Örnək alim ömrü | |
Müstəqillik qazandığımız hazırkı şəraitdə müəllimlərə və alimlərə verilən yüksək qiymət, onların yaradıcılığındakı örnək nümunələrlə ölçülür. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının imzası ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması ölkəmizin bütün müəllimləri qarşısında təxirəsalınmaz vəzifələr qoymuşdur. Çünki strategiyada əsas istiqamətlərdən biri olan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması hər müəllimə şamil edilə bilməz. O müəllimə şamil edilə bilər ki, həmin müəllim, ilk növbədə, səriştəsi, savadı, nəzəri və praktik hazırlığı ilə şəxsiyyətyönümlü təhsilin yeni məzmununun yaradılmasında öndə getmiş olsun. Belə öndə gedən müəllimlərimizdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayevdir.
Şahrza müəllimin elmi-pedaqoji fəaliyyətinə diqqət etsək, orada səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil, şəxsiyyətyönümlü təlim, şəxsiyyətyönümlü tərbiyə, şəxsiyyətyönümlü inkişaf yönümündə həyata keçirilən işlərin məzmunu ilə tanış ola bilərik. Çünki fizika müəllimi kimi fəaliyyətə başlayan Şahrza Ağayev təhsil aldığı məktəbdə fənn müəllimi kimi çalışmış, şagird və müəllim kollektivinin dərin rəğbətini qazanmış və novator müəllim kimi şöhrət və izzət sahibi olmuşdur. Bunu görən rayon rəhbərliyi ona etimad göstərərək onu məktəb direktoru vəzifəsinə təyin etmişdir. On ildən çox məktəb direktoru kimi fəaliyyət göstərən Şahrza müəllim rəhbərlik etdiyi məktəbdə şagirdlərin ən sevimli müəllimi, müdrik yol göstərəni, həyat yolunda onlara istiqamət verən dostu kimi yaddaşlarda qalmışdır. Vaxtilə dərs dediyi, ali təhsilə istiqamətləndirdiyi, yol göstərdiyi şagirdləri görkəmli şəxsiyyətlər kimi ehtiram edirlər. Əslində şəxsiyyətyönümlü təhsilin mahiyyəti fənlərin tədrisi prosesində şagirdlərə biliklərin əsaslarını verməklə yanaşı, onların bir şəxsiyyət kimi formalaşmasını özündə ehtiva edən bir metodika nəzərdə tutulur. Şahrza müəllimin şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması istiqamətində gördüyü işlərin son nəticəsi ölkəmizin ayrı-ayrı xalq təsərrüfatı sahələri üçün mütəxəssislər və şəxsiyyətlər yetişdirməyə hesablanan, proqnozlaşdırılan, təhsil və peşəyönümü örnəkləri kimi təqdim olunan pedaqoji kadr hazırlığı işlərinin ən səmərəli fəaliyyət istiqamətlərinin məcmusundan ibarətdir. Onun yetirmələri içərisində ölkəmizin örnək şəxsiyyətləri kimi tanınan elm adamları və ictimai-siyasi xadimlər fikrimizi təsdiq edən örnək nümunələr kimi dəyərləndirilməlidir. Bu, o deməkdir ki, Şahrza müəllimin pedaqoji kadr hazırlığı işindəki sanbalın, ağırlığın çəkisini müəyyənləşdirmək bir o qədər də asan deyil. Əslində məktəb rəhbərləri, pedaqoji elmlər üzrə tədqiqat aparanlar həm didaktika, həm tərbiyəşünaslıq, həm də məktəbşünaslıq sahələrini dərindən bilməli, bu sahələrdə yenilikləri dəyərləndirməyi, səmərəli müşahidələr aparmağı bacarmalı və apardığı tədqiqatların nəticələrini elmi məqalələrdə, kitablarda, dərsliklərdə, dərs vəsaitlərində, monoqrafiyalarda və digər tədqiqat əsərlərində ümumiləşdirərək ölkədə və dünyada gedən təhsil islahatlarında iştirak etməyi bacarmalıdırlar. Məhz bu baxımdan Şahrza Ağayevin yaradıcılığını və pedaqoji fəaliyyətini örnək elmi yaradıcılıq və örnək pedaqoji fəaliyyət kimi dəyərləndirmək olar. Çünki onun örnək elmi yaradıcılıq və örnək pedaqoji fəaliyyəti haqqında bizə qədər görkəmli alimlərin fikirləri vardır. Onlardan bir neçəsini xatırlamaqla fikrimizi əsaslandıra bilərik:
Akademik Hüseyn Əhmədov: - Şahrza Ağayevin elmi yaradıcılığı demək olar ki, pedaqoji elmin bütün sahələrini özündə ehtiva edir. Şahrza Ağayev bütün çıxışlarında və yazılarında pedaqoji elmin yeniliklərinə baş vuran, onu təhlil edərək səmərəli nəticə çıxaran alimlərdəndir. Onun nəzəri hazırlığı ilə praktik fəaliyyətindəki vəhdətdən yaranan elmi əsərlər Azərbaycan pedaqoji fikir tariximizi zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Akademik Nürəddin Kazımov: - Ölkəmizdə didaktika sahəsində səmərəli və layiqli tədqiqat aparanları barmaqla saymaq olar. Yaxşı hal kimi qeyd etmək lazımdır ki, onların içərisində gənc alimlərdən biri də vardır. Fikrimcə, ölkəmizdə pedaqoji mühitdə tədqiqat aparanların hamısı onu tanıyırlar. O, Şahrza Ağayevdir. Şahrza Ağayev didaktikanın Azərbaycanda intişar tapan bütün tərəflərini təhlil etməyi bacaran, yeni didaktik mahiyyət kəsb edən ideyaları müqayisəli şəkildə şərh edən alimlərimizdəndir.
