“Şuşaya girəndə...”

O da Vətən müharibəsinin qəhrəmanlarından biridir. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində döyüşlərdə iştirak edərək fərqlənib. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqləndiyinə görə” və 3-cü dərəcəli “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

 

Vətən müharibəsi qəhrəmanı Fikrət Şamxalov müharibənin ilk günlərindən düşmənə qarşı ön cəbhədə yerini alıb. Qürurverici bir tarixin yazılmasında iştirak edib.

 

Vətəndən çağırış alanda Fikrət Şamxalov çətin və şərəfli bir yola getdiyimi bilirdi: “Ailəmdən ayrılanda bunu onlara da dedim. Hər şeyə hazırlıqlıydım. Onlar da hazır olmalıydılar. Çünki müharibədə ölüm gözlə-qaş arasındadır. Vətən üçün bu müharibə də qaçılmaz idi”.

 

Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru Fikrət müəllim ailəsi ilə vidalaşıb getdiyi bu yoldan qəhrəman kimi qayıtdı. Düzdü, asan olmadı. Dəfələrlə pusquya düşdü, çıxdı. Çətin vəziyyətlərdə qaldı, xilas olmağın bir yolunu tapdı. İstənilən vəziyyətdə gələcəkdən ümidini kəsmədi, yaşamaqdan əlini üzmədi. Hər çıxılmaz yolun sonundakı  işığı gördü.

 

Qanın su yerinə axdığı, dəhşətin qulaq pərdələrini araladığı o mühitdə də sevinmək, öyünmək üçün səbəb tapdı: “Müharibədə ən sevincli, ən qürurverici anlarımız düşmən postuna girdiyimiz anlar olurdu. Elə ki,düşmən səngərinə girdik, hər çətinliyimizi unudurduq. Növbəti tapşırığa qədər həmin səngərdə qalır, elə orada dincəlirdik”.

 

Müharibə Fikrət müəllim üçün də fərqli mühit idi: “Müharibə adi həyatımızdan tamamilə fərqlidir. Hər dəfə döyüşə qüsul alıb, kəlmeyi-şəhadətimizi deyib gedirdik. Döyüşün xüsusiyyəti budur:  insan özünü unudur. Ancaq yaralı və şəhid yoldaşlarımızı düşünürdük. Savaş əsnasında onları meydandan çıxarmağı, qələbə zamanı isə hər birini aramızda görməyi arzulayırdıq. Hər döyüşdən sağ qayıdanda dünyaya yenidən gəlmiş kimi hiss edirdik”.

 

Məktəb direktoru taqım komandiri vəzifəsində

 

Müharibə insanı ölümə nə qədər çox yaxınlaşdırsa da, ondan qaça bilənlər də az deyil. Bu müharibədə Fikrət müəllim də üzərinə böyük məsuliyyət düşənlərdən idi. “Taqıma cavabdeh idim. Az itki ilə verilən tapşırığı yerinə yetirmək kimi məsuliyyətim vardı”, - deyir taqım komandiri Fikrət Şamxalov. O yalnız düşmən tələlərini deyil, ölümün qurduğu pusqulardan da qorumalıydı. Özü də təkcə özünü yox, əmrində olan əsgərlərini də. Nə döyüş ruhumuza, nə də döyüşçü sədaqətimizə heç bir çətinlik təsir etmədi. Yaralı və şəhidlərə qarşı vəzifəmizi heç vaxt unutmadıq. Onların döyüş bölgəsindən çıxarılması, hər hansı şəhidimizin meydanda qalmaması üçün əlimizdən gələni etdik. İndi də danışdıqca o günləri sanki yenidən yaşayıram”.

 

Taqım komandiri Fikrət Şamxalovun yaşadıqları nə bir zarafat, nə də film idi, bu, bir müharibəydi və o da həmin müharibənin iştirakçısı: “Sentyabrın 27-də leytenant Vasif Heydərov şəhid olmuşdu. Mən onun yerinə taqım komandiri təyin olundum. Müharibə bu cür acı dolu hadisələrdən ibarət olsa da, mənim üçün bu iştirak həm də qürurverici idi. “Həmlə” taboru ilə birgə döyüşlərdə iştirak etdim. Onlarla birgə xidmət etmək əvəzsiz hissdir. Mənim taqımım da general-mayor Mais Barxudarova tabe idi. O cür generalın əmri altında döyüşmək, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovla eyni tapşırığın icraçısı olmaq, peşəkar komandirlərlə döyüşmək, sözün əsl mənasında, fərqli hisslər yaradır”.

 

“Qarabağ torpaqlarında olduğumuza inanmırdım”

 

 

Belə bir heyətlə Azərbaycan Ordusu irəliləyir. Budur, artıq Qarabağ torpaqlarındadır. Ayaqları Qarabağ torpaqlarına dəyən Azərbaycan əsgərinin başı qürurdan göylərə ucaldı. Nə 30 illik həsrət, nə acılı günlər, nə də ac-susuz saatlar qaldı yaddaşlarda: “Qarabağ torpaqlarında olduğumuza inanmırdım. Şuşaya girəndə ağlımdan ancaq bir fikir keçirdi. Düşünürdüm ki, kaş şəhid olan zabit və əsgərlərimiz də bu günü görə biləydi”.

