Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində | |
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) kampusunu ziyarət edib.
BANM-dən bildirilib ki, H.Hacıyev təhsil ocağında yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub.
Rektor Elmar Qasımov yüksək keyfiyyətli tədris üçün yaradılan şərait, innovasiyaların təhsildə tətbiqi, gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib. BANM-in tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya Mərkəzinə, müasir texnoloji kitabxanasına, çoxprofilli konfrans zallarına, neft tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.
Daha sonra H.Hacıyev BANM-in tələbə, professor-müəllim heyəti və əməkdaşlarının iştirak etdiyi görüşə qatılıb.
Prezidentin köməkçisi bildirib ki, ölkə başçısının yürütdüyü gənclər siyasətinin və təhsilə olan qayğısının nəticəsində bu gün Bakı Ali Neft Məktəbində müasir tədrisin komponentlərini özündə birləşdirən istər tədris metodologiyası baxımından, istər infrastruktur nöqteyi-nəzərindən çox mükəmməl bir ab-hava mövcuddur. O, hər zaman ali məktəbin fəaliyyətini, əsasən də tələbə qəbulu imtahanları zamanı yüksək bal toplayan abituriyentlərin BANM-i seçməsini xüsusi diqqətlə izlədiyini vurğulayıb.
“Bu gün şahidi oldum ki, burada təhsil almaq üçün bütün mükəmməl şərait yaradılıb. Bizim təhsil aldığımız dövrlə müqayisədə sizə potensialınızı tam şəkildə ifadə etmək üçün çox gözəl mühit yaradılıb. Bakı Ali Neft Məktəbində Azərbaycanın gələcək mühəndisləri, innovativ inkişafa təkan verə biləcək gəncləri görməkdən və onlar arasında gender bərabərliyinin qorunmasından əlahiddə olaraq şadam. Biz öyrəşmişdik ki, mühəndislər arasında daha çox kişiləri görək, amma bu gün qadın mühəndislərin də olması olduqca qürurvericidir. Bildiyiniz kimi, dünya elm və innovasiyalar əsasında inkişaf edir və elmdə, innovasiyada qalib olan ölkələr digər sahələrdə də qalibiyyətlərini təmin edirlər. Bu sahədə dünya ölkələrində kəskin və ciddi rəqabət müşahidə olunur. Artıq hər bir ölkənin potensialı tapılan neftin, daş kömürün həcmi ilə deyil, məhz insan resurslarının potensialı ilə ölçülür. Buna görə də hesab edirəm ki, 650-700 bal toplayaraq bu məbədə qəbul olunan tələbələr ölkəmizin innovativ inkişafını təmin edənlərdən olacaqlar. Mən istərdim ki, sizin aranızda Azərbaycanın ilk “Nobel” mükafatı laureatçıları da olsun”, – deyə H.Hacıyev tələbələrə tövsiyələrini də çatdırıb.
Tədbirin gedişatında H.Hacıyevə BANM-in “Fəxri qonağı” plaketi təqdim olunub.
Görüş müxtəlif mövzuları əhatə edən sual-cavab sessiyası ilə yekunlaşıb.
|
|
15.02.2021 | 16:52 | |
|
|
|