi, yeddi ölkənin şahzadə qızı ilə yeddi rəngli günbəzdə keçirdiyi günlər, onun zülmkar vəziri cəzalandırması və zülmü təsvir edilir.
Sentyabrın 23-də keçirilən həmin iclasın davamında yazıçı Nikolay Tixonov Böyük Vətən müharibəsi illərində Leninqradın mühasirəyə alındığı vaxtda “Ermitajda” Nizaminin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar çıxış etmişdir. Müharibənin ağır günlərində, göydən bombalar yağdığı bir vaxtda tədbirdə alovlu nitq söyləyən Nikolay Tixonovun yubileydən sonra onu aparan sürücünün - Nizami kimdir? - sualına cavabı belə olur: O, 800 il bundan əvvəl yaşamış olan Azərbaycan şairidir. O, böyük poemalar yazmış, xalqların istibdada, avamlığa, əsarətə alınmasına qarşı mübarizə aparmış, öz Vətənini çox sevən saf qəlbli cəsur qəhrəmanları tərənnüm etmişdir.
“Mütəfəkkir sənətkar” (1947) məqaləsində isə Heydər Hüseynov Nizami Gəncəvinin yaradıcılığını təhlil etmiş, əsərlərindəki fəlsəfi fikirləri diqqətə çatdırmışdır. Məqalədə qeyd olunur ki, Nizaminin əsərlərində sadə materializm və ibtidai şəkildə də olsa, dialektika ünsürlərini görmək çətin deyildir. “Xüsusən, kainatın maddiliyi və filosof Falesin dediyi kimi, bu maddi əsasın sudan ibarət olması Nizaminin aşağıdakı mülahizələrində bariz surətdə ifadə edilmişdir.
Sudan bu kainat yarana bilməz, Deyə inkar etmək istərsə hər kəs, Nüftənin varlığı bu sözlərimi Alimlər yanında isbat etməzmi?
“Nəvai və Nizami” (1948) məqaləsində Məmməd Mübariz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizaminin böyük özbək şairi Əlişir Nəvaiyə təsirindən, əsərlərindəki oxşar cəhətlərdən söz açır. Qeyd edilir ki, Nizaminin Nəvaiyə təsiri, xüsusilə, özbək şairinin “Xəmsə”yə daxil olan beş poemaya yazdığı nəzirələrdə özünü büruzə verir. Məsələn, Nəvainin “Fərhad və Şirin” əsərində Fərhadın atasının öz oğlunu bəsləmək üçün tikdirdiyi dörd rəngarəng qəsr, bizə Nizaminin “Yeddi gözəl”ində Bəhram üçün tikilən Hurəng qəsrini xatırladır. Onun Sokrat dağına gedib İskəndər tilsimini açması, Nizaminin “İskəndərnamə”si qəhrəmanının Dərbənddə Key Xosrov tilsimini açması haqqındakı əfsanəyə bir işarədir.
Yuxarıda qeyd etdiyimiz məqalələr və bədii nümunələr Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi münasibətilə “Kommunist” qəzetində 1938-1948-ci illərdə dərc edilən materialların böyük əksəriyyətini əhatə edir. Faktlardan aydın olur ki, Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində təkcə Azərbaycanda deyil, ümumilikdə, sovet ədəbiyyatında bir nizamişünaslıq sahəsi yaranmış və görkəmli mütəxəssislər yetişmişdir. Həmin illərdə ilk dəfə Nizami Gəncəvinin əsərlərinin akademik nəşri hazırlanmış, poema və qəzəlləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
Azərbaycanda Nizami irsi həmişə diqqət mərkəzində olmuş, dövlət və hökumətimiz şairin əsərlərinin çapı, yeni əsərlərinin üzə çıxarılması və təbliği istiqamətində işlərə böyük önəm vermişdir. Həmid Araslı, Məmməd Mübariz, Mir Cəlal, Mirzə İbrahimov, Mirzəağa Quluzadə, Məmmədağa Sultanov, Rüstəm Əliyev, Teymur Kərimli, Azadə Rüstəmova, Nüşabə Araslı, Xəlil Yusifli, Əlyar Səfərli və başqa görkəmli alimlər dahi sənətkarın irsini müxtəlif aspektlərdən tədqiq etmişlər. Nizaminin anadan olmasının 840, 850, 870 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd olunmuş, əsərləri latın əlifbası ilə təkrar çap edilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmuşdur. İnanırıq ki, bu əlamətdar hadisə Nizami Gəncəvi irsinin daha mükəmməl araşdırılması, şairin yaradıcılığının müasir tələblər baxımından elmi şəkildə tədqiqata cəlb edilməsi işinə yeni töhfələr verəcəkdir.
Qabil ƏLİYEV, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı |
|
20.02.2021 | 14:14 | |
|
|
|