“Vətən yaxşıdır” müsabiqəsinin qalibləri müəyyənləşib | |
Bakı Ali Neft Məktəbinin (BANM) Böyük Zəfərə həsr olunmuş “Vətən yaxşıdır” adlı onlayn bədii qiraət müsabiqəsinin qalibləri bəlli olub.
ZOOM platforması üzərindən təşkil olunan müsabiqədə yarışmaçı qismində BANM-in tələbə və məzunları iştirak edib.
Ali məktəbdən bildirilib ki, 22 iştirakçı vətənpərvərlik və məhəbbət mövzusunda şeirlər ifa ediblər.
Qaliblər peşəkarlardan ibarət Münsiflər Heyəti tərəfindən müəyyən olunub.
Xalq şairi Ramiz Rövşənin sədrliyi ilə təşkil olunmuş Münsiflər Heyətində Xalq artisti Rasim Balayev, Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli və BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Kəmalə Mehdiyeva təmsil olunub.
BANM-in rektoru Elmar Qasımov bildirib ki, qiraət müsabiqəsinin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, Böyük Zəfərə xitabən qalibiyyət duyğusunun poeziya dili ilə çatdırılmasıdır.
İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Xəyal Fərzəliyev Məmməd Arazın “Məndən ötdü qardaşıma dəydi” şeiri ilə Münsiflər Heyətindən ən yüksək – 48 bal toplayaraq I yerin qalibi olub.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Səbinə Rüstəmova Cəfər Cabbarlının “Ana” şeiri ilə 47 balla II yerin yerin sahibi olub.
46 bal toplayan 4 nəfər isə III yerdə qərarlaşıb.
1-ci yer 300 manat, 2-ci yer 200 manat, 3-cü yer 100 manatla müəyyənləşib. 4-10-cu yerlərin sahiblərinə isə həvəsləndirici pul mükafatı verilib.
Müsabiqənin qalibi Xəyal Fərzəliyevə diplom və mükafatı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.
|
|
16.02.2021 | 15:15 | |
|
|
|