Qazi müəllim: “Ölsəm də qoynunda qoy ölüm ki mən...” | |
İkinci Vətən Müharibəsinin iştirakçısı Asim Mustafa oğlu Arazov.
Tanıtmaq istədiyimiz daha bir müəllim. O həm də gənc yazıçıdır.
İmişli rayonu Qızılkənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatdan dərs deyən Asim Arazov 2015-ci ildə "Tənhalıq mənim dostumdur" adlı detektiv-məhəbbət romanını yazmaqla özünə oxucu auditoriyası qazanıb.
Gənc yazarın daha sonra qələmə aldığı "Nakam" povesti, "Fəryad" pyesi, "Həyat yükü", "Şopenin melodiyası", "Çarlz Mansor", "Bağışlanmanın gücü" və s. əsərləri orijinal mövzu baxımından oxucularda böyük maraq doğurub.
Asim müəllimin yazdığı əsərlərin əksəriyyətində vətənpərvərlik mövzusu hər zaman aparıcı olub. Birinci Qarabağ Savaşında iştirak edən döyüşçülərlə daim ünsiyyətdə olan, döyüş kadrlarını dönə-dönə izləyən Asim həmişə özünü odlu-alovlu döyüşlərdə görürürdü. Albert Aqarunovun, Mübariz İbrahimovun, Fərid Əhmədovun döyüş yollarına öz kitablarında dəfələrlə yer ayırıb.
O, hər zaman deyib ki,
"Fəxr etmək çox gözəl bir hissdir. Mən Mübariz İbrahimovla bu hissi yaşamışam. Onunla fəxr edirəm, kaş onu real həyatda bircə dəfə görə biləydim, kaş onunla ünsiyyətdə olub, bircə dəfə Vətən eşqi ilə alışıb-yanan gözlərinə baxa biləydim! Bu, mənim üçün o qədər xoşbəxtlik olardı… necə fəxr etməyəsən ki, Mübariz kimi oğulların yaşadığı bir ölkədə yaşayırsan".
Tələbəlikdən səngərə
Sumqayıt Dövlət Universitetindən məzun olduğu gündən bir ay sonra hərbi xidmətə gedən Asim vəzifəsini səngərlərdə yerinə yetirib. Xidmət etdiyi post dəfələrlə ermənilərin hücumuna məruz qalsa da, düşmən zərbələrinin qarşısı həmişə qəhrəmanlıqla alınıb. Belə döyüşlərin birində o, sol əlindən yaralanıb.
"O vaxt mənim əlimə 8 tikiş atdılar, indi də əlimdəki o izlərə baxanda həmin günləri xatırlayıb Musa Yaqubun aşağıdakı misralarını deyirəm:
Bəlkə də borcundan çıxmadım Vətən, Ömür bahar deyil bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən, Çürüyüm bir ovuc torpağın artsın! Hərbi xidmətdən sonra 2018-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin davamlı təlim və təhsil fakültəsinə qəbul olub, 2019-cu ildə həmin fakültəni yüksək qiymətlərlə bitirib. Elə həmin ili Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 60 maksimum baldan 53 bal toplayaraq İmişli rayon Qızılkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.
Məktəbdən müharibəyə
2020-ci il sentyabrın 27-də müharibə başlayanda cəbhəyə yollanan minlərlə könüllülərdən biri də Asim müəllim olub. Daşkəsən, Murov istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Kəlbəcərin Zülfüqarlı kəndində maraqlı xatirələri onun üçün unudulmaz günlərə çevrilib.
"Bir gün komandirlərimin biri mənə dedi ki, sən generalları necə görmək istəyərsən? Mən onun bu sualına cavab verə bilmədiyim üçün eyni sualı özünə verdim. Komandir cavabında mənə dedi ki, elə general istəyirəm, sənin əlinin yarasına baxanda ürəyinin başı yansın! Onun bu cavabı məni düşünməyə vadar etdi. İndi isə mən bu sualın cavabını tapmışam. Mən generalları Polad Həşimov kimi görmək istəyirəm".
Müharibədə, səngərlərdə çiyin-çiyinə olduğu, Vətən üçün döyüşən silahdaşları onun gələcəkdə yazacağı əsərlərin obrazlarıdır artıq. Özü belə deyir.
Müharibədən məktəbə
"Mən indi də şagirdlərimə Vətən sevgisi haqqında danışanda onlara deyirəm ki, Vətəni hər şeyə rəğmən sevmək lazımdır. Vətəni Mübariz İbrahimovları düşünərək, İkinci Qarabağ Savaşındakı 3 minə yaxın şəhidlərimizi düşünərək sevmək lazımdır. Mənə hərdən sual verirlər ki, yaralanmısan? Deyirəm, bəli. Mənim qəlbim yaralanıb. O şəhidlərin özlərindən sonra qalan gülüşləri mənim qəlbimi yaralayır".
İmişli Rayon Təhsil Şöbəsi Asim müəllimə həm müəllimlik fəaliyyətində, həm də yaradıcılığında uğurlar arzulayır. Müharibədə könüllü iştirakı üçün, Vətənin düşmənlərdən azad edilməsində, qazanılan zəfərdə payı olduğuna görə ona təşəkkürünü bildirir.
Vilayət Əliyev, İmişli Rayon Təhsil Şöbəsi İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs |
|
11.02.2021 | 15:12 | |
|
|
|