Qazi müəllim: İnanmıram ki, gələcək həyatımda, karyeramda bundan uca zirvə olsun”

Məlumdur ki, xeyli sayda Azərbaycan müəllimi Qarabağ üçün başlayan Vətən Müharibəsinə öz töhfəsini verdi-ya şəhid oldu, ya da yaralandı, döyüşdən zəfərlə çıxan qazi oldu. İndi tanıtmaq istədiyimiz müəllim təkcə Vətən Müharibəsində deyil, tarixə zəfər yazan “Aprel döyüşləri”ndə də iştirak edib.

 

İmişli rayonu Hacırüstəmli kənd tam orta məktəbinin coğrafiya müəllimi  Şəmsi Abbasov.

 

Müəllimlikdən döyüşə

 

Şəmsi Abbasov 1992-ci ildə İmişli rayon Boşcalılar kəndində anadan olub. 2007-ci ilədək Boşcalılar kənd tam orta məktəbində təhsil alan Şəmsi həmin ildən təhsilini davam etdirmək üçün Bakıda yerləşən  Kimya - Biologiya təmayüllü respublika liseyinə qəbul edilib. 2010-cu ildə  Xəzər Universitetinin Tarix - Coğrafiya ixtisasına qəbul olub.

 

Müəllimlik fəaliyyətinə 2019-cu ildə İmişli rayonu Hacırüstəmli kənd tam orta məktəbində başlayıb.

 

2015-ci ildə hərbi xidmətə yola düşən Şəmsi müəllim “Aprel döyüşləri”ndə iştirak edib. Bu döyüşlərdə qazandığı təcrübə ona sonrakı savaşda cox böyük kömək olub.

 

Məktəbdən cəbhəyə

 

Şəmsi müəllim Vətən Müharibəsi başlayan günün sabahı, sentyabrın 28-i müharibədə iştirak etmək üçün cəbhəyə yola düşüb.

 

Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətindəki döyüşlərdə iştirak edib.  Şuşa uğrunda aparılan mübarizənin gedişində yanında partalayan mərmi qəlpəsindən yaralanıb. Əsgər yoldaşları onu döyüş meydanından çıxarıb müalicə olunmaq üçün hospitala göndəriblər.

 

Hospitalda torpaqları yağı düşməndən azad etmək coşqusu ilə yaşayan Şəmsi sağalan kimi yenidən geriyə- döyüşlərə, əsgər yoldaşlarının yanına qayıdıb. Qalib, müzəffər döyüşcü kimi cəbhədən-cəbhəyə cəsarətlə irəliləyib.

 

Cəbrayıl rayonundakı bir çox yaşayış məntəqələrində terror fəaliyyəti aparan erməni yaraqlılarının məhv edilməsində də iştirak edib.

 

 

Döyüşçü müəllim deyir:

 

"Qalib ordunun qalib döyüşçüsü olmaq qürurvericidir. Çox ağır bir döyüş yolu keçdik. Amma sonun qələbə ilə bitəcəyinə inandıq və qalib gəldik! İnanmıram ki, gələcək həyatımda, karyeramda bundan uca zirvə olsun! Vətən Müharibəsində iştirak etmək mənim üçün ən böyük zirvədir!

 

Müharibədə döyüş yoldaşlarım məni “döyüşçü müəllim”-deyərək çağırırdılar. İndi məni kim çağırır elə bilirəm döyüşdəyəm!

 

Gələcək fəaliyyətimdə Azərbaycan əsgərinin Vətən Müharibəsində, döyüş meydanında necə şücaət göstərdiyini  şagirdlərimə aşılamağı vəzifə borcu kimi qarşıma məqsəd qoymuşam”.

 

Şəmsi müəllim dekabrın 27-də ordu sıralarından ehtiyyata buraxılıb.  Hazırda Hacırüstəmli kənd tam orta məktəbində müəllim kimi fəaliyyətini davam etdirir.

 

Vilayət Əliyev,

İmişli Rayon Təhsil Şöbəsində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs

 

 



18.02.2021 | 14:20