Sağlam rəqabət, innovativ fəaliyyət

“Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi 2017-ci ildən həyata keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 

Bu günlərdə Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ni  elan  edib. Müsabiqə iki kateqoriya -“Fərdi” və “Ümumi təhsil müəssisələri” kateqoriyaları üzrə keçirilir. Müsabiqə fondunun ümumi büdcəsi 1000000 (bir milyon) manat təşkil edir. Müsabiqəyə  təqdim  olunacaq  layihə sənədlərinin  qəbulu  1 mart - 1 aprel 2021-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

 

Ümumi təhsil müəssisələri və pedaqoji işçilər 1 layihə təqdim edə bilər

 

Müsabiqədə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. Bundan başqa ibtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak etmək hüququna malikdir. “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021-ci il tarixinədək icrası başa çatmamış, yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.

 

Müsabiqəyə maraq artır

 

Müsabiqənin şəffaf və obyektiv keçirilməsi, müxtəlif layihələrin səmərəliliyi müsabiqəyə marağı ilbəil daha da artırır. Belə ki, I qrant müsabiqəsinə təqdim edilən layihələrin sayı  282 idisə, IV qrant müsabiqəsində bu say 852-ə çatıb. I qrant müsabiqə ilə müqayisədə digər 3 qrant müsabiqəsində iştirak üzrə orta artım təxminən 3 dəfə çox olub.

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsi çərçivəsində 648-i “Fərdi layihələr”, 204-ü “Ümumi təhsil müəssisələri” kateqoriyaları üzrə olmaqla ümumilikdə 852 layihə təqdim edilmişdir. “Fərdi layihələr” üzrə 136, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 47 layihə qalib olmuşdur. Layihələrin bir qisminin icrası 2020-ci ildə tamamlanmışdır. Hazırda qalib layihələrdən “Fərdi layihələr” üzrə 84, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 32 layihənin icrası uğurla davam etdirilir.

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsi çərçivəsində layihələrin təmsil etdiyi şəhər və rayonların  ilk onluğuna Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllı daxildir.

 

Layihələrin icrasına nəzarət məqsədi ilə monitorinqlər

 

Qaydalara görə, Təşkilat Komitəsi monitorinqlərin aparılması üçün hüquqi və fiziki şəxslərin cəlb edilməsinə səlahiyyətlidir. Bu gün layihələrin icrası və nəticələri ilə bağlı monitorinqin aparılması Təhsil İnstitutu tərəfindən təmin edilir. Monitorinqin səmərəli aparılması üçün resipiyent tərəfindən şərait yaradılır, layihənin icra vaxtı və keçiriləcəyi məkan haqqında əvvəlcədən məlumat verilir. Layihənin icra müddətində resipiyenti məlumatlandırmadan həyata keçirilən fəaliyyətlərin monitorinqi aparıla bilər. Resipiyent layihənin icrası və hesabatı müddətində aparılan monitorinq zamanı müvafiq sənəd qovluğunu Təşkilat Komitəsinə təqdim etməlidir.

 

Niyazi RƏHİMOV 



19.02.2021 | 11:03