“British Council” StudyUK Məzun Mükafatları müsabiqəsinin azərbaycanlı qaliblərini açıqlayıb

“British Council” və Böyük Britaniya səfirliyi Azərbaycanda keçirilən StudyUK Məzun Mükafatları 2020-2021-ci il  müsabiqəsinin qaliblərini elan edib.

 

Müsabiqənin dörd qalibi var. Bu qaliblər sahibkar və biznes sahəsi üzrə mütəxəssis, icma rəhbərləri kimi təqdirəlayiq nailiyyətlərinə və Azərbaycan – Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrini gücləndirməkdə əhəmiyyətli rol oynadıqlarına görə dünya miqyasında 1300 namizəd arasından seçilib.

 

Prestijli beynəlxalq mükafat bütün dünyada Böyük Britaniya ali təhsilini bitirmiş məzunların uğurlarına görə verilir.  

 

Müsabiqənin yeddinci ilində Birləşmiş Krallığın 148-dən çox təhsil müəssisəsini təmsil edən 114-dən çox ölkədən olan məzun müsabiqəyə namizəd kimi müraciət edib.

 

Münsiflər heyəti tərəfindən həyata keçirilən ətraflı və dəqiq müsahibələrdən sonra hər üç kateqoriyada - Peşəkar Nailiyyət, Sahibkarlıq, Sosial Təsir  üzrə  mükafatların sahibləri müəyyənləşdirilib.

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri tərəfindən xüsusi mükafatlar  öz sahiblərinə verilib.  

 

Öz  sahəsində örnək liderlik nümayiş etdirərək seçilən məzunlar üçün nəzərdə tutulmuş Peşəkar Nailiyyət Mükafatı Nərmin Axundovaya təqdim olunub.

 

Nərmin Esseks Universitetinin məzunudur və molekulyar biologiya üzrə bioloqdur.

 

O, Azərbaycan Ərzaq Təhlükəsizliyi İnstitutunda Elmi Tədqiqat və Risklərin Qiymətləndirilməsi departamentində aparıcı mütəxəssisdir.

 

Sahibkarlıq Mükafatı isə Zülfiyyə Əliyevaya təqdim olunub.

 

Zülfiyyə SOAS London və Vorvik Universitetinin məzunudur. Məşhur idman geyimləri markası MESHQUE şirkətinin yaradıcısıdır. Şirkət geyimlərin istehsalında yerli mənbələrdən faydalanır.

 

Cəmiyyətdə müsbət sosial fərqlilik reallaşdıraraq müstəsna fəaliyyət göstərən məzunlar üçün nəzərdə tutulmuş Sosial Təsir Mükafatı Məryəm Tağıyevaya verilib.  

 

Məryəm Vorvik Universitetinin məzunudur və blockchain mütəxəssisi, beynəlxalq profilə sahib spikerdir. Azərbaycanın ən böyük proqram təminatı və təchizatçılarından biri olan IDRAK Technology Transfer-də fəaliyyət göstərir.

 

Azərbaycan Gəncliyinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) adlı gənclər QHT-si kimi müxtəlif təşəbbüslərə rəhbərlik edir.

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri tərəfindən təqdim edilən xüsusi mükafat isə Fidan Cavadovaya təqdim olunub.

 

Fidan London Kral Kolleci məzunudur və BeWorks Automation qurumunun təsisçisidir. O, innovator kimi Böyük Britaniya və Azərbaycanda öz təcrübəsindən bəhrələnərək fəaliyyətə nəzarətin avtomatlaşdırılması, yenilənə bilən və elektrikli infrastrukturun inkişafı sahəsində işlər görür.

 

“British Council”un ölkə üzrə direktoru Samr Şah bildirib ki, Azərbaycandakı Study UK Məzun Mükafatları müsabiqəsinin qalibləri seçilən nümunəvi şəxslər müvəffəqiyyətlərində İngiltərədəki təhsil təcrübələrinin əhəmiyyətini nümayiş etdiriblər:” Beləliklə, onlar öz sahələrində, müəssisələrində və icmalarında liderlərə çevrildilər. Hər birini ətraf aləmin formalaşması, Azərbaycanın inkişafına dəstək verilməsi və Birləşmiş Krallıq-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki səylərinə görə alqışlayıram. Bu ilki finalçılar Birləşmiş Krallıqdakı təhsilin müasir dünyada həyatları dəyişdirən təsirini, müxtəlifliyini və aktuallığını təmsil edirlər”.

 



18.02.2021 | 15:21