Professor Əliheydər Həşimov: - Mən Şahrza Ağayevi elmi pedaqogikanın ayrı-ayrı sahələrinə dair yazılarına görə tanımışam. Lakin onunla söhbətimizdən sonra məlum oldu ki, Şahrza Ağayev əmək təlimi, əməktərbiyəsi, peşəyönümü ilə bağlı etnopedaqoji dəyərləri seçərək ümumiləşdirmələr aparan alimlərimizdən biridir.
Professor Əjdər Ağayev: - Mən Şahrza Ağayevi Masallı rayonunun Mahmudavar kənd məktəbində müəllim işlədiyi vaxtlardan tanıyıram. O zamanlar, onun mətbuat səhifələrində yaxşı məqalələri çap ounurdu. Mən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru vəzifəsində çalışanda onun bizə göndərdiyi məqalələrlə şəxsən özüm tanış olurdum. Çünki Azərbaycan məktəbi jurnalının baş redaktoru olaraq qabaqcıl məktəb təcrübəsinə dair məqalələri özüm nəzərdən keçirirdim. Belə məqalələr içərisində Şahrza Ağayevin məqalələri həmişə seçilirdi. Tale elə gətirdi ki, Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda bir yerdə çalışmağa başladıq. Onunla həmsöhbət olmaq, əməkdaşlıq etmək həm maraqlı, həm də çox faydalıdır.
Professor Zahid Qaralov: - Şahrza Ağayevlə Masallı rayonunda keçirilən Respublika konfransında tanış olmuşam. Konfransda onun məruzəsi mənim diqqətimi cəlb etdi. Açığını deyim ki, onun çıxışındakı novatorluğu mənim çox xoşuma gəldi. Ona görə onunla ayrıca görüşdüm və söhbət etdim. Onunla söhbətimdən aydın oldu ki, o, bütün pedaqoji fəaliyyətində əsl tədqiqatçı kimi çıxış edir. Ona görə mən Şahrza Ağayevi rəhbərlik etdiyim Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda çalışmağa dəvət etdim.
Şahrza Ağayevin elmə gəlməsində bənzərsiz rola malik olan pedaqogika elmləri doktoru, professor Zahid Qaralov onun həm fəlsəfə doktorluğu pilləsi üçün, həm də elmlər doktoru pilləsi üçün müəyyənləşdirilən dissertasiya mövzularına elmi rəhbər kimi təsdiq olmuşdur. Görkəmli alim, ictimai-siyasi xadim olan Zahid Qaralovun yetirmələri ölkəmizin elmi, ictimai, siyasi mühitində yüksək mövqe tutan görkəmli şəxsiyyətlər kimi tanınmışlar. Onların içərisində yubilyarımız Şahrza Ağayev də yer alır.
Son illərdə onun çap etdirdiyi “İbtidai sinif şagirdlərinin əməyə hazırlanması” monoqrafiyasını ardıcıllıqla təhlilə cəlb edən professor Mircəfər Həsənov göstərir ki, pedaqoji ictimaiyyətdə yaradıcılığı ilə geniş tanınan Şahrza Oğul oğlu Ağayevin ölkə daxilində və xaricdə nüfuzlu jurnallarda çap olunan məqalələrində, elmi konfrans materiallarında və metodik vəsaitlərdə imzasına tez-tez rast gəlmək olur. Onunla uzun illər elmi-pedaqoji əməkdaşlıq etdiyimə görə zəhmətsevərliyi, tədqiqatçılıq qabiliyyəti, pedaqoji proses üçün aktual sahə olan əmək hazırlığı probleminin nəzəri və praktik məsələləri barədə yazmış olduğu əsərləri həmişə diqqətimi cəlb etmişdir. Onun tədqiqatlarının əsas mövzusunu ibtidai siniflərdə şagirdlərin əmək hazırlığının nəzəri və praktik problemləri təşkil edir.
