UFAZ ailəsinə dünyaca məşhur daha bir professor qatılıb

Azərbaycan-Fransız Universiteti (UFAZ) uzun müddətdir öz tələbələrinə daha yaxşı təhsil xidməti göstərmək üçün sıralarını dünyaca məşhur professor və mütəxəssislərlə zənginləşdirməyə çalışır.

 

UFAZ-dan bildirilib ki, belə professorlardan biri də Philippe Turekdir. O, bu yaxınlarda UFAZ-ın Tədqiqat şöbəsini işə salmaq və bu şöbəyə rəhbərlik etmək üçün universitetdə baş elmi işçi kimi yeni vəzifəsinə başlayıb.

 

Professor P.Turek 2016-cı ildən bəri UFAZ ailəsinin üzvüdür. Burada müəllimlik fəaliyyəti ilə məşğul olub. Bundan əlavə, Pedaqoji Komitənin həmsədri və UFAZ-ın elmi ekspertidir.

 

1 yanvar - 31 iyul 2021-ci il tarixlərində Strasburq Universitetinin  və prezidentliyinin Araşdırma nümayəndəsi olacaq. Həm də UFAZ çərçivəsində elmi fəaliyyətlərini həyata keçirəcək.

 

Elmi fəaliyyət  çərçivəsində professorun vəzifələri bunlardan ibarət olacaq:

 

UFAZ-da çalışan magistr tələbələrin və fransız əməkdaşların tədqiqat fəaliyyətləri üçün UFAZ, Unistra və Fransa konsorsiumunun üzvləri arasında əlaqə yaradacaq.

 

Dövlət-özəl tərəfdaşlıq çərçivəsində UFAZ tədqiqat şöbəsinin tədqiqat və xidmət vahidi kimi iş şəraitini müəyyənləşdirəcək, təşkil edəcək və qiymətləndirəcək.

 

UFAZ tədqiqatlarını inkişaf etdirməyə və  magistr tələbələrə təcrübə, peşə imkanları təklif etməyə yönəlmiş əməkdaşlıq formalaşdıracaq.

 

UFAZ-ın beynəlxalq tərəfdaşlığının inkişafı və təşviqi üçün səylərini ortaya qoyacaq.

 

Qeyd edək ki, P.Turek geniş beynəlxalq təcrübəyə malikdir. 1990-cı ildə Yaponiyanın Tokio Universitetindəki Qatı Cisimlər Fizikası İnstitutunda Yaponiyanın Elmin Tanıdılması Cəmiyyətinin (JSPS) üzvü olub. 2000-ci ildə Yaponiyanın RIKEN Elmi Tədqiqat İnstitutunda professor kimi çalışıb.

 

2015-ci ildən Strasburq Universitetinin Kriyojenik təsisatının elmi direktoru vəzifəsindədir.  2017-ci ildən isə Strasburq Universitetində beynəlxalq əlaqələr üzrə vitse-prezident müavinidir, eyni zamanda xaricdə tədqiqat təlimlərinin koordinasiyasına məsuldur.



11.02.2021 | 13:21