Müasirləşən kənd məktəbi | |
Məlum olduğu kimi, son illər ölkəmizin təhsil sistemində aparılan islahatların keyfiyyət göstəriciləri məktəblərin infrastrukturunun yaxşılaşdırılması, yeni təhsil müəssisələrinin inşası və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilməsi ilə sıx bağlıdır. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün bölgələrdə müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və yenidən qurularaq şagirdlərin istifadəsinə verilir.
Bu istiqamətdə növbəti addımlardan biri kimi fevralın 1-də Lənkəran rayonunun Gəgiran kənd tam orta məktəbinin açılışını göstərmək olar. Məktəbin açılışını edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yeni məktəb binasının tikintisinin yüksək səviyyədə həyata keçirildiyini bildirərək bunu dövlətimizin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirib.
Qeyd edək ki, məktəb rayon mərkəzindən 37 km uzaqlıqda yerləşir. Gəgiran kəndində ilk dəfə məktəb 1932-ci ildən fəaliyyətə başlayıb. 1947-ci ildən dördillik, 1962-ci ildən səkkizillik, 1976-cı ildən 10, 1992-ci ildən isə 11 illik ümumtəhsil müəssisəsi kimi fəaliyyət göstərir. Gəgiran kənd tam orta məktəbində 210 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 27 müəllim məşğul olur. Məktəbin məzunları hər il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək uğur qazanırlar. Son 4 ildə məktəbin 15 məzunu ali məktəblərə, 2 məzunu orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Son 4 ildə məktəbin qız məzunlarından 2 nəfərin ali,1 nəfərin orta ixtisas təhsili müəssisələrinə qəbul olunması da sevindirici haldır.
2016/2017-ci tədris ilində 4, 2017/2018-ci tədris ilində 4, 2018/2019-cu tədris ilində 6, 2019/2020-ci tədris ilində 1 nəfər ali məktəblərə, 2 nəfər isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Gəgiran kənd 264 şagird yerlik yeni məktəb binasının tikintisi ölkə başçısı İlham Əliyevin 22 yanvar 2018-ci il tarixli müvafiq sərəncamına əsasən qısa müddət ərzində həyata keçirilib.
“Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”
2016-cı ildən məktəbə rəhbərlik edən Ziyafəddin Cavadov yeni məktəb binası barədə məlumat verir: - Yeni məktəb binası 10 sinif otağı, fizika, kimya, biologiya laboratoriya otaqlarından, bir tibb otağı, informatika və hərbi kabinetlərindən, akt və idman zalları, yeməkxana və digər qeyri-tədris otaqlarından ibarətdir.
Yeni məktəb binasını bizə bəxş etdiyi üçün cənab Prezident İlham Əliyevə məktəb kollektivi adından öz dərin minnətdarlığımızı bildiririk. Yeni məktəb binası bizə həm böyük motivasiya verir, həm də bizim məsuliyyətimizi artırır. Yeni məktəb binasında yaradılmış maddi- texniki baza, müasir İKT vasitələri, geniş və işıqlı sinif və laboratoriya otaqları müəllimləri öz üzərində səylə çalışaraq təhsilimizə töhfə verməyə həvəsləndirir. Gənc nəslin milli ruhda böyüməsi, cəmiyyət üçün faydalı və vətənpərvər vətəndaşlar kimi yetişməsi biz müəllimlərin qarşısında duran əsas vəzifələrdən biridir. Yeni məktəb binasının həm də valideynlərin maariflənməsində böyük rolu olacaqdır. Məktəb binasında dünya standartlarına uyğun olaraq yaradılmış şərait valideynlərin öz övladlarının təhsilini daim diqqət mərkəzində saxlayacağına ümid edirik.
Əminliklə qeyd edirik ki, biz məktəb kollektivi olaraq, bundan sonra da öz üzərimizdə səylə çalışaraq, gənc nəslin milli və vətənpərvər ruhda formalaşmasında əlimizdən gələni əsirgəməyəcəyik.
“Müasir məktəb bizi daha məsuliyyətli işləməyə sövq edir”
Bəhmən Cəfərov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini: - Köhnə məktəb binamız çox qəzalı vəziyyətdə idi. Dövlətimizin təhsilə olan diqqət və qayğısı nəticəsində Gəgiran kənd tam orta məktəbi üçün müasir tələblərə cavab verən yeni məktəb binası tikilib istifadəyə verildi. Bu da, təbii ki, biz müəllimləri ruhlandırır, yeni müasir tipli sinif otaqlarında dərs vermək bizi öz üzərimizdə daha məsuliyyətli işləməyə sövq edir.
Məktəbin müəllim heyəti bundan sonra da öz üzərinə düşən məsuliyyəti dərk edərək təhsilimizin inkişafı naminə daha ciddi çalışaraq, məktəbimizdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün əlindən gələni əsirgəməyəcək.
“Fəxr edirəm ki, belə gözəl və möhtəşəm məktəbin şagirdiyəm”
Məktəbin IX sinif şagirdi Töhrə İbadzadə qeyd edir ki, belə bir müasir məktəbdə təhsil almaq hər bir şagirdin arzusudur:
- Mən xoşbəxt bir sagirdəm ki, bu arzuma çatmışam. Məktəbimiz müasir tələblərə cavab verən sinif otaqlarından, fənn laboratoriyalarından, informatika kabinetindən və digər otaqlardan ibarətdir. Biz şagirdlərin ən böyük amalı bu müasir tipli təhsil ocağının nüfuzunu daha da yüksəklərə qaldırmaqdır.
Arzum ali məktəblərə qəbul imtahanlarında iştirak edərək uğur əldə etmək və tələbə adını qazanmaqdır. Mən istəyirəm ki, gələcəkdə bir müəllim kimi gənc nəslin təlim-tərbiyəsi yönündə fəaliyyətimi öz doğma məktəbimizdə davam etdirim. Fəxr edirəm ki, belə gözəl və möhtəşəm məktəbin şagirdiyəm.
Beləliklə, görünən odur ki, Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu, onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Bu cür keyfiyyət dəyişiklikləri isə şagirdlərin təlim mühitini yaxşılaşdırır, təhsilin keyfiyyətini yüksəldir.
Oruc MUSTAFAYEV |
|
12.02.2021 | 13:19 | |
|
|
|