MDU-da qış imtahan sessiyası başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla yekunlaşıb.

 

Universitetdən bildirilib ki, 2021-ci ilin 11 yanvar–6 fevral tarixlərində şifahi qaydada keçirilən onlayn imtahan sessiyasında bakalavriat səviyyəsi üzrə 135 qrupda təhsil alan 2487 tələbə 760 imtahanda iştirak edib. Mövcud reallıqların və fərdi halların həssaslıqla nəzərə alınması nəticəsində imtahanlarda tələbələrin 100 faiz iştirakına nail olunub.

 

İmtahanların nəticəsinə əsasən, tələbələrin 61,2 faizi 51-100 bal, 26,5 faizi 71-100 bal, 11,9 faizi isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 11 halda qeyri-kafi qiymətin qeydə alındığı payız semestrinin imtahan sessiyasında Apelyasiya Komissiyasına ümumilikdə 16 müraciət daxil olub.

 

Magistratura səviyyəsində isə 22 qrup üzrə, ümumilikdə 116 imtahan keçirilib və 100 faiz iştirak faktı qeydə alınıb. Magistrantların 40 faizi 71-100 bal, 54,3 faizi isə 91-100 balla qiymətləndirilib.

 

Qeyd edək ki, MDU-da 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yаrаnа biləcək nеqаtiv hаllаrı operativ surətdə aradan qaldırmaq məqsədilə universitet üzrə müvafiq əmr imzalanıb. Sözügedən əmr əsasında sessiyaya hazırlıq istiqamətində görülmüş kompleks tədbirlər və struktur bölmələr arasında aparılmış sistemli funksional bölgü sayəsində bütövlükdə imtahan prosesinin operativ və çevik şəkildə idarə olunması təmin edilib. Bununla yanaşı, imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsi üçün “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu”, “Apelyasiya Komissiyası” və tələbələrdən ibarət “Könüllülər qrupu” fəaliyyət göstərib.

 

Mövcud şəraitdə imtahan sessiyası ərzində təhsilalanların istəklərini, problem və təkliflərini dinləmək məqsədilə çevik kommunikasiya vasitələrindən biri kimi MDU rektorunun iştirakı ilə hər həftə onlayn “Açıq qapı” günləri keçirilib.

 



08.02.2021 | 13:22