“Yuxusuz gecələrin bəhrəsidir uğurlarım” | |
Nədənsə həmişə səsinin sehri ilə məni haldan-hala salan fortepiano, yaxud piano haqqında düşünərkən dramatik rolların mahir ifaçısı olan mərhum xalq artisi Yaşar Nurinin “ Kökdən düşmüş piano” televiziya tamaşasında oynadığı bənzərsiz rol yadıma düşür. Filmdə Yaşar Nuru piano ustası rolunu fərqli tərzdə oynayır. O, bu musiqi alətinin hər dilinin, hər notunun dərin fəlsəfi məzmunu, onların səsinin qulaqda deyil, ürəkdə dinlənildiyi barədə sanki mahir bir pianoçu kimi tamaşaçıya söyləyir. Deyir ki, heç vaxt pianonuzu kökdən düşməyə qoymayın və onu yaşadığınız evin ən işıqlı, ən yaraşıqlı yerində yerləşdirin. Onda həyat ahənginizi qoruyan, ona rəng qatan ana səsi, övlad nəfəsi, bülbül cəhcəhəsi var...
Adı birincilər sırasında
Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında fortepiano ixtisası üzrə təhsil alan Nuranə Əliyevanın adı bütün müsabiqə və festivallarda birincilər sırasında çəkilib. Həmişə də qazandığı uğurlarla o, təhsil aldığı məktəb kollektivinə, müəllimlərinə və valideynlərinə, onu tanıyanlara və sevənlərə hədsiz sevinc hissləri yaşadıb. Pandemiyanın tələblərinə uyğun olaraq biz onunla onlayn şəraitdə görüşüb ətraflı söhbətləşdik. Həmsöhbət olacağımızı, barəsində yazı hazırlamaq fikrində olduğumu biləndə özünəməxsus tərzdə utancaqlıq da nümayiş etdirdi. Hiss etdim ki, tərifi o qədər də sevən gənc deyil. Amma danışmalıydı ki, biz də, sizlər də bu istedad sahibinin yaradıcılıq dünyasına birlikdə baş vura bilək, nailiyyətləri barədə məlumatlı olaq. Çətinliklə olsa da mənimlə həmsöhbət olmağa və sevimli musiqi aləti olan fortepiano ilə xarüqələr yaratdığı barədə geniş məlumat verməyə razılığını ala bildim.
IX beynəlxalq on-line müsabiqəsində
Bu günlərdə o, Frans List Mərkəzinin təşkilatçılığı ilə keçirilən (Franz Liszt Center Piano Competition) pianoçularun beynəlxalq müsabiqəsində III yerə layiq görülüb. Fürsəti əldən verməyib qalibi mən də təbrik etdim. Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində 2 Fevral “Gənclər günü”nə həsr olunmuş “Gəncliyin dalğasında” virtual konsertdə də Nuranə Əliyeva öz istedad və bacarığını nümayiş etdirdiyini söylədi. Dedi ki, “Kainat” Gənclik Mərkəzinin keçirdiyi İslam Dünyası gənc klassik musiqi ifaçılarının IX beynəlxalq on-line müsabiqəsində I yerə layiq görüldüyüm üçün ilk öncə məktəbimizin direktoru Aytən Əhmədovaya təşəkkür edirəm.
Danışdıqca səsinin tembrindən həyəcanlı olduğunu hiss edirdim. Odur ki, bir az təmkinli olmağı tövsiyə etdim. Cavabında, inanın ki, bütün müsabiqə və festivallarda yaşadığım həyəcanlı anları sizinlə danışarkən qeyri-ixtiyari təkrar yaşayıram, söylədi, sonra isə özünü ələ alıb, məsləhətimi yerinə yetirirmiş kimi təmkinlə söhbətini davam etməyə başladı.
