Amerikalı müəllimdən qeyri-adi addım | |
ABŞ-ın Dyumont (Nyu-Cersi ştatı) şəhərinin dövlət məktəbləri idarəsindən bildirilib ki, Jenevyeva Via Kava adlı müəllim ali təhsil almaq arzusunda olan, lakin psixofiziki inkişaf xüsusiyyətləri buna imkan verməyən uşaqlara yardım göstərilməsi üçün xeyriyyə fondunun yaradılması məqsədilə 1 milyon dollar həcmində miras qoyub.
Pedaqoq yeddi il əvvəl 89 yaşında vəfat edib, onun vəsiyyətinin məzmunu haqqında isə yalnız indi - xeyriyyə fondu yaradıldıqdan sonra məlum olub. Müəllimin qoyduğu bir milyonluq əmanətdən əldə olunan faizlər hesabına hər il ən azı bir tələbə ali məktəbdə təhsil haqqı ödənişi üçün 25 min dollar qrant alacaq. "New York Times"in məlumatına əsasən, pulun ödənməsinə 2019/2020-ci tədris ilindən başlanacaq.
1945-ci ildən başlayaraq Via Kava Nyu-Cersidə bir neçə on il ərzində inkişaf xüsusiyyətləri ilə seçilən uşaqlar üçün məktəbdə müəllimlik edib. Qadının yaxın dostlarından birinin sözlərinə görə, o, bütün həyatı boyu pul yığıb və özünə heç bir artıq xərci rəva görməyib. Bu isə ona maaşının o qədər də çox olmamasına baxmayaraq, belə böyük məbləği yığmağa kömək edib. Çox sadə həyat sürən müəllim hətta eşitmə aparatı və məzuniyyətlərdən də imtina edib.
Oruc MUSTAFAYEV |
|
12.06.2018 | 10:23 | |
|
|
|