BMU-da “Elm həftəsi”çərçivəsində növbəti tədbirlər

Bakı Mühəndislik Universitetində (BMU) “Elm həftəsi” çərçivəsində növbəti tədbirlər universitetin daha iki fakültəsində baş tutub.

 

BMU-nun mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev  fakültədə fəaliyyət göstərən kafedralar, ixtisaslar və kadr potensialı barədə ümumi məlumat verib.

 

Elmi-tədqiqat istiqamətində fəaliyyətə toxunan dekan elmi əsərlərin jurnallarda çap olunmasını əhəmiyyətli hesab edib və fakültə daxilində hər ay elmi seminarlar keçirilməsinin vacibliyini vurğulayıb.

 

H.Mirzəyev ötən il ərzində fakültə əməkdaşları tərəfindən 18 məqalə və 27 konfrans materiallarının hazırlandığını diqqətə çatdırıb. O, fakültə əməkdaşlarının həm yerli, həm də beynəlxalq konfranslarda iştirakından söz açıb. Onların sırasında Belçikanın Gent Universitetində keçirilən “Yorulma və yeyilmə nəticəsində dağılma” (FFW 2020 - The 8th International Conference on Fracture Fatugie and Wear) beynəlxalq elmi konfransı, “Mühəndislik, arxitektura və dizayn sahəsində VI beynəlxalq konfrans”, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı”, “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” adlı konfransların olduğunu vurğulayıb.

 

BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov elmi-tədqiqat işlərinin qalıcı, eyni zamanda məsuliyyətli və əhəmiyyətli olduğunu bildirib. O, fakültənin professor-müəllim heyətini aktiv tədqiqat fəaliyyəti göstərməyə səsləyib. 

 

E.Süleymanov ötən il ilk dəfə olaraq Təhsil Nazirliyinin Kibertəhlükəsizlik üzrə magistr proqramı hazırlamaq üçün elan etdiyi qrant müsabiqəsində BMU-nun mühəndislik  fakültəsinin Kompüter mühəndisliyi ixtisasının seçildiyini vurğulayıb. İnha Universiteti ilə ikili diplom proqramına toxunan prorektor bu proqrama daxil olan ixtisasların çoxunun mühəndislik fakültəsini əhatə etdiyini bildirib. Eyni zamanda İnha universiteti ilə  müəyyən ortaq tədqiqat imkanlarının əldə edilməsinin mümkünlüyünü də qeyd edib.

 

“Elm həftəsi” çərçivəsində keçirilən növbəti tədbirdə BMU-nun memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov elmi-tədqiqat işlərinin əhəmiyyətli olduğunu və bunun tədrisə böyük təsir etdiyini söyləyib. O, çıxışında mühəndislik sahəsinin əsasən praktika və tədqiqatlarla bağlı olduğunu qeyd edib.

 

Fakültənin elmi işlər üzrə dekan müavini Vüqar Muradov fakültənin kadr potensialı, tələbə sayı, tədrisi aparılan ixtisaslar və kafedraların elmi-tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verib.

 

V.Muradov ötən il ərzində fakültə əməkdaşları tərəfindən 4 dərs vəsaiti, 16 metodik vəsaitin hazırlandığını sözlərinə əlavə edib. O, fakültə üzrə 11-i respublikada, 11-i isə xaricdə olmaqla 22 məqalənin çap olunduğunu, onlardan 9-nun impakt faktorlu jurnallarda dərc edildiyini vurğulayıb.

 

Dekan müavini fakültə əməkdaşlarının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı, “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” adlı konfranslarında aktiv iştirakını diqqətə çatdırıb.

 

Tədbirlərin sonunda E.Süleymanov məqalələri nüfuzlu elmi nəşrlərdə çap olunan BMU əməkdaşlarının mükafatlandırılması, mükafatların verilməsi qaydaları və prosedurları haqqında iştirakçılara ətraflı məlumat verib. Bununla yanaşı, Web of Science və Scopus bazalarından effektiv istifadə haqqında, eləcə də fərdi tədqiqatçı profilinin açılması barədə təlim keçib.

 

 



12.02.2021 | 16:47