 

 

 

 

O, müəllimdir

 

Müharibə bitdi. Hər şey arxada qaldı. Qəhrəmanlıqları ilə xalqımızın qəlbini fəth edən Vətən müharibəsi qəhrəmanı Fikrət Şamxalov yenidən müəllimdir. İştirakından öyünərək danışdığı 44 günlük müharibəyə qədər olduğu kimi, yenə məktəbdədir. Silahlarla deyil, şagirdlərlə işləməyə üstünlük verib. Özü də indi yox, hələ 2000-ci ildən.

 

Fikrət müəllim 1983-cü il təvəllüdlüdür. Şabran şəhərində doğulub. Milli qəhrəman Roman Yusifovun adını daşıyan məktəbə gedib. Müəllimlərin verdiyi hər tapşırığı vaxtlı-vaxtında yerinə yetirib. Çox sevdiyi fənləri xüsusi həvəslə oxuyub, məsələn, Azərbaycan dili və ədəbiyyat, insan və cəmiyyət, fizika, tarix. Çünki həmin fənlərdən dərs deyən müəllimlərini çox sevib. Azərbaycan dili və ədəbiyyatdan dərs deyən müəlliminə olan sevgisi, sadəcə fənni yox, müəllimliyi də sevdirib ona. O da Bakı Dövlət Universitetinin filologiya fakültəsini seçərək müəllim olmağa qərar verib. Bu yaxınlarda 65 yaşı tamam olan Həlimə müəllimi kimi. 2004-cü ildə təyinatla Şabran rayonunun ucqar Çayqaraqaşlı kənd əsas məktəbinə (hazırda ümumi orta məktəb - R.D.) Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub. İki il dərs deyəndən sonra həqiqi hərbi xidmətə çağırılıb: “Ailədə tək oğul övladıyam. 2004-cü ildə valideynləri ikinci qrup əlil olan tək oğulları hərbi xidmətə aparmırdılar. Mən də həqiqi hərbi xidmətə yalnız 2006-cı ildə bu qərar ləğv edildikdən sonra getdim. 3 aylıq zabit kursu keçərək leytenant rütbəsi aldım və quru qoşunlarında motoatıcı taqım komandiri olaraq xidmətə başladım”.

 

2008-ci ilin aprelinədək Murovdağda hərbi xidmət keçən leytenant F.Şamxalov atəşkəsi pozan düşmənin cavabını gecikdirməyib.

 

Vaxt yetişəndə isə məktəbinə qayıdıb.

 

Gənc direktor

 

Direktorluq təcrübəsi də elə o vaxtdan başlayıb. Hərbi xidmətdən qayıdan Fikrət müəllimə məktəb direktorluğu təklif edilib. 2008-2009-cu tədris ilinə Xəlilli kənd ümumi orta məktəbin direktoru olaraq başlayıb. 2010-cu ildə direktorların işə qəbulu müsabiqəsində iştirak edərək burada da bacarığını təsdiq edib və 25 mümkün baldan 21 bal toplayaraq Çölquşçu kənd orta məktəbinə direktor təyin olunub. Bir il sonra Şabran şəhər 3 nömrəli ümumi orta məktəbinin direktorluğuna yerdəyişmə edib.

 

 

2012-ci ilin dekabrında Şabran Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə dəvət edilib: “Direktorluq vəzifə olaraq daha üstün olsa da, dövlət qulluğunda da özümü sınamaq istədim. Dövlət qulluğuna imtahan verdim və qəbul olundum. Aparıcı məsləhətçi vəzifəsində 4 il çalışdım. Artıq həm də dövlət qulluqçusuydum və Təhsil nazirinin əmri ilə 2016-cı ilin yanvarında Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbinə direktor təyin olundum”.

 

“Məktəbdə ilk növbədə vətənpərvər yetişdirməliyik”

 

Hazırda işinin başında olan F.Şamxalovun məktəb rəhbəri kimi çoxlu planları var. Belə ki, Vətən müharibəsində iştirakı müəllimlikdə və məktəb rəhbərliyindəki öncəliklərini dəyişdirib: “Məktəbdə ilk növbədə vətənpərvər yetişdirməliyik. Şagirdlərimizi, xüsusən oğlanları hansı fənni sevməyindən, gələcəyini necə görməyindən asılı olmayaraq hərbi xidmətə hazırlamalı, onlara müharibədə ən çox lazım olanları öyrətməliyik. Əsgər koordinat verməyi bacarmalı, qütbləri tanımalı, məsafəni müəyyənləşdirə bilməlidir. Ən önəmlisi, sağlam, fiziki cəhətdən güclü nəsil yetişməlidir. Hazırlığın, fiziki cəhətdən güclü olmağın üstünlükləri müharibədə daha aydın nəzərə çarpır. Kitab üzü açmamış gənclərin o od-alovun içərisində qəhrəmanlığının şahidi oldum”.

 

Ruhiyyə DAŞSALAHLI



19.02.2021 | 11:29