Laureat adını qazanıb
Beynəlxalq müsabiqələr laureatıyam. Şübhəsiz musiqiçi ailəsində böyüməyimin bu sahədə nailiyyətlərə imza atmağımda rolu, təsiri böyük olub. Ancaq buna baxmayaraq hər dəfə birincilik qazanmaq naminə əzmkarlıq nümayiş etdirmişəm, bütün yarışmalara özümü səfərbər etmişəm ki, qələbə məndən yan ötüşə bilməsin. İnadkarlığım enerjimlə, enerjimsə hədsiz həvəsimlə birləşməsəydi mən səhnədə pərvalana bilməzdim.
Mahnıların qanadlarında
Mən ifa etdiyim mahnıların qanadlarında yüksəlirəm, inanın, sanki real həyatdan ayrılıb başqa bir aləmə qovuşuram mahnı ifa edərkən. Budur mənim bütün nailiyyətlərimin əsas səbəbi, qaynağı, mayası. Çəkdiyim yuxusuz gecələrin bəhrəsidir uğurlarım. Yəni, mən musiqiylə yaşayıram, musiqiylə nəfəs alıram. Həmişə münsiflər heyətinin alqışları altında mənə təqdim olunan mükafatları alanda bilirsiniz hansı hissləri yaşayıram, necə sevinirəm? Hər dəfə sevincimi müəllimlərimlə və valideynlərimlə bölüşməyə tələsirəm. Çünki bütün qələbələrimdə onların payı kifayət qədərdir. 2018-ci il “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində, Moskvada, Türkiyədə, Fransada keçirilən beynəlxalq müsabiqələrdə diplom və kuboklarla layiq görülmüşəm. Paris Beynəlxalq Konservatoriyasının direktoru Ədilə Əliyevadan, Moskva P.İ.Çaykovski adına Dövlət Konservatoriyasının dosenti Sergey Qlavatskidən aldığım ustad dərsləri məni daha da yeni-yeni mahnılar ifa etməyə ruhlandırır.
“Alem Talant Star” müsabiqəsində
Qazaxıstanın Aktobe şəhərində keçirilən gənc istedadların “Alem Talant Star” müsabiqəsinə 800 iştirakçının qatıldığı yarışmada Qran-pri qazandım.“Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsində müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın bir çox ölkələrindən nümayəndələr təmsil olunurdular. Münsiflər heyətindən adımın I yerə layiq olduğunu eşitdikdə hansı hissləri keçirdiyimi təsəvvür etmək çətindir. Fransada Nikolay Rubinşteyn adına beynəlxalq musiqi festivalında da yarışmamız çox maraqlı keçdi, II yeri qazandım. Amma ruhdan düşmədim. II yer qazanmağımın da səbəbi həyəcan oldu.
İfa etdiyi mahnının notlarını hədiyyə edib
İtaliyada keçirilən Pietro Argento beynəlxalq müsabiqəsində Qara Qarayevin “Neftçilər” əsərinin ifa etdim. Mahnı çox xoşlarına gəlmişdi. Müsabiqədən sonra münsiflər heyəti ifa etdiyim mahnının notlarını məndən istədi. Qaliblərin sırasında mənim də adım vardı. Beynəlxalq müsabiqələrə qatıldıqca dostlarımın sayı da artırdı.
İfaçılıq sənətinin mahir bilicisi olmaq
Əvvəllər ingilis dilini zəif bildiyimdən xarici uşaqlarla ürəyim istəyən qədər ünsiyyət qura bilmirdim. Çox utanırdım. Bu problem də artıq arxada qalıb, sərbəst danışa bilirəm. Boş vaxtlarımda dünyaşöhrətli klassiklərin - İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, V.Y.Haydnın əsərlərindən parçalar ifa edirəm. Əminəm ki, zəhmətim hədər getməyəcək, əzmkarlığım sayəsində qazandığım uğurlar gələcəkdə ən böyük arzularımın reallaşmasına zəmin yaradacaq. Arzum isə təbii olaraq gələcəkdə ifaçılıq sənətinin ən mahir bilicisi kimi səhnələri fəth etmək, məşhur musiqiçi kimi tanınmaqdır.
Sifai SƏFƏROVA
|
|
19.02.2021 | 16:02 | |
|
|
|