Göründüyü kimi, Şahrza Ağayevin əmək təlimi, əmək tərbiyəsi, peşəyönümü sahəsindəki tədqiqatları bu sahədə çalışan fənn müəllimləri və digər mütəxəssislər üçün bir növ kompas rolunu oynayır. Şahrza müəllimin ibtidai sinif müəllimlərinə istiqamət vermək baxımından çap etdirdiyi digər əsərlərində də belə kompas rolunu oynayan mütərəqqi ideyalar və yanaşmalar yer alır. Bu baxımdan onun ibtidai sinif müəllimlərinə, eləcə də ibtidai siniflərdə əmək təlimi, yəni “Texnologiya” fənnini tədris edənlərə metodiki cəhətdən istiqamət verən vəsaitləri və monoqrafiyaları, o cümlədən “İbtidai siniflərdə riyaziyyatdan praktik və əyləncəli məsələlər”, “İbtidai siniflərdə əmək təlimindən nəzəri və praktik biliklərin verilməsi metodikası”, “İbtidai siniflərdə əmək hazırlığından proqramlaşdırılmış yoxlamalar”, “İbtidai siniflərdə təlim əməyindən didaktik vəsait”, “İbtidai siniflərdə fəal təlimin nəzəri və praktik məsələləri”, “İbtidai siniflərdə “Texnologiya” fənn kurikulumundan didaktik materiallar”, “İbtidai siniflərdə şagirdlərlə əməli işlərin təşkili texnologiyası”, “İbtidai sinif şagirdlərinin əməyə hazırlanması”, “İbtidai siniflərdə şagirdlərin texnologiyadan idrak bacarıqları” kimi əsərləri dəyərli vəsaitlər kimi təlqin edilməlidir.
Ş.Ağayev professor Zahid Qaralovun rəhbərliyilə böyük müvəffəqiyyətlə müdafiə etdiyi pedaqogika üzrə fəlsəfə doktorluğu dissertasiyasının şöhrət tapan aprobasiyasından qürrələnərək pedaqogika elmləri doktoru alimlik dərəcəsi almaq üçün Elmi Şurada təsdiq etdirdiyi dissertasiya üzərindəki işini tamamlayaraq müzakirələrə təqdim etdi və müdafiəyə buraxıldı. Ən ali elmi qurumlar bu işin reallaşmasına rəvac verdilər. Lakin onun səhhətində yaranan problemlər bu möhtəbər işin reallaşmasına bir qədər mane oldu. Mənfur xəstəliyə mərdanəliklə sinə gərən, soyuqqanlıqla ona qarşı mübarizə apararaq qalib gələn Şahrza müəllim dünyanı lərzəyə gətirən pandemiyanın yaratdığı qadağaların səngiməsini gözləyir. Qadağaların aradan qaldırılmasını biz də səbirsizliklə gözləyirik. İstəyirik ki, qadağalar qurtaran kimi Dissertasiya Şurası fəaliyyətə başlasın və bizim Şahrza müəllim tribunaya qalxaraq tamamladığı doktorluq dissertasiyasını müdafiə edərək layiq olduğu pedaqogika elmləri doktoru alimlik dərəcəsini qazansın.
Güman edirik ki, 70 yaşlı yubiliyarımız üçün bundan yaxşı təbrik mövzusu, təbrik məkanı düşünmək və axtarmaq əbəsdir. Biz isə bütün bunları öncəgörənliklə dəyərləndirərək deyirik: Hörmətli Şahrza müəllim, Sizi 70 yaşı tamam olan yubilyar və müdafiə edərək qazanacağınız pedaqogika elmləri doktoru alimlik dərəcəsi münasibətilə təbrik edirik!
Bitib tükənməyən ailə təbriklərinin fonunda dostlarından, tanışlarından, həmkarlarından gələn təbriklər onu ruhlandırır, sanki ona şəfa bəxş edir.
Arzu edirik ki, bu təbriklərin davamı Şahrza müəllimin 80 illiyi münasibətilə yazılacaq yubiley kitabında yer alsın. Elə bu arzu ilə yazımızı yekunlaşdırır, Şahrza müəllimi bir daha təbrik edir, ona uzun ömür, cansağlığı, gələcək fəaliyyətində uğurlar diləyirik.
Fərahim SADIQOV, Bakı Elm və Təhsil Mərkəzinin prezidenti, pedaqogika elmləri doktoru, professor, akademik Yusif Məmmədəliyev, akademik Mehdi Mehdizadə mükafatı laureatı
|
|
19.02.2021 | 15:17 | |
|
|
|