Akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib | |
Fevralın 4-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına müvafiq şəhadətnamələr təqdim edilib.
Belə ki, Agentliyin təşkilatçılığı ilə təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq, hər iki ali təhsil müəssisəsinin qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirilmənin nəticəsinə əsaslanaraq, Yekun Hesabatlar hazırlanıb və bu hesabatlar təhsil nazirinin sədrliyi ilə keçirilən Akkreditasiya Şurasının iclasında müzakirə edilib. Akkreditasiya Şurasının 14 dekabr 2020-ci il tarixli müvafiq qərarı ilə sözügedən ali təhsil müəssisələri növbəti 5 il müddətinə akkreditasiya olunub.
Qeyd edək ki, akkreditasiya ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması, təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi və onun fəaliyyətinin növbəti müddətə uzadılması məqsədləri daşıyır.
|
|
05.02.2021 | 17:20 | |
|
|
|