Təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə BMU Himayəçilər Şurasının iclası keçirilib | |
Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.
Təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə keçən iclasda şuranın üzvləri - Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Arif Həşimov, “Azərkimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə, “SAP Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov və universitetin iclasa dəvət olunan professor-müəllim heyəti iştirak edib.
İclasda öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini İdris İsayev ötən il Qarabağın düşmən tapdağından azad edildiyini və bunun bütövlükdə 200 illik tariximizin ən mühüm hadisəsi olduğunu vurğulayıb. “Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa olunub, qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə əldə edilib. Bununla da bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidenti və Ordusunun gücünün bir daha əyani şahidi olub”- deyən nazir müavini çıxışında 2020-ci ildə ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan da danışıb, ali təhsil sistemi ilə bağlı mövcud pandemiya şəraitində görülmüş işlərə, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərə toxunub.
İdris İsayev Himayəçilər Şurasının ali təhsil müəssisəsinin strateji inkişaf məsələləri üzrə fəaliyyət göstərən idarəetmə orqanı olduğunu və keçirilən iclasın gündəliyinin “Dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin Himayəçilər Şurası haqqında Əsasnamə”sinə uyğun tərtib edildiyini bildirib.
BMU-nun rektoru, professor Havar Məmmədov ötən il Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın qüdrətli Ordumuz tərəfindən işğaldan azad edildiyini vurğulayaraq, bu tarixi hadisənin önəmindən bəhs edib.
Hesabat məruzəsində universitetin fəaliyyət istiqamətlərinə toxunan rektor 2020/2021-ci tədris ilində BMU-ya tələbə qəbulu üzrə yüksək göstəricilərin qeydə alındığını diqqətə çatdırıb. Havar Məmmədov ötən il universitetə yeni və innovativ ixtisaslar üzrə tələbə qəbulunun həyata keçirildiyini, distant təhsilin əhatə dairəsinin genişləndirilməsi və təhsildə keyfiyyətin artırılması sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyətə başladığını bildirib.
Rektor BMU-da elmi araşdırmaların sayının əhəmiyyətli dərəcədə artdığını, 2020-ci ildə universitet əməkdaşlarının impakt faktorlu jurnallarda 50-dən çox məqaləsinin nəşr olunduğunu, universitetin Web of Science portalının Publons bazasında elmmetrik göstəricilərə görə Azərbaycan ali təhsil müəssisələri üzrə ikinci yerdə qərarlaşdığını vurğulayıb.
Universitetin beynəlxalq əlaqələrindən söz açan H.Məmmədov BMU-nun 6 ölkənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzaladığını söyləyib, eyni zamanda Koreyanın İnha Universiteti ilə icra edilən ikili diplom proqramından ətraflı danışıb.
Sosial və ictimai fəaliyyətlərdən söz açan rektor BMU tələbələrinin Vətən Müharibəsi dövründə erməni vəhşiliklərinin sosial şəbəkələrdə müxtəlif dillərdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak etdiklərini bildirib. Rektor həmçinin, ötən il universitetdə tələbərlə aktiv iş aparıldığını, onların narahat edən problemlərə həssaslıqla yanaşıldığını qeyd edib.
İclas universitetin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanovun Strateji İnkişaf Proqramının 2020-ci ildəki icra vəziyyəti barədə təqdimatı ilə davam edib.
Sonra BMU-nun baş mühasibi Samir Musayevin, Audit Komitəsinin üzvü Elçin Əhmədovun 2020-ci ili əhatə edən hesabatları dinlənilib.
Gündəlikdəki məsələlərlə bağlı Şuranın üzvləri çıxış edərək rəy və təkliflərini bildiriblər. Strateji İnkişaf Proqramından irəli gələn vəzifələr ətraflı şəkildə müzakirə olunub, gələcək fəaliyyətlə bağlı müvafiq vəzifələr müəyyənləşdirilib.
İclasda gündəlikdəki məsələlər səsə qoyularaq təsdiq olunub.
Sonda Himayəçilər Şurasının cari il üzrə iş planı qəbul edilib.
|
|
13.02.2021 | 13:24 | |
|
|
|