“Gələcək üçün Peşə Təhsili və Təlimi” | |
Fevralın 16-da Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili və Təlimi Mərkəzlərinin yaradılmasına dəstək" layihəsinin təqdimatı olub.
Dəyəri 5.6 milyon avro olan layihə 2020-2024-cü illəri əhatə edir. Layihənin məqsədi - əmək bazarının mövcud ehtiyaclarına uyğun peşə təhsili müəssisələrini müasirləşdirmək və Azərbaycan gəncliyini gələcəyin peşələrinə hazırlamaqdır. Bütün bunlar barədə layihənin təqdimat tədbirində bildirilib.
Onlayn keçirilən təqdimat mərasimində çıxış edən Təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq son illərdə Azərbaycanda dövlət tərəfindən peşə təhsili sahəsində həyata keçirilən islahatlar, yeniliklər, layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” peşə təhsili sahəsində fəaliyyətin, həyata keçirilən layihələrin əsasını təşkil edir. Ümumilikdə, peşə təhsilinin iqtisadiyyatın gələcəyi ilə bağlanması və əmək bazarı, təhsil və iqtisadiyyat arasında olan əlaqənin düzgün qurulması baxımından böyük önəmi vardır: “Belə ki, məhz bacarıqlar və səriştələr növbəti illərdə iqtisadiyyatımızın dayanıqlı və rəqabətyönlü inkişafını müəyyən edən əsas məsələlərdən olmalıdır. Bu sahədə tərəfimizdən bir çox işlər həyata keçirilib”.
Təhsil naziri diqqətə çatdırıb ki, peşə təhsilinin daha da əlçatan olması, peşə təhsilinə çıxışın daha da yaxşılaşdırılması üçün hələ görüləsi çox işlər var. Nazir Azərbaycanda icbari təhsilini bitirdikdən sonra təhsillərini hələ də davam etdirməyən, yaxud XI sinifdən sonra müəyyən ixtisaslara yiyələnməyən xeyli sayda gənclərin olduğunu vurğulayıb.
“Bu mənada, peşə təhsilinin əlçatanlığının və əhatə dairəsinin artırılması böyük fürsətdir. Son illərdə bu istiqamətdə kifayət qədər böyük işlər görülüb. Hazırda peşə təhsilinə qəbul elektron formatda aparılır. Son illər ərzində peşə təhsilinə gələnlərin sayı həm kəmiyyət, həm keyfiyyət baxımından artmaqdadır. Ötən illə müqayisədə bu il peşə təhsili müəssisələrinə 27 faiz daha artıq tələbə qəbul etmişik. Düşünürəm ki, əlçatanlığın təmin olunması, müxtəlif sosial qruplardan olan, kənd və şəhər yerlərində yaşayan gənclərin peşə təhsilinə qatılması onların gələcək iqtisadi vəziyyətinin, gəlirlərinin, rifah səviyyəsinin yaxşılaşmasına müsbət təsir edən amildir”.
Nazir qeyd edib ki, peşə təhsili infrastrukturunun hər yerdə mövcud olmamasını nəzərə alaraq Azərbaycanın 35 ümumtəhsil müəssisəsinin nəzdində peşə sinifləri, peşə təmayüllü siniflərin yaradılması məsələsi üzərində iki ilə yaxındır iş aparılır: “Hər bir məktəbdə artıq 2 sinif formalaşıb, hər sinifdə orta hesabla 20-24 şagird təhsil alır. Bu layihənin ölkənin daha geniş coğrafiyasında əhatəliliyinin artırılmasını istəyirik. Yaxın gələcəkdə 50 belə məktəbin olması, yaxın illərdə isə onların sayının daha da artırılması barədə planlarımız var".
Nazir əlavə edib ki, peşə təhsili sahəsində keyfiyyətin artırılması da qarşıda duran əsas məqsəddir. Bu istiqamətdə mühüm işlərdən biri işəgötürənlərlə düzgün işin qurulması və işəgötürənlərin peşə təhsili sahəsinə cəlb edilməsidir.
Nazir qeyd edib ki, peşə təhsilinin keyfiyyətinə müsbət təsir edən amillərdən biri Azərbaycanın müxtəlif bölgələrində peşə təhsili müəssisələrinin əsaslı təmiri, infrastrukturunun yaxşılaşdırılmasıdır.
Bu istiqamətdə bölgələrdə müəyyən işlərin görüldüyünü diqqətə çatdıran Emin Əmrullayev Bakı şəhərində tam standartlara cavab verən Yeni Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin, cari tədris ilində Sumqayıt Kimya Sənaye Parkının nəzdində yeni Peşə Təhsil Mərkəzinin yaradılmasını xüsusi vurğulayıb. Bundan əlavə, Bərdə və Cəlilabad rayonlarında da peşə təhsil mərkəzlərinin tikintisinə başlanıldığını, bir sıra şəhər və rayonlarda anoloji mərkəzlərin layihələndirilməsi işlərinə başlanıldığını bildirib.
Bir sıra beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verən Emin Əmrullayev Azərbaycan təhsilində uğurlu layihələrinə görə tərəfdaş qurumlara təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, layihə yerli gənclərə dəstək olmaq məqsədi daşıyır. Azərbaycanın bir sıra şəhərlərində artıq “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi"nın icrasına başlanıldığını deyən K. Yankauskas Azərbaycan gənclərini peşə təhsillərini yaxşılaşdırmaq üçün bu layihəyə qoşulmağa çağırıb, sözügedən layihənin ölkənin daha yaxşı gələcəyi və bütövlükdə həyatı üçün önəmli olduğunu vurğulayıb.
BMT-nin Azərbaycandakı İnkişaf Proqramının daimi nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, 4 illik layihə Azərbaycanın peşə təhsil sisteminin modernləşməsinə xidmət edəcək. O, layihənin təhsil sisteminin yaxşılaşdırılmasına öz töhfələrini verəcəyini bildirib. A.Frakassetti qeyd edib ki, dəyəri 5,6 milyon avro olan layihə çərçivəsində Azərbaycan gəncləri gələcək üçün lazımi ixtisas əldə edə biləcəklər, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafındakı məqsədləri dəstəkləyəcək. Onun sözlərinə görə, Aİ və Təhsil Nazirliyi arasında birgə əməkdaşlıq çərçivəsində son bir neçə il ərzində uğurlar əldə olunub. Müəllimlər və şagirdlər lazımi biliklərə yiyələnib, zəruri avadanlıqlar alınıb, xüsusi təhsil mərkəzləri açılıb və s. Xüsusilə, Gəncədə layihə 3700-dən çox xüsusi təyinatlı avadanlıq almağa imkan verib.
Oruc MUSTAFAYEV
|
|
17.02.2021 | 10:35 | |
|
|
|