5857 nəfər iş yerini dəyişdirmək istəyir | |
İyun ayının 4-dən start verilən müəllimlərin yerdəyişməsi ilə bağlı sənəd qəbulu dünən başa çatıb.Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəllimlərin yerdəyişməsi ilə bağlı sənəd qəbulu dünəndən etibarən başa çatıb: "Müraciətlər zamanı 5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron ərizələrini təsdiq edib. Hazırda onların ərizələrinə baxılır”.
M.Camalzadə qeyd edib ki, yerdəyişmə zamanı yalnız rayon və şəhərdaxili deyil, eləcə də bir rayondan və ya şəhərdən digərinə yerdəyişmə həyata keçirilir: “Müraciət edənlər arasında respublikanın bütün rayon və şəhərlərinin məktəblərində çalışan müəllimlər var. Müəllimlərin yerdəyişməsinin səbəbləri də müxtəlifdir”.
Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən yerdəyişmə ilə bağlı hər hansı limit təyin edilməyib: “Təbii ki, müraciət edən müəllimlərin hamısının iş yerini dəyişmək mümkün olmayacaq. Çünki əksər hallarda eyni yeri daha çox insan seçir. Aydındır ki, bir yerə də yalnız bir namizəd seçilə bilər. Müraciətlər arasında daha çox ibtidai sinif, fiziki tərbiyə, ingilis dili, riyaziyyat müəllimləri yer alıb. Ümumilikdə 5628 vakansiya elan edilib. Bu da kifayət qədər böyük rəqəmdir. Bunun da 10 faizi, yəni 511 yer Bakının payına düşüb”.
Xatırladaq ki, ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən, təhsil sənədi dövlət nümunəli olan, ən əsası, iş yerini dəyişmək üçün əsası olanlar yerdəyişmə müsabiqəsinə qatılır. M.Camalzadə bildirib ki, yerdəyişmə üçün müraciət edənlərin yerləşdirilməsi zamanı sosial səbəblər, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iştirakı araşdırılır.
|
|
12.06.2018 | 15:01 | |
|
|
|