Yaxşı oxu, təqaüdü qazan...

Ölkə Prezidenti cənab İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” imzaladığı müvafiq sərəncamda təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub. Bu hədəfin reallaşdırılması üçün təhsil nazirinin müvafiq əmri ilə əlavə təqaüd yerlərinin sayı müəyyən edilib.

 

2020-2021-ci tədris ili üzrə dövlət büdcəsi hesabına maliyyələşən əlavə təqaüd yerlərinin sayı 20365-dir ki, əvvəlki tədris ilinə nisbətən 27.3 faiz və ya 4,365 təqaüd yeri çoxdur.  Bununla da, 2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı təhsil alan tələbələrin ümumi sayının 50 faiz nisbətinə çatdırılıb. Cari tədris ilində orta hesabla 93 min tələbə dövlət büdcəsi hesabına təqaüd alacaq.

 

Dövlət büdcəsi hesabına ayrılan əlavə təqaüd yerləri ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasının bariz nümunəsidir və təhsildə yüksək nəticələr əldə edən tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradır.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na əsasən, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.

 

Bu qərardan məmnunluq hissi keçirən tələbələr öz fikirlərini bizimlə bölüşüb.

 

Tələbələrin sosial rifah halı yaxşılaşar, təhsilin keyfiyyəti yüksələr

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin 3-cü kurs bakalavr tələbəsi Əhməd Əzimzadə bildirib ki, Azərbaycanda elmə, təhsilə göstərilən dövlət qayğısı hər zaman bir nömrəli məsələ olub. O, ali təhsildən tutmuş orta təhsil müəssisələrinə qədər təhsilin bütün pillələrində bunun açıq-aydın müşahidə edildiyini deyir:  “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı ölkə Prezidentinin müfaviq sərəncamı bu qayğının əyani təzahürüdür. Yeni tədris ilindən başlayaraq ali təhsil müəssisələrində təhsil alan tələbələrin artıq 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala biləcək. Bu qərar tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Tələbələr arasında yaxşı oxuyub təqaüdü qazanmaq uğrunda rəqabəti gücləndirəcək. Bal kriteriyalarına görə fərqlənən təqaüdü əldə etmək üçün öz üzərimizdə daha çox  çalışıb yüksək nəticələr əldə edəcəyik.  Bundan başqa, dövlət başçısı tərəfindən imzalanan bu sərəncam biz tələbələrin sosial qayğılarını da azaldacaq. Təhsil haqqı xərclərini üzərinə götürən ailəmizə yük olmayacayıq, valideynlərimizə az da olsa, kömək edəcəyik. Təqaüdlə özümüzün vacib ehtiyaclarımızı ödəyərik, asudə vaxtımızı səmərəli keçirə bilərik. Eyni zamanda özümüzü inkişaf etdirmək, dil və ya kompüter biliklərimizi artırmaq üçün xərcləyə bilərik”.

 

“Qərarın magistrlərə də şamil olunması bizi çox sevindirdi”

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs magistr tələbəsi Nəcla Süleymanlı da bu qərardan məmnun olduğunu deyir: Bu qərarın magistrlərə də şamil olunması bizi çox sevindirdi.  Bilirsiniz ki, magistratura səviyyəsində təhsil alanların tədqiqat işlərinin yerinə yetirilməsi və aparılan tədqiqatların nəticələrini nəşr etdirməsi üçün müəyyən maddi vəsaitə ehtiyacı olur. Eyni zamanda bu pillədə təhsilini davam etdirənlər artıq müəyyən yaş həddinə çatmış olurlar və əlbəttə ki, valideynlərdən asılı olmaq istəmirlər. Axı bizim başqa ehtiyaclarımızı valideynlərimiz ödəmək məcburiyyətindədir, ona görə onlara da yük olmaq istəmirik. Artıq təqaüd qazandıqdan sonra   həmin xərclərimizi özümüz qarşılayacağıq, valideynlərin də bu yükü bir qədər azalacaq. Bu gün dövrün tələbi başqadır, universitetlərdə qazandığımız biliklərlə kifayətlənməməliyik. Çünki özümüzü daha da inkişaf etdirmək üçün, müəyyən əlavə məşğuliyyətlərə ehtiyac var. Bu günün tələbəsi mükəmməl xarici dil bilgilərinə, informasiya texnologiyalarına bələd olmalı, kompüter biliklərini inkişaf etdirməlidir. Təqaüd əldə edən tələbə ilk qazancını bu tələblərə yatırır, bu ehtiyaclarını təqaüdü hesabına həll etməyə çalışır. Qoy, ən yaxşılar, ən savadlılar daha çox oxuyub, çalışıb  onu qazansın”.

 

Niyazi RƏHİMOV

 



12.02.2021 | 16:00